Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır

0

İohan Vilhelm Snelmanın gənclik haqqında çox ibrətamiz kəlamları var, onlardan birinə nəzər salmaq istəyirəm: “Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz”. Həqiqətən də, bu kəlamda dərin məna yükü var, əlbəttə ki, anlayana. Yeniyetmə və gənclərin təlim-tərbiyəsi işini sadəcə və sadəcə dövlətə, tədris müəssisələrinə yükləmək nə dərəcədə düzgün olar?! Məncə, burada birgə əmək özünü daha effektli şəkildə göstərər.“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Vətən – bir millətin uzun illər yaşadığı, adət-ənənəsinin, varlığının, şüurunun, birliyinin yarandığı və formalaşdığı məkandır. Vətən, sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Babalarımız bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Ona görə də vətəni hər zaman qorumaq lazımdır. Vətəni qorumaq üçün isə vətənpərvər, millətsevər insanlara ehtiyac olub, var və olacaq. Bunun üçün isə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Müstəqil Azərbaycan gənclər ölkəsi hesab olunur. Respublikamızın əhalisinin yarıdan çoxunu gənclər, yeniyetmələr və uşaqlar təşkil edir. Buna görə də ölkəmizdə böyüməkdə olan nəsil hər cür qayğı ilə əhatə olunub, dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkilinə, fiziki və peşə hazırlığına, mədəni səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın bir hissəsinin düşmən işğalına məruz qalması gənclərimizin də yaralı yeridir. Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından keçməyə daima hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Azərbaycanın inkişafında gənclərimizin rolu böyükdür. Ona görə də bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkəmizin siyasətində xüsusi yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğrulda bilirlər.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində də hər zaman gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə belə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Vətənpərvərlik hislərini isə yeniyetmə və gənclərə aşılamaqda bizim böyüklərimizin rolu və məsuliyyəti böyükdür. Onlar lap uşaqlıqdan başlayaraq milli mənlik şüurunu və vətənpərvərlik hislərini gənclərimizdə formalaşdırmalıdırlar. Eynilə biz də özümüzdən yaşca kiçik olan uşaqlara bu hisləri aşılamaqda bir vasitəçi olmalıyıq, çünki bu hər şeydən öncə bizim vətəndaşıq borcumuzdur.

Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından keçməyə daima hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz