Ümummilli Lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını vacib və önəmli hesab edirdi

1

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

 HEYDƏR ƏLİYEV

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Həmin vaxta qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclərin inkişafı istiqamətində də lazımı tədbirləri görən insan da məhz Heydər Əliyev oldu. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Füyuzat jurnalında belə bir fikir ilə rastlaşmışdım: “Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır”. Bu fikirlərlə razılaşmamaq olmur. Həqiqətən də, bir dövlətin, bir millətin gücü onun gəncliyindən asılıdır. Buna görə də gəncləri düzgün istiqamətdə yetişdirməli və maarifləndirməliyik. Bu, bir vətəndaş olaraq hər birimizinborcudur. Nə xoş bizə ki, dövlətimiz də bu istiqamətdə çoxsaylı uğurlu addımlar atıb və atmaqda davam edir.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

Bəs gənclər siyasəti nədir? Onun mahiyyəti nədən ibarətdir? Dövlətin gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.

1995-ci ildə isə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.

1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Gənclərin II Forumu, həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.

Göründüyü kimi bu çoxsaylı tədbirlərin fonunda hazırda savadlı və inkişaf etmiş gəncliyimiz formalaşır. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Son illərdə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinin idman sahəsində qazandıqları nailiyyətlərin  xüsusilə diqqətəlayiq olduğunu bildirən Prezident İlham Əliyev  haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir.

Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz