Ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

4

Ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 8 nəfər isə vətəndaşlığa bərpa olunub. Yeni il bayramı ərəfəsində müraciətlər əsasında 3 şəhid anasına Azərbaycan vətəndaşlığı verilib.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair yanvarın 14-də keçirdiyi onlayn mətbuat konfransında deyib.
DMX rəisi vurğulayıb ki, ötən il Azərbaycana gələn əcnəbilərin sayında dörd dəfə azalma müşahidə olunub. 2019-cu ildə ölkəyə 3 milyon 170 min 321 nəfər gəlib. Keçən il isə bu rəqəm 795 min 761 olub. Ötən il ölkəyə gələn əcnəbilərin 22 min 515 nəfəri Rusiya, 184 min 253 nəfəri Gürcüstan, 160 min 513 nəfəri Türkiyə, 72 min 796 nəfəri İran, 16 min 954 nəfəri Ukrayna, 136 min 30 nəfəri digər ölkələrin nümayəndələri olub.
Vüsal Hüseynov qeyd edib ki, hazırda ölkəmizdə 118 min 409 əcnəbi yaşayır. Onların 44 min 805 nəfəri Rusiya, 38 min 698 nəfəri Gürcüstan, 11 min 293 nəfəri Türkiyə, 4145 nəfəri Ukrayna, 2662 nəfəri İran, 16 min 806 nəfəri isə digər ölkələrin nümayəndəsidir.
Xidmət rəisi, həmçinin bildirib ki, 2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il isə 145 olub. Bu göstərici üzrə azalma 68 faiz təşkil edib.

Şərh yaz