Qazaxıstanda kütləvi peyvəndləmə fevralın 1-də başlanılacaq

3

Qazaxıstanda koronavirusa yoluxmanın pik həddi mart ayında gözlənilir. Proqnozlara görə mart ayında yoluxma sayı gündəlik 3 minə qədər arta bilər.
Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy bildirib.
Nazir Rusiyanın “Sputnik V” peyvəndinin ölkədə kütləvi vurulmasına fevralın 1-dən başlanılacağını açıqlayıb.
Qazaxıstana “Sputnik V” peyvəndinin idxalına yanvarın 20-də icazə veriləcək. Koronavirus infeksiyasına qarşı peyvəndin mərhələli şəkildə həyata keçiriləcəyi proqnozlaşdırılır.
Birinci mərhələdə bu il fevralın 1-də tibb müəssisələrinin işçilərinin, ikinci mərhələdə mart ayında – ali, orta təhsil müəssisələrinin müəllimləri, üçüncü mərhələdə isə aprel ayında internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri müəllimləri, tələbələr, xroniki xəstəlikləri olan insanlara peyvənd vurulacaq.
Qeyd edək ki, Qazaxıstanda COVID-19 infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Son sutka ərzində 999 yeni yoluxma qeydə alınıb, ümumilikdə yoluxanların sayı 170 min 98-ə çatıb.

Şərh yaz