Şuşa döyüşlərində yaralanan qaziyə evində yeni şəxsiyyət vəsiqəsi təqdim olunub

19

Xaçmazda Vətən müharibəsi qazisinə evində yeni şəxsiyyət vəsiqəsi təqdim olunub.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan Vətən müharibəsi qazilərini mütəmadi olaraq ziyarət edir, onların qayğısına qalır, problemləri ilə maraqlanırlar.

Şöbə əməkdaşları rayonun Xaspoladoba kəndində yaşayan qazi Sənan Əhmədovla görüş zamanı onun torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan zaman müvafiq sənədlərini, eləcə də şəxsiyyət vəsiqəsini itirdiyini öyrəniblər. S.Əhmədovun ev şəraitində müalicə olunduğu nəzərə alınaraq, RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları bütün lazımi tədbirləri onun yaşadığı ünvanda yerinə yetirib, ilkin sənədləri toplayıblar. Bir gün sonra isə Xaçmaz RPŞ-nin rəis müavini Vüqar Orucov və bölmə rəisi Elçin Əliyev qazi Sənan Əhmədovu yenidən ziyarət edərək, ona yeni şəxsiyyət vəsiqəsini təqdim ediblər.

Sənan Əhmədov ona göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirib.

1997-ci il təvəllüdlü Sənan Əhmədov 2018-ci ilin fevral ayından Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edir. Döyüşlər başlayan ilk günlərdən kəşfiyyatçı kimi bir sıra ağır döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. Noyabrın 7-də isə gecə saatlarında Şuşa şəhərinin azad olunması uğrunda aparılan döyüşlərdə yaralanıb.

Sənan Əhmədov dövlət rəhbərimizin sərəncamları ilə “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh yaz