İndoneziyada təbii fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb

8

Ötən həftə İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi (BNPB) məlumat yayıb. Bildirilir ki, Qərbi Sulavesidə baş vermiş 6,2 və 5,9 baş gücündə zəlzələnin qurbanlarının sayı 81 nəfərdir. Yanvarın 14-də Cənubi Kalimantan əyalətində yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar isə 15 nəfərin həyatına son qoyub. Bu əyalətdən təqribən 70 min nəfər təxliyə olunub.
Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib. Bunun ardınca ərazidə daha 28 afterşokun qeydə alındığı bildirilir. Yeraltı təkanlar nəticəsində mindən artıq ev dağılıb.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
Təbii fəlakətlərin qurbanlarının ailə üzvlərinə başsağlığı verən Prezident Coko Vidodo yerli hakimiyyət orqanlarına zəlzələnin və daşqınların nəticələrinin aradan qaldırılması üçün operativ fəaliyyət göstərmələri barədə tapşırıq verib.

Şərh yaz