Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib

0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə məqsəd iki qurum arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, tədris mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov vergi sisteminin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı, bu istiqamətdə dövlət, habelə biznes subyektləri üçün faydalı olan müxtəlif layihələrin həyata keçirilməsi işlərinə xüsusi diqqət yetirildiyini deyib.

Qeyd olunub ki, Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsi və Tədris Mərkəzi qabaqcıl peşəkar təcrübəyə malik elm və təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, resursların birləşdirilməsi yolu ilə innovativ alət və mexanizmlərin işlənib hazırlanması və tətbiq edilməsi istiqamətində səy göstərir. Ölkənin nüfuzlu elm-tədris müəssisəsi olan Bakı Dövlət Universiteti ilə sıx münasibətlərin qurulması və bir sıra layihələrin hazırlanması istiqamətində işlər görülür. Qarşılıqlı əməkdaşlıq və resursların birləşdirilməsi sayəsində birgə görülməsi mümkün olan işlər üzrə Tədbirlər Planının ilkin layihəsi və onun müvafiq əsaslandırılması hazırlanıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib, qeyd edilən tədbirlər planında nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin keçirilməsini məqsədə müvafiq hesab edib.

Görüşdə, həmçinin gələcəkdə dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi məqsədilə birgə əməkdaşlıq müzakirə olunub.

Şərh yaz