Azərbaycanın inkişafında gənclərimizin rolu böyükdür

0

“Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Ümummilli Lider Heydər Əliyev

Lap qədim zamanlardan hər bir xalq parlaq gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin düzgün yetişdirilməsi isə hər bir ölkə üçün ən önəmli məsələlərdəndir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən və yaşlı nəslin davamçılarından hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. İllər keçdikcə nəsillər dəyişir, ölkələr daha da inkişaf edir. Amma tarixi kökə bağlılıq dəyişməz olaraq qalır. Çünki ənənələrimiz, milli dəyərlərimiz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox önəmli rol oynayır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində də hər zaman gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə belə deyib: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata kecirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

1997-ci il fevralın 1-də isə gənclərin I forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.

Bundan əlavə, 1998-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanda idmanın bütün sahələrində canlanma başladı. Bu diqqətin nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət aldı.

O dövrdən başlayaraq Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq kecirilməyə başladı. Gənclərin II forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən ulu öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.

Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin üçüncü forumu əvvəlki forumlardan ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə yadda qaldı.

Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərimizin rolu danılmazdır. Çünki gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.

Əlbəttə, bu, danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın, mərdliyin əsasını qoyan amillərdəndir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclərimiz bilməli və dərk etməlidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb.

Yuxarıda qeyd etdiyim kimi, hazırda Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir və hər keçən gün onların cəmiyyətdə rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi isə diqqəti daha çox cəlb edir. Xüsusən də, müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu, özünü daha qabarıq biruzə verir. Belə bir dövrdə də Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Bu səbəbdən də gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hislərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin Azərbaycan gəncləri haqqındakı fikirlərinə nəzər salaq: “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.

Aydın məsələdir ki, bunları dərk edə bilən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Bu, çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, hər bir insan öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi gənclərin əsas vəzifəsi bu imkanlardan layiqincə yararlanmaq, dövlətimizin mənafeyi üçün çalışmaqdır.

Hər bir kəsə məlumdur ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması çox önəmli şərtdir. Ona görə ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Azərbaycanın inkişafında gənclərimizin rolu böyükdür. Ona görə də bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkəmizin siyasətində xüsusi yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğrulda bilirlər.

Aytən Nazimqızı

Şərh yaz