Astaralı gənclər Vətən müharibəsinin iştirakçısını coşqu ilə qarşılayıblar

25

Vətən müharibəsində xalqımıza zəfər sevincini yaşadan hərbi qulluqçular evlərinə qayıdırlar.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsi başlanan ilk gündən könüllü olaraq cəbhəyə yollanan Astara şəhər sakini, futbolçu Əli Məzahirlini rayonun gəncləri böyük coşqu ilə qarşılayıblar.
Məzahirli Əli Vüqar oğlu 1999-cu ildə Astara şəhərində anadan olub. Şəhər 2 nömrəli tam orta məktəbin altıncı sinfini bitirdikdən sonra Qəbələ Futbol Akademiyasında təhsilini davam etdirib. Burada oxuduğu müddətdə müxtəlif beynəlxalq yarışlarda iştirak edib.
O, hərbi xidmətini başa vurduqdan sonra 2019-cu ildə Astara Pedaqoji Kollecin aqronomluq fakültəsinə daxil olub.
Vətən müharibəsi başlananda Əli dostları ilə birlikdə cəbhəyə yollanır.
Atası Vüqar Abbasov deyir ki, oğlu müharibənin ilk günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə yollanaraq cəbhəyə getmək istədiyini bildirib: “Əlinin müharibəyə getməsi iki saatın arasında baş verdi. Bizə dedi ki, dostlarım müharibəyə gedir, mən də gedirəm. Lazım olan əşyaları çantasına yığıb getdi…”.
Cəbhədən bizimlə telefonla danışanda deyirdi ki, ordumuzun qələbəsi üçün dua edin. “Allaha şükürlər olsun ki, dualarımız qəbul edildi. Vətən müharibəsi qələbəmizlə başa çatdı. Oğlumla fəxr edirəm, Vətən, el qarşısında üzümüzü ağ etdi”, – deyə o bildirib.
Vətən müharibəsindən qayıdan oğlunu sevinc göz yaşları ilə qarşılayan Əlinin anası Rəna Abbasova sevincini bizimlə də bölüşdü: “Əli ailəmizin yeganə oğlan övladıdır, iki bacının bir qardaşıdır. O, bizə həmişə başıucalığı gətirib. Futbola böyük marağı var. Orta məktəbdə oxuduğu illərdən taleyini futbola bağlayıb. Qəbələ Futbol Akademiyasında oxuduğu illərdə həmişə “Təşəkkürnamə”lər alırdı. Ana kimi çox qürurluyam, dünyanın ən xoşbəxt anasıyam. Övladım Vətən uğrunda döyüşüb, evə sağ-salamat qayıdıb. Böyük Allahımıza şükürlər olsun…”.
Əli Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Ağdamın Yusifbəyli kəndində qurulmuş postda ermənilərin həmlələrini silah yoldaşları ilə birgə dəf ediblər, düşmən isə geri çəkilməyə məcbur olub. O, müharibənin od-alovundan qəhrəmanlıqla çıxaraq qalib əsgər kimi geri qayıdıb.
Bu gün bütün əsgər ailələri kimi, Abbasovlar ailəsi də böyük Qələbənin sevincini yaşayırlar. Bu Qələbənin qazanılmasında isə Əli kimi igidlərə borculuyuq.

Şərh yaz