Ədliyyə Nazirliyi: Koronavirusa yoluxan və karantinə yerləşdirilən 33 məhkumun sağlamlıq vəziyyətləri üçün heç bir təhlükə yoxdur

2

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə ardıcıl tədbirlər görülür.

Herbiand.az saytı AZƏRTAC-a istinadla bildirir ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.

Həmçinin vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar, bu zaman onlar və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir.

Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb.

Profilaktik tədbirlərin icrası gündəlik nəzarətdə saxlanılaraq nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən bütün penitensiar müəssisələrdə mütəmadi monitorinqlər aparılır.

Bəzi xroniki xəstəlikləri olan məhkumlar cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər.

Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar edilib. Bununla əlaqədar o, dərhal təcrid olunub və digər zəruri tədbirlər görülüb. Onunla kontaktda olan məhkumların və əməkdaşların səhhəti yoxlanılıb və götürülmüş test nümunələrinə əsasən onların tam əksəriyyətində xəstəlik aşkarlanmayıb. Lakin 33 nəfərdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlarda həmin virusun göstəriciləri müsbət çıxdığından onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülür. Sağlamlıq vəziyyətləri üçün heç bir təhlükə yoxdur.

Eyni zamanda, qeyd edilən müəssisədə saxlanılan bütün digər məhkumlar və əməkdaşlar izolyasiya olunaraq onlardan testlər götürülüb və virusa yoluxma qeydə alınmayıb. Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

Bildirilir ki, virusa yoluxan şəxslərdə xəstəlik simptomsuz keçib və onun heç bir əlaməti özünü büruzə verməyib. Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

Şərh yaz