Vətənpərvərlik hər birimizin həyat tərzinə çevrilməlidir

57

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”
Ümummilli Lider Heydər Əliyev
Vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan ailə mühitində verilən tərbiyə ilə yanaşı, təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Əlbəttə, dəfələrlə vurğuladığım kimi, vətən sevgisi və vətənpərvərlik hisləri, təbii ki, daxildən gələn bir hisdir. Lakin buna baxmayaraq bu hislərin tərbiyə olunub formalaşmasında müəyyən mənada ailə mühitinin və tədris müəssisələrinin də rolu danılmazdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.
Vətənpərvərlik insanın daxili zənginliyidir. Bu zənginliyin toxumları kiçik yaşlarımızdan daxilimizdə cücərib boy atmağa başlayır. Zaman keçdikcə daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissi yaradır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir. Vətənpərvərlik dövlət quruluşundan asılı deyil, ancaq insanı öz dövləti və bu dövlətin milli ideologiyasını özündə əks etdirən dövlətçilik ənənələri ilə sıx bağlayır. Bəlkə də, buna görədir ki, vətənpərvərlik ideyası bir xalqın müstəqilliyinin əsas sütunlarından sayılır. Ona görə də təhsil müəssisələrində də bu mövzu daha çox diqqətdə saxlanmalıdır.
Lakin hər şeyi dövlətin və təhsil müəssisələrinin üzərinə də atmaq düzgün deyil. Biz də bu ölkənin vətəndaşı olaraq əlimizdən gələni etməyə borcluyuq. Atalarımızın da dediyi kimi “Güc birlikdədir” və bu yolda hər birimiz güclərimizi birləşdirməliyik. Çünki yuxarıda da vurğuladığım kimi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmli məsələdir. Gənclərə milli ruhun aşılanmasına hələ körpə yaşlarından başlanmalı, uşaq bağçalarında, orta məktəblərdə, mətbuat səhifələrində və televiziyalarda bu məsələyə mütəmadi olaraq güclü şəkildə xüsusi önəm verilməlidir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsi nəticəsində reallaşdırılır.
Ekspertlərin fikirlərinə görə, hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin artırılması istiqamətində ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. Əksər təşkilatların bu sahədə həyata keçirdiyi layihələr, tədbirlər müsbət nəticələrini verir. Buna baxmayaraq məsələyə bir az geniş aspektdən yanaşmaq tələb olunur. Bu aspekt gənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə bağlı həyata keçirilən bütün islahatların hər birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət gənclərin milli şüuru və vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu, Bilik Fondunun təsis edilməsi gənclərin vətənpərvərlik hissinin yüksəlməsi sahəsində geniş imkanlar yaradıb. Bütün yaradılan bu imkanların əsas məqsədi milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətindədir.
Vətənpərvərlik anlayışına bir çox aspektlərdən baxmaq olar. Sokrata görə vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman vətənini sevə bilməzsən. Bəzən yanlış olaraq vətənpərvərliyi hərbi-vətənpərvərlik amili ilə də qarışdırırıq. Ancaq unuduruq ki, vətənpərvərlik kompleks tərbiyə sistemidir. Ən adi bir işi ləyaqətlə görməklə yaxşı bir vətənpərvərlik nümunəsi ortaya qoya bilərik. Digər tərəfdən, vətənpərvərlik amilində milli dəyərlər sisteminin qorunması əsas rol oynayır. Bu sistemdə isə dil böyük rola malikdir. Bu gün hər birimiz övladımızın əlavə xarici dil öyrənməsini istəyirik. Bu, övladlarımızın gələcək karyerası baxımından, eləcə də ölkəmizə müəyyən sahələrdə fayda vermək baxımından lazımlıdır, bunu təqdir edirəm. Lakin məsələ burasındadır ki, bəzən kiçikyaşlı uşaqlarımıza əcnəbi dil öyrədərkən həmin dilin aid olduğu xalqın dəyərlər sistemini də öyrədirik. Bu isə, təbii ki, uşaqlarımızın öz dəyərlərinə kifayət qədər yaxın olmamasına qapı açır. Aydındır ki, uşaq öyrəndiyi dili gələcək həyatında davamlı olaraq istifadə edəcəksə, o dilə mənsub xalqın dəyərlərini də öyrənəcək, əlbəttə, öz dəyərlərini tam mənimsədikdən sonra.
Onu da qeyd etmək yerinə düşər ki, keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hisləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün respublikamızda böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilinə, vətəndaş hazırlığına xüsusi diqqət ­yetirilir. Məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Hərbi-vətənpərvərlik tərbiyəsini, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motivi və ideyasıdır.
Vətənpərvərlik elə bir anlayışdır ki, onu sözlə ifadə etmək çox çətindir. Bu sözün kökündə “Vətən” kəlməsi dayanır. Vətən isə bizim doğulduğumuz, böyüdüyümüz, yaşadığımız yurd yeridir. Vətənpərvərlik hər insanın, ilk növbədə, öz ailəsinə, evinə, eyni zamanda Vətəninə olan münasibətinin göstəricisidir. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər.
Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Gənclərin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına axınla korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlidirlər.
Ümumiyyətlə, vətənpərvərlik hər birimizin əqidəsi olmalı, hər birimizin həyat tərzinə çevrilməlidir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi gənclərin əsas vəzifəsi bu imkanlardan layiqincə yararlanmaq, dövlətimizin mənafeyi üçün çalışmaqdır. Məhz bu hislərlə Vətənə xidmət ən ali xidmət sayıla bilər. Əgər hər kəs bunu bacarsa, ölkəmizin gələcək uğurları da çox olacaq. İnanıram ki, ölkəmizin gələcək inkişafı da ona təmənnasız xidmət edən vətəndaşlarımızın sayəsində mümkün olacaq.

Aytən NAZİMQIZI

Şərh yaz