Uşaqların tərbiyəsi cəmiyyətlə yanaşı, həm də ailələrdən asılı olur

96

Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb. Həqiqətən də, biz hər birimiz yeniyetmə və gənclərimizi elə tərbiyə etməliyik ki, onlar vətəni hər şeydən daha çox düşünsün. Sevindirici haldır ki, biz buna nail olmuşuq. Bunu 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı hər birimiz gördük və gəblərimizlə fəxr etdik. Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Bütün hislərdə olduğu kimi vətənpərvərlik hislərinin də tərbiyəyə ehtiyacı vardır. Valideyn tərbiyəsindən kənarda qalan uşaqlarda nəinki vətənpərvərlik hisləri, hətta digər hislər də tərbiyə olunmadığı üçün düzgün formalaşa bilmir və bu, həm ailənin özü üçün, həm də ümumilikdə cəmiyyət üçün ciddi fəsadlara yol aça bilir. Ona görə də çalışmaq lazımdır ki, kiçik yaşlarından uşaqlara diqqət və qayğı göstərilsin, uşaqlar valideyn sevgisindən məhrum olmasınlar ki, sevginin nə olduğunu dərk etsinlər. Axı vətən sevgisi də ali hisdir və bunu uşaqlara izah etmək, çatdıra bilmək isə bizlərin borcudur. Amma eyni zamanda insanın daxilində də vətən sevgisinin qığılcımları olmalıdır ki, tərbiyə zamanı onları alovlandırmaq mümkün olsun.

Təbii ki, uşaqların tərbiyəsi cəmiyyətlə yanaşı, həm də ailələrdən asılı olur. Vətənpərvərlik hislərini təkcə mən, sən və ya o təbliğ edə bilməz. Təbliğ edilsə belə, bir nəfərin təbliği ilə nəticə o qədər də ürəkaçan olmaz. Bu missiyanı yerinə yetirmək hər birimizin müqəddəs borcudur. Hər bir peşə sahibi bunu özünə müqəddəs vəzifə hesab etməlidir. Ən əsası da müəllimlər. Bütün məktəblərdə ən azından ilk dərs himnimizin sədaları ilə başlamalıdır. Şagirdlər artıq hər gün bu sədaların səsini eşidib ona alışmalıdırlar. Hər gün hər hansı bir dərs bu mövzu üzərində qurulmalıdır. Bunu dərs kimi yox, maraqlı diskussiya şəklində etmək lazımdır ki, şagirdlər üçün də maraqlı olsun və onlar da fikirlərini rahatlıqla ifadə edə bilsinlər. Vətən haqqında hər şagirdin özünəməxsus fikirləri hələ orta məktəbdəykən formalaşmalıdır. Bunun üçün isə ailə və məktəb paralel şəkildə hərəkət etməlidirlər.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, hər zaman başlıca prioritetlərdən hesab edilib. Bunun üçün isə ilk növbədə bağçalar və məktəblərdə vətənpərvərliyin təbliği istiqamətində müəyyən addımlar atılmasına diqqət yetirilməlidir. Ekspertlər hesab edirlər ki, ilk növbədə gənclərin təlim və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin vətənpərvərlik keyfiyyətləri yoxlanılmalı və yüksəldilməlidir. Müəllim heyəti şagird və tələbələr üçün nümunə rolunu oynayır. Buna görə də həmin heyətin özlərinin bu sahədə məqbul biliklərə malik olması və gördüyü işə vicdanla yanaşması təmin edilməlidir. Müəllimlərin də əsas vəzifəsi şagirdlərə təhsil verməklə yanaşı, eyni zamanda onları yetkin bir vətəndaş kimi yetişdirməkdir. Onlarda Vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.

Valideyn övladını öz ailəsinə, vətəninə, el-obasına layiqli övlad kimi görmək, geniş dünyagörüşə malik vətəndaş kimi böyütmək istəyirsə, ona dinimizin, milli adət-ənənələrimizin çərçivəsində yol göstərməli, yaxşı kitabların siyahısını, tarixi filmlərin baxılma vaxtını bildirməlidir. Hər şeydən əvvəl, azərbaycançılıq ideyasını aşılamalıdır. Valideynlər əməksevərliyin, vətənpərvərliyin ata-anaya, müəllimə, torpağa sevginin sirlərini səbr və təmkinlə, zərrə-zərrə övladlarına çatdırmalıdırlar.

Vətənimizi sevmək bizim üçün qürur hissi olmalıdır. Himnimizi dinləyəndə içimizdə bir qığılcım yaranıb alova çevrilməlidir. Bayrağımızı gördüyümüz zaman keçirdiyimiz hislərin sözlərlə ifadəsi mümkünsüz olmalıdır. Vətənimizin keşiyində dayanan hər bir əsgər bizim duamızda yer almalıdır. Vətənimizi qorumaq, bu şərəfli işi təbliğ etmək başlıca vəzifəmiz olmalıdır. Çünki biz bu vətənin vətəndaşlarıyıq. Bu vətənin suyunu içib torpağında böyümüşük. Vətənimizi sevmək hər birimizin içimizdən gəlməlidir. Vətən sevgisi ən saf sevgimiz olmalıdır. Nə xoş bizə ki, bu sevgiylə boy atan yeniyetmə və gənclərimiz hər gün keçdikcə bizim sayəmizdə çoxalmağa davam edir.

Biz böyüklər yaşca bizdən kiçik olan uşaqlara və yeniyetmələrə də bunları düzgün şəkildə aşılamalıyıq. Uşaqların beyni ağ vərəq kimi saf və təmizdir, bizlər o vərəqə nəyi necə yazsaq, onların yaddaşında da o cür qalacaq. Uşaqlara nəyisə öyrədəndə əmr, qadağa formasında demək də düzgün deyil. Onlara böyük insan, şəxsiyyət kimi yanaşmaq lazımdır və məsləhət vermək, ən əsası isə örnək olmaq lazımdır. Çünki uşaqlar bizim nəyi deməyimizdən daha çox, nəyi eləməyimizə baxar və bizi özlərinə örnək götürərlər. Onlara nifrət, kin, hirs, narazılıq və s. kimi mənfi duyğulardan daha çox, sevgini, mərhəməti aşılamaq lazımdır. Təbii ki, əsas söhbət vətənə olan sevgidən gedir. Vətəni çox sevsək, vətənin hər qarışını, torpağını, küçəsini qorumağa can atsaq, çirkləndirməsək, onlar da bizləri təkrarlayacaqlar. Vətəni sevməyən, vətənpərvərlikdən uzaq olan gənclər istər-istəməz yad təsirlərin altına düşmək məcburiyyətində qalır. Ona görə də hər bir gəncin Vətənə sədaqət ruhunda tərbiyə olunması ehtiyacı yaranır.

Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu kükrətdi. Gənclərimiz böyük zəfərlə nəticələnən Vətən müharibəsinin getdiyi 44 gün müddətində öz fəaliyyətlərinin ən çətin, çətin olduğu qədər də şərəfli dövrünü yaşadılar.  Əvvəlki illərdə daha çox beynəlxalq konfrans və tədbirlərin, simpoziumların, kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə  edilməsi proseslərində, təşkilatçılığında gənclər öz bacarıqlarını nümayiş etdirmişdilərsə, bu il vətənpərvərlik, humanizm, azərbaycançılıq prinsipinə söykənilmiş fəaliyyətlətləri ilə gənclərimiz örnək olmağı bacardılar.

“Azərbaycanın gələcəyi gənclərə məxsusdur”- deyən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərəfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirib və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə edib: “Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir”. Ulu Öndərin bu dəyərli fikirləri ilə razılaşmamaq olmur. Həqiqətən də, vətənini və millətini sevən hər bir kəs bu sevgini təkcə dildə deyil, əməldə göstərməyə də özünü borclu bilməlidir.

Aytən NAZİMQIZI

Şərh yaz