Sizcə, elm-texnikanın inkişafı bizi hissizləşdirirmi?

49

Bu aralar gələcəklə bağlı izlədiklərimdə, oxuduqlarımda diqqətimi çəkən tək bir məqam var. Robotlaşırıq, hissizləşirik, insani duyğuları unudur və danışa bilmirik. Acıları, problemlərimizi bölüşə bilmirik. Yaxın bildiyiniz insanlarla rahat- rahat “görəsən, bezmədi, sıxılmadı?” demədən hər məsələni paylaşa bilirsiz? Yoxsa, siz də heç kimlə heç nə bölüşmədən ürəyinizdə saxlayırsız hər şeyi?!
Bəzən ailə üzvlərimiz hər şeyə çox aqressiv, əsəbi, kədərli reaksiya verirlər. Kiməsə, nəyəsə olan əsəbini sanki bizdən çıxırlar. Lakin heç də elə deyil. Ən son nə zaman valideyniniz, həyat yoldaşınız və ya bacı-qardaşınızın dərdinə qulaq asmısınız? Ən son nə vaxt onların birindən günün necə keçdiyini, niyə əsəbi olduğunu soruşmusunuz? Telefonsuz, televizorsuz oturub bir birinizə nə vaxt axıradək qulaq asmısınız?
Bizə məktəb vaxtı müəllimlərin tez-tez dediyi söz var-“dinləmək mədəniyyətdir”. Bəzən həqiqətən də, dinləməyi bacarmaq çox çətin olur. Ən böyük konfliktləri belə, bəzən sona qədər sakit şəkildə qarşımızdakını dinləyərək həll edə bilərik. Ətrafımıza qarşı “kar” olmayaq. İnsanları dinləməyi bacaraq. Ailələr bir-birini dinləsə, heç kim texnikanın, telefonun əsiri olmaz. Çünki insanlar özlərindən, duyğularından qaçmaq üçün texnikaya, videolara, filmlərə, proqramlara sığınırlar və get-gedə texnikanın əsiri olurlar. Bəs bilirsiz bunların nəticəsi nə olur? Ünsiyyət, nitq tədricən sıradan çıxır. İnsanı digər canlılardan fərqləndirən nitq!

İnsanı danışa bilmədikləri öldürərmiş… Məndən demək.

Günel Məlikzadə,
BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi

Şərh yaz