Məktəblilər arasında vətənpərvərlik hislərinin təbliği daim diqqət mərkəzindədir

21

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

Ümummilli Lider Heydər Əliyev

Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizdə yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi hər zaman diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Hər bir insan fərd kimi doğulur, şəxsiyyət kimi formalaşır. Bu formalaşma isə məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Ona görə də məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır.

Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi, əlbəttə ki, peşəsindən asılı olmayaraq hər bir kəsin qarşısında duran mühüm vəzifələrdəndir. Lakin bu yolda pedaqoji kollektivin zəhməti daha böyükdür. Bu gün sevindirici məqam odur ki, əsgəri xidmətə çağırılan gənclərimiz ordu quruculuğundan məlumatlıdırlar. Məktəblərdə gənclərimiz ilkin hərbi bilik və vərdişlərə yiyələnirlər. Gənclərin ordu həyatı ilə ilkin tanışlıqları onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarına zəmin yaradır. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.

Azyaşlı uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla – onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Gənc şagirlərə isə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris etmək onların milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını,  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Həmin fənnin tədrisinin təkmilləşdirilməsi, fənnin imkanları daxilində şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir, bu məqsədlə aidiyyəti qurumlarla birgə vətənpərvərlik tərbiyəsi üzrə aktual məsələlərə həsr olunmuş müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin təşkilinə hərtərəfli dəstək göstərir.

Bu gün məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır. Bütün fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir. Təhsil müəssisələrində hərbçilərlə görüşlərin təşkil olunması, yeniyetmə və gənclərin onlarla təmasda olub öz sualarını onlara ünvanlaması gənclərdə olan vətənpərvərlik hislərinin daha çox közərməsinə, çoxalmasına səbəb olur.

Son dövrlər məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Sevindirici haldır ki, Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət o qədərdir ki, oğlanlarla yanaşı, qızlarımız da hərbçi olmaq arzusundadırlar.

2020-ci ildə qazandığımız tarixi zəfər də Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi. Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi idi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdı, cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolunun xüsusilə təhsil sistemində, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsini aktuallaşdırdı. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay ola bilər, amma Vətəndən pay olmaz.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ideya müəllifi və banisi Heydər Əliyev olan azərbaycançılıq milli məfkurəsi ölkəmizin dövlətçilik ideologiyasına çevrilməklə hər bir vətəndaşın həyat yolunu, bu günümüzə və gələcəyə baxışlarını müəyyənləşdirmişdir. Bu milli ideologiyanın əsasını isə Vətənə məhəbbət aşılayan vətənçilik ideyası, milli mənsubiyyətlə fəxarət keçirməyi özündə ehtiva edən milliyyətçilik, milli-mənəvi dəyərlər, dövlətə və dövlətçiliyə sədaqət, milli və ümumbəşəri dəyərlərə münasibətdə dözümlülük və tolerantlıq, dövlət rəmzlərinə hörmət və ehtiram duyğuları təşkil edir. Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutmalıdır. Təhsil müəssisələrində təhsil alan uşaq və gənclər bilik, savad və bacarıq, eləcə də dünyagörüşü və intellektual potensial baxımından fərqlənə bilər. Ancaq bu amillərdən asılı olmayaraq, hər bir uşaq və gəncin vətənpərvərlik məfkurəsi zəminində tərbiyə alması birmənalı qəbul edilməlidir.

Aytən NAZİMQIZI

Şərh yaz