Qalibiyyətimizin başlanğıcı Aprel döyüşlərində qoyuldu

46

Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atdı. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda, beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə qazanılmış bu Qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə ehtiyatda olan mayor, Birinci Qarabağ müharibəsi veteranı Məmmədov Rəhim Hüseyn oğlu öz fikirlərini “Hərbi And” oxucuları ilə bölüşəcək.

Zəhmət olmasa, özünüzü təqdim edin.

Mən Məmmədov Rəhim Hüseyn oğlu, Tovuz rayonu Hacılar kənd orta məktəbini bitirmişəm. Məktəbi qurtardıqdan sonra o dövrdə SSRİ silahlı qüvvələrin tərkibində 1979-1981-ci ildə Macarıstanda iki il hərbi xidmət keçmişəm. Uşaqlıq dövründən hər peşəsinə çox böyük həvəsim olub, atam özü də İkinci Dünya Müharibəsinin veteranı olub. O, həmişə vətənpərvərliklə, hərb peşəsiylə bağlı söhbətlər edərdi, onun sayəsində məndə də uşaqlıqdan bu sahəyə maraq oyanıb. buna görə də Macarıstanda qulluq edərkən sənədlərimi hərbi məktəbə verdim, qəbul oldum. Sonra 1981-ci ildə göndərişlə Bakıya gəldim və sənədlərimi o dövrdə Azərbaycan Pedaqoji İnstitutunun tərkibində yaradılmış ayrıca hərbi fakütltəyə verdim və qəbul oldum. Həmin məktəbi Ümummilli Liderimiz Heydər Əliyev açdırmışdı. 5 il orda təhsil almışam.

Onu da qeyd edim ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyev həmin İnstituta gəlmişdi, qismət elə gətirdi ki, ilk dəfə onunla həmin institutun ikinci mərtəbəsində görüşdüm və o, mənlə qısa söhbət elədi. Mən həmin günü xatırlayanda fəxarət hissi keçirirəm.

1986-cı ildə mən İnstitutu bitirdim. Bir neçə orta məktəbdə hərbi müəllim işlədim. 1988-ci ildə baş verən hadisələrlə bağlı olaraq mən Tovuz rayonunda özünümüdafiə taborunu yaratmağa başladım. Çünki artıq vəziyyət gərgin idi. Biz sərhəd kəndlərində postlar quraraq könüllü dəstələr yaratmağa başladıq. 1989-1990-cı ildə vəziyyət bir az da gərginləşdi və 1991-ci ildə biz artıq qonşu rayonlara, kəndlərə köməyə getməyə başladıq. O dövrdə vəziyyət, həqiqətən də, çox çətin idi, çünki bizim silah-sursatımız yox idi, çətinliklə mübarizə aparırdıq.

Bəs o dövrdəki ruh yüksəkliyi necə idi?

O dövrdə də ruh yüksəkliyi çox böyük idi, baxmayaraq ki, vəziyyət daha çətin idi, amma necə ki, İkinci Qarabağ döyüşlərində böyükdən-kiçiyə hər kəs döyüşməyə hazır idi, eləcə də o dövrdə də belə idi. Sadəcə olaraq o dövrdə vahid komandanlıq, idarəçilik yox idi və silah-sursat çatışmazlığı var idi. Amma vətənpərvərlik hisləri o vaxt da belə güclü idi, hətta axsaqqal kişilər də döyüşə getməyə can atırdılar.

1991-ci ildə bizi hərbi komissarlıqlara çağırdılar və oktyabrın 9-da mənim də əmrim gəldi, Azərbaycan Silahlı Qüvvələrində xidmətə başladım. Xidməti Tovuzun ən çətin relyefə və iqlim şəraitinə malik kəndlərindən biri olan Həsənli kəndində keçdim. Cəmi 3 avtomatımız var idi. Həmçinin o dövrdə orduya və sərhəddə olan kəndlərə yardım məqsədilə Bakıda Tovuz rayonunun ziyalılarından ibarət Oğuz cəmiyyəti yaradılmışdı. Həmin cəmiyyət imkan daxilində geyim, yataq dəstləri, silah-sursat yardımı edirdi. Cəmiyyətin üzvləri üzvlük haqqı yığırdılar və yığılmış pulla ruslardan silah alırdılar. Mən də həmin dövrdə o cəmiyyətə müraciət etmişdim, bizə də yardımlar göstərilmişdi.

Beləliklə, ermənilərlə atışmalar gedirdi, biz isə yüksəklikləri ələ keçirməyə başladıq. Demək olar ki, həmin dövrdə o zonada peşəkar hərbçi təkcə mən idim və mənim göstərişimlə həmin sərhədlərdəki yüksəkliklər ələ keçirildi. 1992-ci ildə avqustun 8-də Gədəbəylə Tovuz arasında ermənilərin yaşadığı bir kənd var idi, hazırlıq gördük və dörd istiqamətdən hücuma keçərək həmin kəndi ələ keçirdik. Düzdü 1 həftə döyüşlər getdi, qarşı tərəf güclü silahlandırılmışdı, ruslar o vaxtdan ermənilərə silah-sursat yardımları edirdilər, bizdə isə rabitə də çox zəif idi, çox çətin vəziyyət idi, mən özüm də həmin döyüşlərdə yaralanmışdım, lakin bütün bunlara baxmayaraq biz həmin kəndi ala bildik. Daha sonra isə o istiqamətlərdə yerləşən bütün yüksəklikləri ələ keçirməyə nail olduq. Hətta biz 1995-ci ildə Maral dağı da aldıq. Baxmayaraq ki, o dövrdə heç bir şərait yox idi, biz ələ keçirdiyimiz yerlərdə özümüz ağaclardan kəsərək yeraltı sığınacaqlar düzəldirdik.

Bəs əhali əsgərlərə necə dəstək olurdu?

Şərait olmasa da, camaat əsgərlərə çox böyük dəstək olurdu. Kənd camaatı öz aralarında bölüşdürüb hər gün bir evdən yemək gətirirdilər əsgərlərə. Elə kəndlər var idi ki, hətta 1-2 il əsgərlərin bütün yemək-içmək azuqələrini növbəli şəkildə kənd camaatı özləri verib. Biz komandirlər özümüz də əsgərlərdə ruh yüksəkliyini artırmaq üçün bölünürdük və onlarla birlikdə postlarda dururduq, əsgərlər yatan yerdə – saman üstündə yatırdıq. Əsgər görürdü ki, komandir və ya kapitan onunla bərabər postda durur və onun yatdığı yerdə yatır, onda daha da ruhlanırdı.

2016-cı ilin Aprel döyüşləri haqqında düşüncələriniz maraqlıdır.

Aprel döyüşləri, demək olar ki, uzun illərdən sonra azərbaycanlıların qələbə əzmini, ruh yüksəkliyini, torpaqların işğaldan azad olunmasına inamını yenilədi. Deyərdim ki, qalibiyyətimizin başlanğıcı aprel döyüşlərində qoyuldu. Bu döyüşlər xalqımızda, ordumuzda qələbə əzmi, ruh yüksəkliyi yaratdı. O döyüşlər başlayan andan etibarən artıq xalqımız müharibəyə hazır idilər, döyüşlərin davamının gəlməsini istəyirdilər və döyüşlər davam etmədiyi üçün mən də daxil olmaqla bir çox insan məyus olmuşdu. Yüzlərlə insan – yaşlısından tutmuş cavanına qədər hər kəs döyüşlərdə iştirak etmək üçün Səfərbərlik Xidmətinə müraciət edirdilər. Camaat artıq gözləməkdən yorulmuşdu və xalq istəyirdi ki, müharibə yolu ilə torpaqlar işğaldan azad edilsin və bu müharibəyə son qoyulsun.

2020-ci ilin Tovuz döyüşlərində insanlar daha çox ruhlandılar.

Bəli, Aprel döyüşləri sonuna qədər davam etmədiyi üçün az da olsa insanlarda ruh düşkünlüyü yarandı, lakin Tovuz döyüşlərində artıq əhali əmin idi ki, bu döyüşlərin davamı olacaq və zəfər çalacağıq. Bakı şəhərində küçələr dolu idi, millət çölə axışırdı döyüşlərdə iştirak etmək üçün. Kiçikdən böyüyə hər kəs könüllü olmaq üçün Səfərbərliyə müraciət edirdilər. Tovuz döyüşlərində bizim generalımız Polad Həşimovun şəhid olması, digər hərbçilərimizin şəhid olması isə artıq döyüşlərin başlaması üçün son damla oldu. Zəfər qazanmağımızın ən böyük səbəbi isə ilk növbədə Prezidentimiz cənab İlham Əliyevin doğru zamanda, doğru həmlələri etməsi, xalqımızın ayağa qalxması, bütün Azərbaycanımızın birləşərək Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna dəstək olması, bir sözlə yüksək vətənpərvərlik hissi idi. 44 günlük müharibə ərzində Prezidentimizin xarici jurnalistlərlə olan müsahibələrdəki cəsarətli cavablarını da unutmayaq.

Özü də bizim üçün ikiqat çətin bir dövr idi. Bir tərəfdən pandemiya, bir tərəfdən müharibə, lakin bizim birliyimiz qalibiyyətimizin əsasını qoydu. Gənclərin cəbhə xətti boyunca toplaşması, “döyüşə gedirik” sədaları, bütün bunlar çox önəmli rol oynadı. Biz belə bir məlumat da almışdıq ki, erməni kəşfiyyat komandiri danışanda özü deyirmiş ki, vəziyyət çox kritikdir, xeyli sayda ölənimiz var, biz post qurmuşuq ki, hərbçilərimiz qaçmasın, azərbaycanlılar isə post qurublar ki, gənclər döyüş meydanlarına atılmasın. Həmin 44 hünlük müharibədə mən özüm də qismən səfərbərliyə cəlb olunmuşdum, bir komandir kimi iştirak etmişdim. Bu, tarixdə görünməyən bir hadisə idi, həqiqətən də, çox qürurvericidir. Allah Prezidentimizə can sağlığı versin.

Son nöqtəni isə Şuşadakı döyüşlərlə qoyduq.

Şuşadakı döyüşlərdən sonra, qələbəmizdən sonra bütün dünya Azərbaycanın gücünə şahid oldu. İnanıram ki, bundan sonra dövlətimiz daha da yüksələcək və daha böyük uğurlara imza atacaq.

Sizcə, vətənpərvərlik hislərinin formalaşmasında ailə nə dərəcədə önəmli rol oynayır?

Biz altı qardaşıq və beşimiz Birinci Qarabağ Müharibəsinin iştirakçısıyıq. İki nəfər qazidir. Bu tərbiyəni bizə atamız aşılayıb. Həmin müharibə başlayanda atam bizə dedi ki, o döyüşlərdə iştirak edib babalarımızın qisasını almalısınız. Yəni ki, bu hislərin tərbiyəsi, formalaşmasının təməli öncə ailədə qoyulur. Uşaq gözünü açır və məktəbə gedənə qədər ailəsində gördüyünü beyninə yazır. İlk qığılcımları ailə qoyur, məktəb isə formalaşdırır. Ailədə qığılcımları qoyulan vətənpərvərlik hisləri sonradan böyüdükcə məktəbdə və universitetdə təbliğ olunduqca daha da çoxalır və formalaşır.

Hazırda nə işlə məşğulsunuz?

Azərbaycan Veteranlar İctimai Birliyi və Qarabağ Qayğı İctimai Birliyinin Tovuz rayonu şöbəsində müavinəm. Bundan başqa hazırda kənd orta məktəbində “Gənclərin çağırışa qədərki hazırlığı” fənnini tədris edirəm.

Əsgərlərimizə və hərbçilərimizə nə demək istərdiniz?

Əsgərlərimizə və hərbçilərimizə uğurlar arzulayıram. Onlarla qürur duyduğumuzu heç vaxt unutmasınlar. Qələbəmiz münasibətilə də hər birinə dərin təşəkkürümü bildirirəm.

Biz də zaman ayırdığınız üçün sizə təşəkkür edirik.

Sağ olun

Aytən NAZİMQIZI

Şərh yaz