Avstraliya ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda öz diplomatik missiyasını müvəqqəti dayandıracaq

6

Avstraliya beynəlxalq hərbi kontingentin Əfqanıstandan çıxarılması fonunda öz nümayəndəliyini və səfirliyini bu ölkədə müvəqqəti olaraq dayandıracaq.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison mayın 25-də yayılan bəyanatında bildirib.
Baş nazir qeyd edib ki, bu tədbir müvəqqəti xarakter daşıyır və Əfqanıstanda “müvafiq şərait” yaranan kimi Avstraliya öz diplomatik missiyasını bərpa edəcək.
“Beynəlxalq, o cümlədən Avstraliya silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması ölkədə vəziyyətə mənfi təsir göstərəcək və biz diplomatik heyətin təhlükəsiz iş şəraitini təmin edə bilməyəcəyik”, – deyə Baş nazir bildirib.
S.Morrison, həmçinin qeyd edib ki, Avstraliya sülhün və sabitliyin qorunması üçün Əfqanıstana yardım göstərməkdə davam edəcək: “Bizim əfqan xalqına humanitar yardım göstərmək öhdəliyimiz yaxın illərdə də tam həcmdə davam etdiriləcək, həmçinin iqtisadi inkişaf proqramına müvafiq olaraq, yaxın üç ildə 200 milyon Avstraliya dolları həcmində investisiya öhdəliyi də həyata keçiriləcək”.
Xatırladaq ki, aprelin 14-də ABŞ Prezidenti Co Bayden Əfqanıstanda əməliyyatların başa çatdırılması barədə qərara qəbul edib. Bu ölkənin hərbi kontingentinin sentyabrın 11-də Əfqanıstanı tərk edəcəyi gözlənilir. Avstraliya hərbçilərinin hazırda Əfqanıstanda iştirakı çox azsaylıdır və cəmi 80 nəfərdən ibarətdir. Onların da ABŞ qoşunları ilə birlikdə bu ölkədən çıxacağı bildirilir.

Vüqar Ağayev

Şərh yaz