Moskva görüşü Azərbaycanın tarixi zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu

20

Yanvarın 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi Qələbəsinin və Zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Azərbaycan Prezidenti qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi görüşdə iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu. Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yadda qaldı.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Moskva görüşünün nəticələri fonunda Azərbaycanın Qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki “beşinci kolon”un təmsilçiləri olan AXCP, antimilli şura və başqalarının fiaskosunun da müşahidə edildiyini bildirən Sədaqət Vəliyeva qeyd edib: “Belə ki, ilk olaraq noyabrın 10-da Ermənistanın kapitulyasiyası haqqında sənədi ictimai qaydada imzalamağa cürəti çatmayan Paşinyan bu dəfə reallıqdan qaça bilmədi. İkincisi, Moskva bəyanatında dəfələrlə qeyd edilir ki, bundan sonra da atılacaq addımlar məhz 10 noyabr bəyanatına əsaslanır. Yəni, Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək. Üçüncüsü, 10 noyabr bəyanatında olduğu kimi, Moskva bəyanatında da Ermənistanın heç bir tələbi nəzərə alınmadı, hətta ermənilərin, AXCP və antimilli şuranın tez-tez səsləndirdikləri “status” məsələsi də öz əksini tapmadı, o barədə ümumiyyətlə danışılmadı. Məhz bu səbəbdən Paşinyan acizanə şəkildə mətbuat konfransında bu barədə sərsəmləsə də, ona reaksiya verilmədi. Belə təxmin edilir ki, Paşinyanın bu barədə fikirləri, sadəcə, Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmışdı. Dördüncüsü, Moskva bəyanatının imzalanması Prezident İlham Əliyevin 10 noyabr bəyanatından sonra dəfələrlə səsləndirdiyi təkliflərinin nəzərə alınması, hətta reallaşdırılması oldu. Bu da əlbəttə ki, regional inkişaf və təhlükəsizlik üçün nəqliyyat və kommunikasiya infrastrukturunun qurulmasıdır. Heç şübhəsiz, bundan sonra region dövlətlərinin hər biri nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaq. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Beşincisi, Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq. Yəni, ermənilərin də, AXCP, antimilli şura kimi marginal qrupların da hər hansısa “anklav qeybətləri”nə şərait yaradılmadı. Bundan başqa, Moskva görüşünün nəticəsi olaraq hər kəs Prezident İlham Əliyevin qətiyyətini, dövlətin və xalqın milli maraqlarına sadiqliyini gördü. Məhz Paşinyanın mətbuat konfransında “əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bilmədik” etirafı bir daha Azərbaycanın diplomatik uğurunu və gücünü sübut etdi. Çünki Prezident İlham Əliyev dəfələrlə sual edib ki, müharibə noyabr ayının 10-da qurtarıbsa, Bəyanat imzalanıbsa, o zaman noyabrın 26-dan sonra bir qrup erməni diversantı Ermənistanın Şirak vilayətindən Xocavənd rayonuna kim göndərmişdi? Ya Ermənistan rəhbərliyi hələ də “dəmir yumruq”dan doymayıb, ya da, sadəcə olaraq, silahlı qruplaşmalara nəzarət edə bilmir. Ona görə də əsir götürülmüş 60-dan çox erməni terrorçusu hüquqi qaydada cəzalandırılacaq. Bununla da hər kəs bir daha bu məsələdə də Prezident İlham Əliyevin qətiyyətini görmüş oldu”.

“Beləliklə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldısa, Ermənistan üçün yeni fiasko mərhələsi oldu”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Paşinyan Ermənistanın daxili auditoriyasına hesablanmış iki məsələnin qaldırılmasına nail olmağa çalışsa da, cəhdləri iflasa uğradı. Bunlardan birincisi, status məsələsi, ikincisi əsir götürülmüş erməni terrorçularının geri qaytarılması idi. Bundan sonra Ermənistan təxribata əl atmaq əvəzinə, sülhün qorunmasına çalışmalıdır. Ermənistan 10 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməməlidir. Gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapmalıdır.

Şərh yaz