Ötən ay OPEC-in neft istehsalı artıb

0

Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı mart ayı ilə müqayisədə 1 milyon 800 min barrel artaraq gündəlik 30 milyon 410 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 30,6 faiz olub.

Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 1 milyon 533 min barrel artaraq 11 milyon 550 min barrel olub. BƏƏ-nin sutkalıq hasilatı 332 min barrel çoxalaraq 3 milyon 839 min barrelə çatıb. Küveytdə isə neft istehsalı 259 min barrel artaraq sutkada 3 milyon 132 min barrelə yüksəlib.

Apreldə kartelə üzv ölkələrdə neft istehsalı ən çox Anqola, Nigeriya və İranda azalıb. Anqolanın gündəlik hasilatı 90 min barrel azalaraq 1 milyon 312 min barrelə düşüb. Nigeriyada istehsal 68 min barrel geriləyərək sutkada 1 milyon 777 min barrel təşkil edib. İranda isə hasilat 53 min barrel azalaraq 1 milyon 969 min barrel təşkil edib.

Keçən ay dünyadakı qazma qurğularının sayı martla müqayisədə 448 ədəd azalaraq 1674 olub. Həmin qurğuların 561-i OPEC-ə üzv ölkələrdədir.

Şərh yaz