Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib

7

Martın 2-də Milli Məclisin gənclər və idman komitəsində şəhid Xudayar Yusifzadənin anası, bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, gənclər və idman komitəsinin sədri Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışaraq, qüdrətli Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edilib ki, ölkəmiz dəfələrlə münaqişənin dinc yolla və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həlli istiqamətində addımlar atmasına baxmayaraq, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Bu haqq müharibəmizdə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər. İgidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir gəncimiz üçün örnək olmalıdır.
Diqqətə çatdırılıb ki, bu müharibə ordumuzun gücünü dünyaya göstərməklə yanaşı, Ermənistanın tənəzzül prosesini də sürətləndirib. Çünki müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın uzun müddət özünə gəlməsi qeyri-mümkündür.
Söhbət zamanı qeyd olunub ki, hazırda azad olunmuş ərazilərin bərpası ilə yanaşı, şəhid ailələri və qazilərin problemlərinin həlli də dövlətin diqqət mərkəzindədir. Bu günə qədər bir çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Şəhid və qazi ailələrinin qayğılarının həlli istiqamətində hər birimizin səfərbər olması bizim mənəvi borcumuzdur.
Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyi ifadə olunub, şəhid Xudayar Yusifzadənin anasının timsalında bütün şəhid ailələrinə minnətdarlıq bildirilib.
Sonda Vətən müharibəsinin iştirakçılarına, idmançılara və fəal gənclərin bir qisminə Milli Məclisin gənclər və idman komitəsinin “Fəxri fərmanı təqdim edilib.

Şərh yaz