“Çox sevincliyəm oğlum, daha sənin üçün göz yaşı tökməyəcəm gözün aydın olsun” – Ana şəhid oğlunun məzarı üstündə

28
İbrahimov Camal Yaqub oğlu 1967-ci il 1 noyabr tarixində Ağcabədi rayonunda anadan olub. Kənd Təsərrüfatı Akademiyasını bitirən Camal rayonda fəaliyyət göstərən kolxozlardan birində briqadir kimi işləyib. 1992-ci ildə özünümüdafiə batalyonu yarananda könüllü olaraq ordu sıralarına yazılıb. Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqusta ayında Xocavəndin Əmiralılar kəndində şəhid olub. Camal İbrahimovun anası oğlunun məzarını ziyarət edərkən “Gözün aydın olsun oğul, sənə görə bir daha ağlamayacam” deyib.

 

Herbiand.az saytı Ordu.az-a istinadla xəbər verir ki, bu yazıda Camal İbrahimovun döyüş yolunu təqdim edəcək.

1992-ci ildən həmin günə kimi hər gün Şəhidlər Xiyabanına gedən görüblər Sədiqə ananı. Nə qışın sərt soyuğu, nə qarlı-boranlı günlər, nə də aranın qızmar istisi onu oğlu Camalın məzarlını ziyarət etməyə mane olmayıb. Sədiqə İbrahimova Ağcabədi şəhərində yaşayır. Onunla görüşümüz də ölkə başçısı tərəfində şəhid ailələri üçün verilən evində oldu. Gələcəyimizi öncədən bildiyi üçün elə bizə qapını da özü açdı.

“Xoş gəlmisiniz ay oğul. Bu vaxta kimi çox az adam məni bir şəhid anası olaraq yoxlayıb. Eşidəndə ki, siz gəlirsiniz, çox sevindim. Bu gündə də sevinməyib nə edəcəm ki, a başına dönüm. Hamımızın qüruru, qeyrəti, bu saat ən uca zirvələrdədir”, – deyə Sədiqə İbrahimova dedi.

Uzun illərdir oğlunun məzarını ziyarətə gedərkə göz yaşları axıdan Sədiqə xala deyir ki, zəfər bayramı onun üçün, ömrü boyu qazandıqları içərisində ən dəyərli hədiyyə olub.

– Bu yaşa qədər gəlmişəm hələ indiyə kimi ruhuma hopan belə sevinc yaşamamışdım. Gecəydi, səs oyandım, uşaqlar dedilər ki, artıq müharibənin dayanmasına razılıq verilib. Düzü, bunu eşidəndə heç rahat olmadım, elə bildim ki, ziyanımıza nəsə edilib. Televizoru açıb baxdım. Düşündüyümün tam əksi olaraq bir mənzərə gördüm. Ölkə başçısının qulağımda səslənən ilk sözləri bu oldu: “Nə oldu Paşinyan, bəs bilmirdin ki, sən diz çöküb o sənədi imzalayacaqsan?”. Oğlum, inanınkı o anda necə qışqırmışam sevincimdən?! Gecənin o vaxtında dedim, yəqin qonşular narazılıq edər. Amma, sən demə, elə o sevinci hamı yaşayırmış.

– Sədiqə ana, oğlunuz Camalın müharibədə bir neçə düşmən texnikası vurmasınıda eşitmişik. O zamanda belə sevinmədinizmi?

– Bax, bu yerdə oğlumdan üzr istəyirəm. O mənim balamdır, təbii ki, düşmən qarşısında olan mərdliyilə bir ana kimi sevinməyə bilmərəm. Amma, bu sevinc o sevincdən deyil. Onun igidliyi mənim şəxsi sevincim, bu sevincim isə xalqımın qazandığı zəfər sevincidir. Mən o günü səhər tezdən oğlumun və onunla bərabər Şəhidlər Xiyabanında uyuyan balalarımı ziyarətə getdim.

– Bu ziyarətiniz əvvəlki ziyarətlərdən seçilirdi…

– Əlbəttə ki, ay bala. Mən həmişə Şəhidlər Xiyabanına gedəndə heç vaxt birbaşa Camalın məzarını ziyarətə getməmişəm. Orada olan şəhid balalarımın hamısının məzarı qarşısında dayanıb, baş əyib, sonda Camalımı ziyarət edirəm. Onlar hamısı bu Vətən yolunda gedib. Təkcə xalq, dövlət, torpaq üçün, canlarını fəda ediblər. Mən onları seçə bilmərəm. Həmişə ziyarətim bu cür olub. ürəyimidə olan övlad nisgilini göz yaşlarımla ovutmuşam. Amma bu dəfə ağlamadım, tam əksinə güldüm, sevindim,

– Yəni Şəhidlər Xiyabanında ağlamadınız?

– Bəli, ağlamadım, bu gündən sonra qalan ömrümüdə ağlamayacam, bilirsinizmi niyə? O balalar illərdir xalqımızın qeyrətini tapdalamağa, tarixini yox etməyə çalışan düşməni diz çökdürmüşdülər. O cür oğulların anası ağlamaz. Oğlu düşmən qarşısında dik durub, yağını məhv edən Azərbaycan xalqının anası başını dik tutmalıdır. Düzdür, övlad itkisi acıdır, barışa bilmirsən. Amma artıq düşmən də qarşında diz çökürsə, bu o oğulların hesabınadır. Mən elə fikirləşirəm ki, mənim bu gündən belə, bu qələbədən sonra ağlamağım oğlumun ruhunu narahat edər.

Bizimlə söhbətləşdikcə arada oğlunun şəkilinə baxır. Sanki, dediyi sözləri oğlununda təsdiqləməsini istəyirdi Sədiqə ana. Deyir ki, bu vaxta qədər övladımın yoxluğundan çox onun mənə verdiyi sözü yerinə yetirə bilməməsi ona çox ağır gəlir.

– Nə söz vermişdi sizə?

– Camal hər döyüşdən gələnə mən Xocavənddən danışardı. Orda olan dağlardan, təbiətin göz oxşayan mənzərəsindən söz açardı. Bir gün gələndə armud gətirmişdi. Dedim, a bala, həyətdə var, buna neynirdin pul verib. Gülüb, məni qucaqladı, dedi ki, ana, bu, o meyvələrdən deyil. Bunu Əmralılardan yığmışam. Bu meyvədə Qarabağın gözəl təbiətinin ətri var. Doğrudan da dediyi kimi vardı. Mənə söz verdi ki, ana, səni aparacam ora. Amma o, şəhid oldu. Bu arzusunu rallaşdıra bilmədi. Çox şükürlər olsun bu günə ki, torpaqlarımız alındı. İndi mən oğlumun dediyi o yerlərə getmək istəyirəm.

– İndi də hər gün ziyarətə gedirsiniz?

– Gedirəm amma, ağlamıram. Zəfər günü tezdən ziyarətə getdim. Bu mənim üçün adi bir ziyarət deyildi. Çünki oğluma müjdə verməyə gedirdim. Gedib oğluma gözaydınlığı verdim. Onun məzarı üstündə durub dedim ki, oğlum, gözünüz aydın olsun. O müqəddəs yolda atdığınız addım, çox şükür ki, sizin arzu etdiyiniz kimi oldu. Artıq qələbə bizimdir. İnanın daha mən oğlum Camal üçün ağlamayacam. Yenə də deyirəm qalib igidin anası ağlamaz.

Söhbətimiz ərəfəsində Sədiqə ana onuda bildirdi ki, müharibə başlayandan zəfər günüə kimi gününün çoxunu binanın qarşısında oturub gələn atış səslərini eşitdikcə, əsgələrimiz üçün dualar oxuyub. Deyir ki, hər gələn yaxınlarından, halını soruşmaq üçün zəng edən hər kəsdən “Qarabağ alındı” kəlməsini eşitməyi gözləyib. Sədiqə ana onuda deyir ki, indi tək oğlu deyil, Camal və onun kimi minlərlə şəhidimizin nigaran ruhları rahatdır: “Qisas qiyamətə, tökülən qanlar yerdə qalmayıb”.

Şərh yaz