Ümummilli Lider Heydər Əliyev: “Azərbaycanın gələcəyi gənclərin əlindədir”

69

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Biz haqlı olaraq gənclərimizlə fəxr edirik

Hər bir dönəmdə Vətənin çətin günündə, ağır sınaq zamanında mərd, sadiq gənclərə böyük ehtiyac olub. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi işini məqsədyönlü istiqamət seçərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə tövsiyə etdiyi kimi aparmağı qarşımıza məqsəd qoymalıyıq. Dövlət başçısının səsləndirdiyi mülahizələr həqiqətən, gənclər adına çox qürurvericidir. Bu gün iftixar və qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb. Həqiqətən də, biz hər birimiz yeniyetmə və gənclərimizi elə tərbiyə etməliyik ki, onlar vətəni hər şeydən daha çox düşünsün. Sevindirici haldır ki, biz buna nail olmuşuq. Bunu 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı hər birimiz gördük və gəblərimizlə fəxr etdik. Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir.

Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu kükrətdi.

Gənclərimiz böyük zəfərlə nəticələnən Vətən müharibəsinin getdiyi 44 gün müddətində öz fəaliyyətlərinin ən çətin, çətin olduğu qədər də şərəfli dövrünü yaşadılar.  Əvvəlki illərdə daha çox beynəlxalq konfrans və tədbirlərin, simpoziumların, kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə  edilməsi proseslərində, təşkilatçılığında gənclər öz bacarıqlarını nümayiş etdirmişdilərsə, bu il vətənpərvərlik, humanizm, azərbaycançılıq prinsipinə söykənilmiş fəaliyyətlətləri ilə gənclərimiz örnək olmağı bacardılar.

Qeyd etmək lazımdır ki, gənclər siyasəti hər zaman dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətində gənclərin daha fəal iştirakının təmin edilməsində hüquqi sənəd oldu və bu qurum dövlət siyasətinin aparıcı qüvvəsinə çevrildi. 2 Fevral 1994-cü ildən Gənclər Günü kimi qeyd olunur. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir.

Ulu Öndərin ən böyük xidmətlərindən biri o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi rəhbərimiz Heydər Əliyev hər zaman vurğulayırdı: “Müəllimlər bütün qüvvə və bacarıqlarını doğma Vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi göz bəbəyi kimi qorumağa hazır olan gənc nəslin yetişdirilməsinə sərf etməlidirlər”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərimizdən bizə miras qalan gənclər siyasətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Azərbaycan gəncləri yeni ixtiraları ilə dünyaya səs salır, olimpiadalarda, beynəlxalq yarışlarda qızıl medallara sahib çıxaraq bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır, işğal altında olan torpaqlarımızın bir hissəsinin geri qaytarılmasında hünər göstərir.

Bu siyasətin əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Yəni, Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır. Hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

“Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir… Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır”. Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər ölkədə aparılan gənclər siyasətinin mahiyyətini ifadə edir.

Son olaraq onu da vurğulamaq istərdim ki, bildiyimiz kimi 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunmuşdur. “Könüllülər ili” könüllülər hərəkatının təbliğində xüsusi rol oynadı. Könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi də Prezident İlham Əliyevin cəmiyyət-dövlət, xalq-dövlət münasibətlərinin mükəmməlləşdirilməsi istiqamətində, bu əlaqələrin, münasibətlərin daha da yaxşılaşdırılması üçün atdığı növbəti uğurlu addımlardan biridir. Bu prosesə gənclərin cəlb edilməsi isə onların fərdi inkişafına təkan vermək, sosial məsuliyyətlərini artırmaq, gənclərin potensialından xalqın rifahı naminə istifadə etmək məqsədi daşıyır, gənclərin daha da sosiallaşmasına, onların kommunikativ imkan və bacarıqlarının artmasına, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil olunmalarına, onların daxili mənəvi aləminin zənginləşməsinə, dünyagörüşlərinin genişlənməsinə, elmi-intellektual potensiallarının yüksəlməsinə birbaşa təsir edir.

2020-ci il gənclərin könüllü olaraq öz potensiallarını sərgiləməsi baxımından çoximkanlı il oldu. İlin əvvəlindən ölkədə baş verən ictimai-siyasi proseslərdə gənclərin fəal iştirakı danılmazdır. Könüllülər istər parlament seçkiləri müddətində, istərsə koronavirus pandemiyasının hələ də davam etdiyi müddətdə, eləcə də böyük zəfərlə nəticələnən Vətən müharibəsinin getdiyi 44 gün müddətində öz fəaliyyətlərinin ən çətin, çətin olduğu qədər də şərəfli dövrünü yaşadılar. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizdə gənclərimiz qayğı ilə əhatə olunur və onların inkişafı üçün hər cür şərait yaradılır.

Aytən NAZİMQIZI

Şərh yaz