Vətənpərvərlik tərbiyəsilə böyüdülmüş gənclər hünərlərini Vətən müharibəsində – döyüş meydanında göstərdilər

88

Ümummilli lider Heydər Əliyev: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Ailə tərbiyəsinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmindən ötən həftəki məqalələrdə müzakirələr aparmışdıq. Bu gün isə təhsilin gənclərin milli mənlik şüurunda yetişdirilməsindəki önəmindən danışaq. Ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni bu məsələdə mühüm rol oynayır. Belə ki, bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını,  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni şagirdlərin ordu sıralarında hərbi xidmətə çağırış öncəsi hazırlığını təmin etməyə yönəlmişdir və təhsilalanların vətənpərvərlik tərbiyəsində onun özünəməxsus yeri vardır. Lakin vətənpərvərlik duyğularının aşılanması, gənclərin bu ruhda tərbiyəsi yalnız bu fənnin vəzifəsi deyildir. Burada bütün fənləri tədris edən müəllimlərin də rolu əvəzolunmazdır. Yəni hər bir fənni tədris edən müəllim hər dərs olmasa da, həftədə bir dəfə bir neçə dəqiqəni vətənpərvərlik hislərinə ayırmalıdır. Bu mövzuda uşaqlarla fikir mübadilələri aparılmalıdır. Fənnindən asılı olmayaraq hər bir müəllim vətənpərvərlik hislərinin tərbiyəsinə və onun yeniyetmə və gənclərə aşılanmasına xüsusi diqqət göstərməlidir. Ümummilli Lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir.

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti də bu məsələdə xüsusi rol oynayır və dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Onun ən layiqli siyasi varisi , ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil – məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət – gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir.

Sevindirici haldır ki, ölkəmizdə istər təlim-tərbiyə istiqamətində, istərsə də ailədə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, yeniyetmə və gənclərimiz milli ruhda böyüdülür. 2016-cı ilin aprel döyüşlərində gənclərimizin mərdliyinin ardınca 2020-ci ilin Vətən müharibəsində qazandığımız zəfərimizdə gənclərimiz mərdliklə döyüşərək qələbə çaldılar. Gənclərimizin bu ruhda yetişdirilməsində müəllimlərin rolu olduqca böyükdür. Əvvəllər rayonlarımızın işğal tarixini şagirdlərə öyrədən müəllimlər bu gün həmin torpaqların azad edilməsindən danışırlar. Eyni zamanda, əvvəllər Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin səbəblərini izah edən pedaqoqlar indi Qələbəmizdən, onu qazanan döyüşçülərimizin misilsiz qəhrəmanlıqlarından söhbət açırlar.

2020-ci il sentyabrın 27-də düşmən təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatında – 44 gün davam edən Vətən savaşında ordumuz olduqca mükəmməl taktika ilə müxtəlif istiqamətlərdə düşmən cəbhəsini yararaq işğalçı ordunu darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, həmçinin Xocavənd, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələri döyüş yolu ilə azad edildi.Şuşanın azad edilməsi isə Azərbaycan Ordusunun yazdığı əsl qəhrəmanlıq səhifəsi oldu. Şuşanın azad edilməsi Azərbaycan əsgərinin vətənpərvərliyinin, ən ekstremal şəraitdə belə vuruşaraq qalib gəlmək əzminin nümayişi oldu.

Ordumuzun şəxsi heyətinin, xüsusilə də gənclərin döyüş əzmi, qələbə ruhu, mənəvi-psixoloji hazırlığı həmişə yüksək olub. Vətən müharibəsində bu hisslər daha yüksək idi. Əks-hücum əməliyyatında ordumuz torpaqlarımızı mərdliklə, qorxmadan, geri addım atmadan işğaldan azad etdi. Bununla da tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin həll edə bilmədiyi münaqişəni 44 gün çəkən döyüşlərlə həll etdi. Qarşısında qorxmaz, cəsur və mərd Azərbaycan əsgərini görən düşmən ordumuzun hücumuna tab gətirə bilmədi. Onlar çıxış yolunu yalnız geri çəkilməkdə gördü. Döyüş meydanını tərk edən düşmən nəinki torpaqlarımızda yaratdıqları müvəqqəti postlarını, hətta silahlarını belə ataraq qaçırdılar. Bunu görən əsgərlərimiz daha da yüksək əhval-ruhiyyə ilə döyüşə atılırdılar. Qəlbi Vətən eşqi ilə döyünən oğullarımız xalqımıza qələbə sevincini yaşatmaq üçün əllərindən gələni əsirgəmədi.

Tarixi və şanlı Zəfər – dəmir iradənin, yenilməz qətiyyətin, birliyin və ordumuzun qələbə əzminin nəticəsidir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Aytən NAZİMQIZI

Şərh yaz