İtaliyada Baş nazir parlamentdə etimad votumunu qazanıb

4

İtaliyada Baş nazir Cüzeppe Konte Parlamentdə keçirilən birinci etimad votumunu qazanıb.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Parlamentin Aşağı Palatasında keçirilən səsvermədə 321 deputat bitərəf siyasətçini dəstəkləyib, 259 deputat əleyhinə səs verib, 27 deputat isə bitərəf qalıb. Parlamentdə ilk etimad votumunu öz xeyrinə həll edən C.Konte bu gün Senat qarşısına çıxacaq və hazırkı hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün senatorların etimadını qazanmağa çalışacaqdır. Koalisiyalı hökumətdə təmsil olunan “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) Aşağı Palata ilə müqayisədə Senatdakı təmsilçilərinin sayı daha azdır və Senatdakı çıxış və müzakirələrin gərgin keçəcəyi gözlənilir.
Aşağı Palatadakı çıxışında C.Konte avropayönümlü deputatları onun hökumətinin siyasi kursunu dəstəkləməyə çağırıb. Baş nazir bildirib ki, pandemiyanın hazırkı gərgin mərhələsində İtaliyada hökumət böhranına yer yoxdur.
Liberal və mərkəzçi qüvvələrin dəstəyini qazanmaq üçün C.Konte öz çıxışında kabinetin tərkibində dəyişiklik aparılacağını və həmçinin hökumətin fəaliyyət planını yeniləyəcəyini vəd edib. Bildirilib ki, hökumətin əsas hədəfi ölkəni modernləşdirmək və durğunluq keçirən iqtisadiyyatın qısa zamanda dirçəldilməsi üçün tədbirlər planı həyata keçirməkdir.
C.Konte hökumət böhranına səbəb olan və ”Viva İtalia” partiyasına rəhbərlik edən Matteo Renzi ilə yeni alyansın qurulacağına dair bütün ehtimal və iddiaları rədd edib.

Şərh yaz