Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir

21

Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Milli mənlik şüurunun və vətənpərvərlik hislərinin tərbiyəsi hər bir cəmiyyət üçün önəmli məsələlərdəndir.  Ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə Pərviz Aslanov fikirlərini “Hərbi And” oxucuları ilə bölüşəcək.

 

Zəhmət olmasa, oxucularımız üçün özünüzü təqdim edin.

Mən 7 avqust 1975-ci ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olmuşam. Orta məktəbi həmin kənddə bitirmişəm. Daha sonra, məcburi köçkün olaraq Bakı şəhərinə köçmüşük. Araya köçkünçülük düşdüyünə görə mənim ali məktəbə qəbul olma prosesim uzansa da, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və münasibətlər fakültəsinə beynəlxalq jurnalistika ixtisası üzrə daxil oldum. Həmin zamanlarda ümummilli lider Heydər Əliyev zabit kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə universitetin hərbi kafedrasının bərpasına göstəriş verdi. Biz də ikinci kursdan həmin kafedrada dərslərə başladıq. Düzdür, mən uşaqlıqdan bəri bronxial astmadan əziyyət çəkdiyim üçün hərbidən və idmandan azad idim. Ancaq zabit olmaq həvəsi məni vadar etdi ki, zabit olmaq yolunda irəliləyim. Daha sonra imtahan verdim və 1998-ci ildə leytenant rütbəsi ilə hərbi kafedranı bitirdim. 1999-cu ildə isə universiteti bitirdim.

Jurnalistika fəaliyyətinə nə zaman başladınız?

Jurnalistika fəaliyyətimə 1996-cı ildə “Ədalət” qəzetində başlamışam. Sonra müxtəlif qəzetlərdə – “Azərbaycan Gənləri”, “525-ci qəzet” və s. işləmişəm. 2000-ci ildə isə Dövlət Gömrük Komitəsinin mətbuat orqanı olan “Gömrük Xəbərləri” qəzetində jurnalist olaraq fəaliyyətə başladım. Qısa müddət ərzində həmin qəzetin parlament müxbiri oldum.

Hərbi xidmətdə olduğunuz zamanlardan danışarsız, zəhmət olmasa.

Zabitləri hərbi xidmətə təcili çağırmırdılar, amma mən xahiş etdim ki, vaxt ikən çağırsınlar. Elə parlament müxbiri olduğum zamanlarda müraciət etdim, məni xidmətə çağırdılar. “N” hərbi hissəsində taqım komandiri kimi hərbi xidmətdə oldum. Daha sonra baş leytenant rütbəsi ilə ehtiyyata buraxıldım və ‘ehtiyyatda olan zabit’ hərbi bileti verildi. Hərbi xidməti bitirdikdən sonra isə yenidən “Gömrük Xəbərləri” qəzetində fəaliyyətimi davam etdirdim. 2005-ci ildən isə “İctimai Televiziya”da fəaliyyətə başladım. Daha sonra isə 3 il “Salam, Əsgər” hərbi verilişində aparıcı işlədim. Nəhayət, son olaraq “Lider Televiziyası”nda işləməyə başladım, hazırda da orda fəaliyyət göstərirəm. Mənim ümumi iş fəaliyyətimi nəzərdən keçirsək, hərbiyə bağlılığı aşkarca sezmək olar. Hərbi vətənpərvərlik mövzularına xüsusi önəm vermişəm.

2020-ci ildə baş verən, 44 gün davam edən İkinci Qarabağ müharibəsi və zəfərimiz haqqında nə deyə bilərsiz?

Torpaqlarımızın azad edilməsi uğrunda, düşmən təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun başladığı əsk-hücum əməliyyatına çox sevinərək qoşuldum. Könüllülük müraciətim əsasında sentyabrın 29-da zəng elədilər və mən həmin gün Ağdam Səfərbərlik idarəsinə getdim, oradan da bizi birbaşa “N” hərbi hissəsinə yola saldılar. Artıq oktyabrın 5-dən aktiv döyüş əməliyyatlarında iştirak etməyə başladıq. Döyüş yolumuz Füzulidən başlayıb, daha sonra, Hadrut, Cəbrayıl, Qubadlıda olmuşuq, sonra isə Şuşaya doğru irəlilədik. Çox gözəl hislər idi, qürurluyduq. Düşmən yolumuzu kəsməsin deyə hava ancaq qaranlıq olanda hərəkət edirdik, amma buna baxmayaraq Azərbaycan Ordusunun qətiyyəti və döyüş bacarığı öz sözünü dedi. Ermənilər üzbəüz gəlməyə risk etmirdilər, ancaq qaçırdılar.

Şuşa əməliyyatı haqqında nə deyə bilərsiniz?

Şuşa əməliyyatı ona görə daha çox danışılır ki, Şuşa şəhəri həm maddi və mənəvi irsimiz kimi qeyd olunur, baş tacımız hesab olunur, həm də Şuşa əməliyyatı müasir XXI əsr müharibəsində insan resursunun yenə də həlledici rol oynadığını göstərdi. Mən Şuşada döyüşmüş biri kimi deyirəm, orada ağır texnikadan və hava hücumu vasitələrindən istifadə olunmadı. Yalnız və yalnız canlı qüvvə hesabına və yüngül silahlar hesabına Şuşa bir günün içində düşməndən azad edildi. Yəni onların nümayiş etdirdikləri hər şey sadəcə göstəriş idi. Döyüş zamanında da bu bəlli oldu.

Azərbaycan Ordusunun gücü və əzmi böyük rol oynadı…

Mən döyüşlərdə onun şahidi oldum ki, həqiqətən də, ordumuzun Ali Baş Komandana və ictimai fikrə inamı çox böyük rol oynadı. Qələbənin əsas səbəbi ilk növbədə vahid komandanlıq və ordunun Ali Baş Komandanımız, Prezident İlham Əliyevə inamı, həmçinin ictimai dəstəyi hiss etmələri xüsusi rol oynadı. Bunu qətiyyən pafosla deyil, tam səmimi hislərlə qeyd etmək istəyirəm. Onlar daima düşünürdülər ki, xalqımız bizdən qələbə gözləyir. Mən orda bir şeyin də şahidi oldum ki, təkcə yaşlılar deyil, orada döyüşən azyazşlı gənclərimiz də, ən az Şuşanı tanıyanlar qədər çox can atırdılar Şuşaya və digər torpaqlara çatmağa. Onların hər birinə bir dastan yazmaq olar bu döyüş əzmləri üçün. Onlar artıq vətəni müdafiə etdiklərini dərk etmişdilər. Bu sevgi daxildən gəlirdi…

Gənclərimizdə milli mənlik şüurunun inkişafı sizi qane edirmi?

Bəli, bu gün məhz qələbə qazanmış Azərbaycan gəncliyinin milli mənlik şüurunun inkişafı, əlbəttə, məni qane edir. Gənclərimizdə kifayət qədər yüksək əhval-ruhiyyə, vətənpərvərlik hisləri var. Bu, dövlətin və xalqımızın gəncləri düzgün tərbiyə etməsindən irəli gəlir. Nəzəriyyə və danışıqlarla yazaraq təbliğ etdiyimiz vətənpərvərlik hisləri sayəsində düşmənlə döyüş şəraitində zəfər qazanaraq nail olduq.

Ailənin və təhsilin bu təbliğatdakı rolu və yeri…

Uşaqlarda və yeniyetmələrdə vətənpərvərlik hislərinin formalaşmasında bilavasitə valideynlər və təhsil işçiləri böyük rol oynayır. Mənim fikrimcə, bu hisləri formalaşdırmaq üçün bayram əhval-ruhiyyəsi, qalibiyyət -əhval-ruhiyyəsini aşılamaq lazımdır. Vətənpərvərlik hissini təbliğ etmək üçün vətənin nəyə qadir olduğunu göstərmək lazımdır. Düzdür, tariximizi və qan yaddaşımızı unutmaq olmaz. Onlar mütəmadi olaraq yada salınmalıdır. Amma vətəni gənclərə daha çox qələbə hisləri ilə tanıtmaq və göstərmək lazımdır. Həmçinin bayrağımıza, himnimizə, gerbimizə hörmət hissini qabartmaq lazımdır. İndiyə qədər də bu səpkidə təbliğat işləri aparılırdı, amma indi qalib bir dövlət olaraq bayrağımızın qaldırııması gənclərimiz üçün daha çox ruh yüksəkliyi oldu. Vətənpərvərlik hissi budur, məncə. Vətən üçün əziyyət çəkmək lazımdır ki, onun dəyərini biləsən. Hansı sahədə olursa olsun, vətən üçün az da olsa əlindən gələni edən adam, heç nə etməyən insandan daha çox sevir vətənini.

Bəs bu istiqamətdə daha hansı addımları atmaq olar?

Bildiyimiz kimi, hazırda kütləvi informasiya vasitələri məfhumu daha da genişlənib, artıq sosial şəbəkələr sferasına keçib. Burada yalnız televiziya və mətbuat orqanlarında gedən təbliğatdan söhbət getmir, eyni zamanda sosial şəbəkələrdə müstəqil təbliğat vasitələri də keçərlidir və xüsusi rol oynayır. Burada hər kəsin fərdi yanaşması da keçərlidir. Ona görə də şüurları yaxşı mənada yönəltmək vacibdir. Bunun üçün də hər kəs çalışmalıdır. Qalibiyyətimizi sərgiyələyərək gənclərdə bu hisləri daha çox formalaşdırmaq lazımdır.

Zaman ayırdığınız üçün minnətdarıq.

Siz sağ olun.

Aytən NAZİMQIZI

Şərh yaz