Vətən müharibəsində qələbənin təməli Aprel döyüşləri zamanı qoyulub

97

“Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır”.

Azərbaycan Respublikasının

Ümummilli Lideri Heydər Əliyev

Hər bir ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Murad, Samid, Çingiz kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl də vətənpərvərliyə bir çağırışdır.

Vətənpərvər gənclər yetişdirmək isə hər bir ölkənin uğurudur. Çünki gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib. Vətən müharibəsində qələbənin təməli də elə məhz Aprel döyüşləri zamanı qoyulub.

Tam beş il bundan öncə – 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu məhv edildi və zərərsizləşdirildi. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu. Horadiz şəhərinin təhlükəsizliyi məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də azad edildi.

Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlılığı olan bir neçə məqamı üzə çıxartdı. Ermənistan anladı ki, status-kvo dəyişib və tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Yəni Aprel döyüşlərindən 44 günlük savaşa qədər olan müddətdə Azərbaycan Türkiyə və Pakistanla daha sıx əməkdaşlığa nail olmaqla yanaşı, dünyanın güc mərkəzləri kimi qəbul edilən təşkilat və ölkələrlə sıx əməkdaşlığa başladı. 44 günlük savaşın təməli belə qoyuldu. Hazırda Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı.

Burada diqqət yetirməli digər məqam odur ki, Aprel döyüşlərindən sonra Azərbaycanın siyasi elitası Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini gündəmə gətirdi. Ermənistan Laçın dəhlizi vasitəsilə Qarabağla daimi əlaqənin olmasını tələb edirdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan danışıqlar zamanı məhz bu mövzunu qabardırdı. Rəsmi Bakı isə Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürmək hüququnun olduğunu nümayiş etdirdi.

Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ideya müəllifi və banisi Heydər Əliyev olan azərbaycançılıq milli məfkurəsi ölkəmizin dövlətçilik ideologiyasına çevrilməklə hər bir vətəndaşın həyat yolunu, bu günümüzə və gələcəyə baxışlarını müəyyənləşdirmişdir. Bu milli ideologiyanın əsasını isə Vətənə məhəbbət aşılayan vətənçilik ideyası, milli mənsubiyyətlə fəxarət keçirməyi özündə ehtiva edən milliyyətçilik, milli-mənəvi dəyərlər, dövlətə və dövlətçiliyə sədaqət, milli və ümumbəşəri dəyərlərə münasibətdə dözümlülük və tolerantlıq, dövlət rəmzlərinə hörmət və ehtiram duyğuları təşkil edir. Ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Ümummilli Lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirirlər.

Aytən NAZİMQIZI

Şərh yaz