Gənclərimizin vətənpərvər, milli və bəşəri ruhda yetişdirilməsi əsas borcumuzdur

73

Gənclərimizdə tariximizə, kökümüzə, tarixən formalaşmış və bu günlə səsləşən adət-ənənəmizə, əxlaqi-mənəvi dəyərlərimizə uyğun milli şüurun formalaşdırılması, onların vətənsevərlik ruhunda tərbiyə olunması ən ümdə vəzifələrimizdən biri olmalıdır. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. 

         Bugünkü gənc nəsil bizim sabahımızdır. Odur ki, onların yüksək səviyyədə hazırlanması, peşəkarlıqlarının artırılması, yönəltmələrinə uyğun elmi, təhsili yetərincə mənimsəmələri, həm fiziki həm də mənəvi cəhətdən sağlam olmaları, xalqımızın tarixən formalaşmış əxlaqi-mili dəyərlərinə sayğı ilə yanaşmaları, xalqımızın, dövlətçiliyimizin tarixini mütləq öyrənmələri, öz mədəniyyətimizlə eləcə də onun da bir parçası olduğu dünya mədəniyyəti ilə dərindən maraqlanmaları, mövcud dünya sivilizasiyasına sahib olmaları, ümumbəşəri düşüncəyə malik olmaları, ailə-məişət problemlərinin həllinə hazırlanmaları, hər şeydən oncə vətən sevgisini və milli hissi üstün tutmaları vacibdir. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür.

Ölkəmizdə gənclərə qayğı və diqqət Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra daha da artıb və bu qayğını onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün də davam etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində bu barədə deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur”. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Biz gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik. Vətənpərvərlik məsələsi elədir ki, bu istiqamətdə çalışmaları lap uşaq yaşlarından başlayıb, daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində daha da güclü bir şəkildə davam etdirmək lazımdır. Bu baxımdan işə bağçadan başlamaq lazımdır. Daha sonra bu prosesi orta məktəbdə və ali məktəbdə gücləndirmək lazımdır. Bu fəaliyyət zamanı ailədəki tərbiyənin də mühüm rolu var. Bağçadakı, orta məktəbdəki və ali məktəbdəki fəaliyyətlər ailənin vasitəsilə daha da gücləndirilməlidir. Ailə və təhsil müəssisəsi arasında bu məsələdə qarşılıqlı çalışmalar, birgə koordinasiya olmalıdır. Belə bir məqamda göründüyü kimi iş təhsilə gəlib çıxır. Buna görə də orta məktəb dərsliklərimizdə vətənpərvərlik, milli mənlik şüurunu inkişaf etdirib gücləndirə biləcək məqamlara qarşı daha diqqətli olmalıyıq. Dərsliklərimizin hazırlanması, orada əks olunacaq faktlar və digər məqamlara çox ciddi yanaşılmalı, bununla bağlı kompleks tədbirlər həyata keçirilməlidir. Gənclərimizin beynini formalaşdıracaq dərsliklər son dərəcədə mükəmməl bir şəkildə hazırlanmalı, keçirilən tədbirlərin effektivliyini daha da artırmalıyıq.

Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran amillər sırasında öndə gedən elementdir. Uşaqların həyata fərqli baxışları, nitqi məktəbdə təşkil olunan tərbiyəyə əsasən formalaşır. Ümumiyyətlə, məktəblərdə həyata keçirilən tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Onlar uşaq psixologiyasını hamıdan yaxşı başa düşürlər. Məhz buna görə də sağlam, vətənpərvər bir gəncliyin formalaşmasında müəllimlərin üzərinə ciddi məsuliyyət düşür. Xoşbəxtlikdən bizim müəllimlərimiz 2020-ci ildə qazandığımız parlaq qələbəni, illər sonra ailə ocağımız olan Şuşada yandırılan Odlar Yurdumuzun tonqalını, mərd əsgərlərimizin, hərbçilərimizin qorxmadan düşmənlə vuruşaraq şəhidlik zirvəsinə ucalmasını və bu kimi məlumatları, tariximizi dönə-dönə öz şagirdlərinə məlumat verərək vətənpərvərlik, qəhrəmanlıq hislərini onlara aşılayırlar. Şagirdlərimizdə vətənpərvərlik hissi, Vətənə, torpağa bağlılıq hissləri çox yüksəkdir. Bunun nəticəsidir ki, 2020-ci ildə uşaqdan böyüyə hər kəsin qəlbi vətənlə döyünürdü və hər kəs könüllü olmaq üçün can atırdı.

Əslində vətənpərvər olmaq elə həm də dövlətçiliyə qayğı və diqqət göstərmək deməkdir. Çünki, bu iki məfhum bir-birini tamamlayır. Güclü, humanist və ədalətli dövlətçilik ənənələri cəmiyyətdə vətənpərvər və hərtərəfli inkişaf etmiş gənclərin yetişməsi üçün stimuldur. Biz gənclərimizin vətənpərvər olmasını istəyiriksə onda ilk növbədə ədalətli və qayğıkeş, yalnız qanunlarla və humanist düşüncələrlə tənizimlənən cəmiyyət formalaşdırmalıyıq. Bunun üçün hamı çalışmalıdır. İnsanlar bir-birinə qayğıkeş, mehriban və diqqətli olmalı, bir-birinə sivil davranış nümayiş etdirməli, tarixən formalaşmış adət-ənənələrimizə, əxlaqi-mənəvi dəyərlərimizə hörmət və qayğı ilə yanaşmalı, cəmiyyət üçün zərərli olan əməllərdən uzaq olmalı, onların yayılmasına müqavimət göstərməlidirlər.

Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Ekspert Mirsamir Məmmədov verdiyi açıqlamasında qeyd edib ki, milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır: “Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə – ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar”.

Bu baxımdan , sevindirici haldır ki, gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini təlim-tədris prosesindəki iş təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bunun üçün geniş imkanlar mövcuddur. Bu baxımdan orta məktəblərdə, eləcə də təhsilin digər pillələrində tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyatın, tarixin potensialı daha böyükdür. Bu fənlərin tədrisi şagirdləri, tələbələri müvafiq biliklərlə silahlandırdığı kimi onların vətənpərvərlik ruhunda tərbiyəsinə də güclü təsir göstərir, gənclərdə milli mənlik  şüuru formalaşdırır.

Aytən NAZİMQIZI

Şərh yaz