Vaqif Arzumanlı: “Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın”

17

Hər bir kəsə məlumdur ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması çox önəmli şərtdir. Ona görə ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Lap qədim zamanlardan hər bir xalq parlaq gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin düzgün yetişdirilməsi isə hər bir ölkə üçün ən önəmli məsələlərdəndir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən və yaşlı nəslin davamçılarından hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. İllər keçdikcə nəsillər dəyişir, ölkələr daha da inkişaf edir. Amma tarixi kökə bağlılıq dəyişməz olaraq qalır. Çünki ənənələrimiz, milli dəyərlərimiz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox önəmli rol oynayır.

Azərbaycanın inkişafında gənclərimizin rolu böyükdür. Ona görə də bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkəmizin siyasətində xüsusi yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğrulda bilirlər. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hislərinin inkişafı hər zaman diqqət mərkəzindədir.

Milli mənlik şüuru nədir və necə formalaşır? – Milli mənlik şüuru milli varlığı səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. İnsan dünyaya gəldiyi zaman öncə mənlik şüuru formalaşır. Daha sonra milli mənlik şüuru öz təzahürünü tapır və bu prosesdə dünyaya göz açan körpənin həyatında, ətrafında olan hər kəs böyük rol oynayır. Yəni milli şüurun daşıyıcıları təkcə elm adamları deyil. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır.

İnsanın öz “mən”ini kəşf etməsi şəxsiyyətin uzun­müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz “mən”ini  kəşf etməsi   sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir.

Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində də hər zaman gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə belə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır.

Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir.

Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hislərdən uzaq olurlar.

Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə – ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Elə məhz bu inama görə biz ikinci Qarabağ müharibəsində qalib xalq kimi tarixə düşdük.

Aytən NAZİMQIZI

Şərh yaz