Gənclərimizin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyyəsi istiqamətində saysız-hesabsız tədbirlər görülür

85

Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Gənclik bizim sabahımızdır, deyirlər. Milli məfkurəyə, dəyərlərə, milli mənlik şüuruna sahib olan, vətənpərvərlik hissləri ilə tərbiyə olunan gənclik, həqiqətən, dövlətin, xalqın gələcəyidir. Bütövlükdə, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir gənclərimizə gəlincə, bu gün gənclər arasında saya gəlməz qədər vətənpərvər insanlar var və onlarla tez-tez rastlaşırıq.

Müasir dövrdə gənclərin cəmiyyətin həyatında aparıcı mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Gənclərin milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə sahib olması üçün onlarda bu məfhumlara sevgi, diqqət formalaşdırılmalıdır. Gənc nəsil daha çox özünü dərk etməli, öz milli adət-ənənələrinə istinad etməlidir. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü tədbirlər görülür. Dövlətimiz və Prezidentimiz hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir.

Təcrübə göstərir ki, yad təsirə uymaq meyilləri gəncləri özündən qopararaq, qaranlıq bir aləmə qərq edə bilir. Onları düzgün istiqamətdə formalaşdırmasaq, gələcəkdə daha böyük problemlər ortaya çıxa bilər. İntihar, pis vərdişlər və s. bu kimi halların qarşısını almaq üçün gənc nəslin tərbiyəsi işi ilə xüsusi məşğul olmaq lazımdır. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnib, hazırda da onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu istiqamətdə böyük işlər görülüb. Burada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevral-Gənclər gününün təsis edilməsini və s. xüsusilə qeyd etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. Ulu Öndərin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. Beləliklə də, sonradan digər region dövlətlərində də bu ənənənin əsası qoyulsa da Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib.

Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biridir. Dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsi ilə əlaqədardır. Milli mənlik şüurunun formalaşdırılması işi əsas götürülməlidir. Bu faktör, həqiqətən də, mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Odur ki, gənclik milli şüura sahiblənmək üçün cəhdlər etməlidir. Gənclik milli dəyərlərə bağlı olanda daha güclü və yenilməz ola bilir.

Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Aydın məsələdir ki, bunları dərk edən gəncdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olar. Hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə inqilabi dəyişikliklər yaradacaq addımlar atmaqdadır. Bu gün ölkəmizdə “Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)” Dövlət Proqramı icra olunmaqdadır. Bütün bu söylənilənlərin fonunda gənclərin cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynaması üçün perspektivli, real iş platforması təqdim etməsi kompleks qayğını labüdləşdirib. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və ictimai fəaliyyət platformasında mühüm uğurlar əldə edirlər.

Bu mövzu ilə bağlı musiqişünas Lalə Hüseynovanın da maraqlı fikirləri var. Onun fikirlərinə görə, gəncləri yad ünsürlərdən qorumaq lazımdır. Çünki həddən artıq Qərb mədəniyyətinə hərislik milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə mənfi təsir göstərir: “Qərb mədəniyyətinə kor-koranə aludəçilik, pərəstiş, “kopya”lamaq və onu öz yaşam tərzinə çevirmək kimi məsələlər bu gün ciddi problemdir. O üzdən mənə elə gəlir ki, bu cür yanaşma və təqlidçilik hazırkı gəncliyimizin əsas problemlərindən biridir. Necə gəldi o mədəniyyəti mənimsəmək və onu öz məişətinə daxil etmək düzgün olmayan bir yaşam tərzidir. Bu, bütövlükdə milli-mənəvi dəyərlərə zərər vurur. Hər halda, biz öz milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Sözügedən dəyərlərə hər zaman sahib çıxmağı bacarmalıyıq. Təbii ki, Qərbdə müsbət məqamlar çoxdur və onlardan faydalanmaq lazımdır. Elə gənclər var ki, Qərb mədəniyyət nümunələrini bütə çevirir. Bu cür yanaşma halları gələcəkdə müəyyən fəsadların yaranmasına yol açır. Mümkün qədər gəncləri bu kimi təsirlərdən qorumaq lazımdır. Bu məsələdə vaxt itirmək olmaz. Konkret adekvat addımların atılmasına ehtiyac var”.

Lalə xanımın fikirləri ilə qismən razıyam. Övladlarımızın tərbiyəsi işinə xüsusi zaman ayırmaq lazımdır, heç bir halda bu məsələni boş buraxmaq olmaz. Düşünürəm ki, Azərbaycanda kifayət qədər vətənpərvər gənclər var və bu da bizim uğurumuzdur. Bunun ən bariz nümunəsi isə 2020-ci ilin Vətən müharibəsi oldu. Həmin günlərdə yüzlərlə gənc Qarabağı görmədiyi halda “Vətənim” deyərək mərdliklə döyüşlərə gedib ölümü gözə aldılar. Nə qədər gəncimiz könüllü olaraq müharibəyə getdi. Bu da onun göstəricisidir ki, ölkəmizdə gənc nəslin milli mənlik şuurunun formalaşdırılması və vətənpərvərlik tərbiyəsi istiqamətində uğurlu işlər görülüb və görülməkdədir.

Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin gənclərlə bağlı dediklərinə nəzər salaq: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Aytən NAZİMQIZI

Şərh yaz