Vətənpərvərlik insana xas olan ən gözəl duyğudur

0

Sizi bilmirəm, amma mən vətənpərvər insanlara bir başqa hörmət edirəm. Məncə, çox insanda belədir. Küçədən keçdiyim zaman bir binanın kiçik pəncərəsində üçrəngli bayrağımızın asıldığını görəndə o evin vətənpərvər ailə üzvlərini hələ görmədən içimdə qəribə bir sevgi hissi yaranır onlara qarşı. Ya da hər hansı bir həmyaşıdımın otağında bayrağımızı, gerbimizi, başqa milli atributumuzu görəndə həmin insanla qürur duyuram. Hərdən yolda getdiyim zaman hər hansı bir maşının şüşəsindən asılmış bayraq da məni qürurlandırır. Zənnimcə, bütün vətənpərvər insanlar eyni hisləri yaşayır. Məsələn, himnimiz səsləndiyi zaman içimizdə yaranan o anlam yükləyə bilmədiyimiz titrəyiş də Vətənə olan sevgimizin göstəricisidir.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Vətənpərvərlik hislərindən danışdığımız zaman hər kəsin ağlına vuruşmaq və ya döyüşmək gəlir. Əslində buna da haqq verirəm, amma bununla qismən razılaşıram. Çünki vətənpərvərlik təkcə döyüşlərdə deyil, hər yerdə və hər zaman özünü göstərməlidir. Vətənpərvər insanın amalı və ən ali məqsədi, həm də bu hisləri nümunəvi şəkildə təbliğ etmək olmalıdır. İstənilən peşə sahibi, əgər vətənpərvərdirsə, bunu öz işində istənilən situasiyada biruzə verməyi bacarmalıdır. Çünki yeniyetmə və gənclər bizləri özlərinə örnək olaraq götürür və onlara hər hansı bir hissi aşılamaq üçün, yaxud onlarda hansısa bir duyğunu tərbiyə etmək üçün təkcə sözlərlə demək kifayət etmir. Gərək hər bir insan bunu öz əməlində də biruzə verməyi bacarsın.

Vətən sevgisi ana sevgisi qədər müqəddəs və ali hisdir. Çünki biz gözümüzü açıb bu torpaqlarda məskunlaşırıqsa, bu torpağın suyunu içib, havasını alırıqsa, o zaman vətənin hər bir qarış torpağı da bizim üçün müqəddəs olur. Bu, bizdən asılı olmadan baş verir. Özümdən kiçik bir nümunə çəkim, mən uşaqlığımın 11 ilini başqa yerdə, başqa məhlədə keçirmişəm. O məhlədə böyümüşəm, uşaqlığımın ən gözəl çağları orada keçib. O qədər gözəl, xoş xatirələrim var ki, oradan köçdüyümüz zaman uşaq ağlımla da olsa, çox üzülmüşdüm. İndinin özündə belə mən hazırkı qaldığımız məhləyə və oranın insanlarına alışa bilmirəm. Baxmayaraq ki, indi daha böyük və geniş yerdə qalırıq, amma oranın doğmalığını ömrümün sonuna qədər unuda bilmərəm. Hərdən yolum düşəndə ordan keçdiyim zaman istəmədən duyğulanıram, gözüm dolur. Eşidəndə ki, həmin böyüdüyüm məhlədəki bağları söküb yerində başqa nəsə tikəcəklər o qədər təsirlənmişdim ki, sözlərlə ifadə etmək mümkünsüz idi.

Zamanla anlayıram ki, məgərsə ailəm üçün necə çətin olubmuş doğma evlərindən uzaqda qalmaq. Uşaqlıqda atam, anam və ya dayım keçmiş uşaqlıq xatirələrindən danışanda kövrəlirdilər. Laçının dağlarından, Həkəri çayından, Sarı Aşıq türbəsindən və s. danışanda hər birinin gözündəki o nisgili görürdüm, amma uşaq ağlıyla anlamırdım. Böyüdükcə daha yaxşı anlayıram.

Çətindir… Çox çətindir… Vətənini, doğma yurdunu, evini sevən insan üçün öz el-obasından uzaqda yaşamaq çox çətindir. Düzdür, hamısı vətən torpağıdır. Amma bu, elə bir hisdir ki, sanki vətəndə ola-ola vətən həsrəti çəkirsən. Atamın bu barədə bayatısı var, hər zaman qulaqlarımdadır:

Əzizim Vətəndəyəm,

Qürbət yox, Vətəndəyəm

Vətəndə ola-ola

Vətən həsrətindəyəm…

Amma hər bir həsrət də bir gün sona çatar. Yetər ki, səbirli olub ümidini itirməyəsən. Hər zaman nikbin hislərlə, inamla yanaşasan.

Vətənpərvərlik təkcə sözlərdə vətəni sevmək deyil, eyni zamanda bunu əməldə də göstərməyi bacarmaqdır. Bəzən şahidi oluruq ki, sosial şəbəkələrdə və ya real söhbətlərdə vətənpərvərlikdən danışıb başqalarını tənqid edən adamların bəziləri heç himnimizin sözlərini bilmir. Zənnimcə, ən azından himnimizin sözlərini əzbərləmək hamımızın müqəddəs borcudur. Biz bunu edə bilmiriksə, gələcək nəsillərə, yeniyetmə və gənclərə necə örnək ola bilərik?

Vətənpərvər insanların dinlədiyi mahnıların arasında da mütləq vətənə aid mahnılar yer alır. Bəlkə də, mən yanılıram. Kimlərsə mənimlə eyni düşünməyə bilər, hər kəsin fikrinə hörmət edirəm. Əlbəttə ki, təkcə vətənpərvər mahnıları dinləməklə də “vətənpərvər insan” olunmur, bunu mən də bilirəm. Eyni zamanda təkcə vətən haqqında statuslar paylaşmaqla da bu missiyanı tam yerinə yetirmiş olmursan. Amma vətənpərvər insanlar vətənə olan sevgilərini həm əməllərində, biliklərində göstərirlər, həm də söhbətlərində və ya dinlədikləri mahnılarda. Təbii ki, bütün bunlar kompleks halında olanda daha gözəl olar.

Kiçik yaşlarda olan uşaqların beyinləri ağappaq vərəq kimi təmizdir. Boş disk kimi ora nə yazılsa, ömür boyu onlarla gedəcək, yaddaşlarına həkk olacaq. Vətənpərvər insanların digər bir müqəddəs vəzifələri də, həm də ondan ibarətdir ki, bu ağ vərəqə faydalı məlumatlar yazılsın. Bunun üçün isə ilk növbədə özümüzdə olan əksiklikləri düzəltməliyik. Axı yuxarıda qeyd etdiyim kimi, uşaqlar və yeniyetmələr bizi özlərinə örnək götürürlər. Sözlərdən daha təsirli tərbiyə vasitəsi isə əməlində göstərməkdir. Biz uşaqların yanında vətən haqqında ancaq müsbət söhbətlər etməli, vətənpərvər mahnıları onların yanında da tez-tez dinləməli, himnimizi onlara öyrətməli və vətənimizin tarixi haqqında olan bütün bildiklərimizi də maraqlı şəkildə onlara aşılamalıyıq. Yəni heç onların ruhu da duymamalıdır ki, biz onlara nəsə təbliğ edirik. Bütün bunları mütəmadi olaraq etsək, artıq o uşaqlar da bu istiqamətdə formalaşacaqlar.

Vətənpərvərlik hisləri ilə böyüyən uşaq isə, təbii ki, vətən üçün faydalı vətəndaş olacaq. Onlar da öz növbələrində ixtiyarlarında olan uşaqları bu istiqamətdə formalaşdıracaqlar və beləliklə, həqiqi vətənpərvər insanların, gənclərin sayı da gündən-günə çoxalacaq. Vətənin gələcəyi onun sağlam düşüncəli gənclərindən asılıdır. Hər nə qədər ki, vətənpərvər gənclərimiz gün keçdikcə çoxalacaq, o zaman vətənimiz də hər zaman əmin əllərdə olacaq.

Vətənpərvərlik hislərini təkcə mən, sən və ya o təbliğ edə bilməz. Təbliğ edilsə belə, bir nəfərin təbliği ilə nəticə o qədər də ürəkaçan olmaz. Bu missiyanı yerinə yetirmək hər birimizin müqəddəs borcudur. Hər bir peşə sahibi bunu özünə müqəddəs vəzifə hesab etməlidir. Ən əsası da müəllimlər. Məncə, bütün məktəblərdə ən azından ilk dərs himnimizin sədaları ilə başlamalıdır. Şagirdlər artıq hər gün bu sədaların səsini eşidib ona alışmalıdırlar. Hər gün hər hansı bir dərs bu mövzu üzərində qurulmalıdır. Bunu dərs kimi yox, maraqlı diskussiya şəklində etmək lazımdır ki, şagirdlər üçün də maraqlı olsun və onlar da fikirlərini rahatlıqla ifadə edə bilsinlər. Vətən haqqında hər şagirdin özünəməxsus fikirləri hələ orta məktəbdəykən formalaşmalıdır. Bunun üçün isə ailə və məktəb paralel şəkildə hərəkət etməlidirlər.

Vətənimizi sevmək bizim üçün qürur hissi olmalıdır. Himnimizi dinləyəndə içimizdə bir qığılcım yaranıb alova çevrilməlidir. Bayrağımızı gördüyümüz zaman keçirdiyimiz hislərin sözlərlə ifadəsi mümkünsüz olmalıdır. Vətənimizin keşiyində dayanan hər bir əsgər bizim duamızda yer almalıdır. Vətənimizi qorumaq, bu şərəfli işi təbliğ etmək başlıca vəzifəmiz olmalıdır. Çünki biz bu vətənin vətəndaşlarıyıq. Bu vətənin suyunu içib torpağında böyümüşük. Vətənimizi sevmək hər birimizin içimizdən gəlməlidir. Vətən sevgisi ən saf sevgimiz olmalıdır. Nə xoş bizə ki, bu sevgiylə boy atan yeniyetmə və gənclərimiz hər gün keçdikcə bizim sayəmizdə çoxalmağa davam edir. Sonluğu Abbas Səhhətin şeirindən olan çox sevdiyim bir misra ilə tamamlamaq istəyirəm:

“Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!”

Aytən NAZİMQIZI

Şərh yaz