Heydər Əliyev: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir”

66

Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar. Gənc nəslin vətənpərvərlik tərbiyəsi Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan ailə mühitində verilən tərbiyə ilə yanaşı, təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Əlbəttə, dəfələrlə vurğuladığım kimi, vətən sevgisi və vətənpərvərlik hisləri, təbii ki, daxildən gələn bir hisdir. Lakin buna baxmayaraq bu hislərin tərbiyə olunub formalaşmasında müəyyən mənada ailə mühitinin və tədris müəssisələrinin də rolu danılmazdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.
Vətənpərvərlik hislərinin yaranmasında ailənin rolu
Bir ailədə doğulan körpənin beyni tərtəmiz ağ vərəq kimidir. Aylar, illər bir-birini əvəz etdikcə o körpə böyüyür və ətrafındakı insanları izləyərək onlardan nələrsə öyrənməyə başlayır. Əgər onun ətrafındakı insanlar yetərincə vətənpərvərdirlərsə, həmin mühitdəki uşaq da təbii olaraq özünə örnək kimi o insanları götürəcək. Yəni bu hislərin qaynağı ilk növbədə ailədir, daha sonra məktəb, universitet mühiti və s.
Gözünü açdığı andan etibarən evində – eyvanında bayrağın dalğalandığını görən insan, əlbəttə, o bayrağı daha çox sevib hörmət edəcək. Bir dəfə müsahiblərimdən biri demişdi ki, hər bir azərbaycanlının evində Azərbaycan bayrağı hökmən olmalıdır. Ona görə olmalıdır ki, orada doğulan uşaq hər dəfə gözünü açanda o bayrağı görsün və o bayraqla fəxr etsin. Bu cümlə, düzü, məni çox təsirləndirmişdi və o vaxtdan bəri ağlımdan çıxmır. Doğrudan da, hər bir evdə bayrağımız dalğalansa, gözəl olardı. Düşünün, adicə yol gedirsiniz və hər hansı bir evin eyvanında üçrəngli bayrağımızı görürsünüz, bu zaman nə hislər keçirirsiniz? Şəxsən mən qürur hissi keçirirəm və həmin evin sahibini görməsəm də, tanımasam da ona qarşı olan hörmət və fəxarət hissim birə-beş artır. “Necə də gözəl mənzərədir, kaş ki, şəhərimizin bütün eyvanlarını üçrəngli bayrağımız bəzəyərdi” deyə düşünməmək olmur.
Hər bir ailədə hər kəs Vətənini, millətini, bayrağını sevməlidir, ona hörmət etməlidir və bu sevgi yalnız dildə deyil, əməldə də özünü göstərməlidir, lazım gəlsə, Vətən uğrunda canını verməkdən çəkinməməlidir. Belə bir ailədə doğulan, böyüyən, bu kimi ailələrin tərbiyəsini alan uşaqda da vətənpərvərlik hislərinin təməli uğurla qoyulur və o artıq ailəsini özünə örnək götürərək böyüməyə başlayır. Beləliklə, vətənpərvərlik hislərinin ilkin qığılcımlarını ailə yaradır və formalaşdırır. Yəni ailə, valideynlər bu yöndə mühüm məsuliyyət daşıyıcısıdırlar.
Milli mənlik şüurunun formalaşmasında təhsil-tədris müəssisələrinin rolu
Milli mənlik şüurunun formalaşması istiqamətində daha sonrakı mərhələləri isə təhsil-tədris müəssisələri təşkil edir. Bu işdə hətta məktəbəqədər təlim-tərbiyə mərkəzlərinin rolu əhəmiyyətlidir. Zənnimcə, tədris müəssisələri bu istiqamətdə kifayət qədər tədbirlər, təlimlər təşkil edirlər və bunu daha da təkmilləşdirəcəklər. İlkin olaraq şagirdin ibtidai sinfə başlamasında məktəbəqədər hazırlıq testləri diqqətimi daha çox çəkdi. Buradakı sualların arasında vətənpərvərlik hislərinin formalaşmasına kömək edəcək suallar var (ölkəmiz, bayrağımız, gerbimizlə bağlı suallar) və bu, məncə, bu istiqamətdə görülən işlər içində ən gözəl addımlardan biri hesab edilə bilər.
Bundan başqa, mən düşünürəm ki, bütün tədris müəssisələrində vətənpərvərliyi əks etdirən bir köşk yaradılmalıdır. Həmin köşk şagirdlər üçün əlçatan bir otaqda (istədikləri zaman ora gedə bilmək üçün) və müəllim nəzarəti altında olsa, daha yaxşı olar. Orada vətənpərvərliyi özündə əks etdirən müxtəlif rəsm tabloları, heykəltəraşlıq və ya tikiş nümunələri, şeir-hekayə guşələri və s. ola bilər. Mən düşünürəm ki, bu cür addımlar da uşaqlarda və yeniyetmələrdə həvəs yarada bilər və onlar öz vətənpərvərlik duyğularını bu şəkildə göstərə bilərlər, kimisi bayrağın şəklini çəkə bilər, kimisi Vətənə aid yazdığı şeiri o guşəyə qoyub digər şagirdlərin oxumasına vəsilə ola bilər və s. Həmçinin həftədə və ya ayda bir dəfə məktəbin akt zalında vətənpərvərlik mövzusunda çəkilən filmlər də nümayiş oluna bilər. Bütün bunlar məktəblilərdə vətənpərvərlik hislərini daha da artıracaq və onların milli mənlik şüuru bu istiqamətdə daha yaxşı formalaşacaq.
Vətənpərvərlik hislərinin formalaşmasına ətraf aləmin təsiri
Mənəvi dəyərlərimizin, əxlaq, vətənpərvərlik hissi və şüurunun aşılanması yolunda atılan bütün addımlar ardıcıl və davamlı olmalıdır. Vətənpərvərlik missiyası nüfuz və mövqedən asılı olmayaraq hamının işi olmalıdır. Hər bir insanın, cəmiyyət üzvünün əhatəsində xeyli sayda ağıllı, savadlı, çalışqan, kreativ, yüksək intellektli və bacarıqlı yeniyetmə və gənclər mövcuddur. Azərbaycan gənclərinin vətənpərvər ruhda inkişafı isə, əslində hər birimizin milli qazancımızdır. Ümumiyyətlə, mən düşünürəm ki, gənclər hər zaman nəzarətdə olmalıdır. Onların ətrafında olan dostları da vətənpərvərlik hislərinin tərbiyəsində önəmli rol oynayır. Belə ki, əgər gənc özlüyündə vətənpərvərdisə, lakin onun dostları və yoldaşlarında bu hislər kifayət qədər formalaşmayıbsa, ola bilər ki, bu da özlüyündə mənfi təsir yarada bilər. Ona görə dost seçimində də mütləq diqqətli olmaq lazımdır. Müsbət keyfiyyətləri özündə cəmləşdirən insanlarla yaxın olmaq daha məqsədə uyğundur.
Gənclərin Vətənə, millətə, milli-mənəvi dəyərlərə sevgisi olmalıdır. Hər bir gənc bunu özü şüurlu sürətdə dərk etməlidir. Gənclərin Vətən məsuliyyəti onların ilkin amalı olmalıdır. Bunun üçün də gənclər arasında daima maariflənmə işləri aparılmalıdır. Bu istiqamətdə müxtəlif dövlət qurumları, Qeyri-Hökumət Təşkilatları, ayrı-ayrı ictimai birliklər və gənclər təşkilatları öz töhfələrini vermək məqsədilə fərqli layihələr, hərbi yönümlü, vətənpərvərlik hislərini özündə əks etdirən tədbirlər həyata keçirirlər. Təşkil olunan tədbirlərdə bir sıra hərbçilər, müharibə qaziləri məktəblilərlə görüşüb öz hərb xatirələrini onlarla bölüşürlər. Müharibənin və döyüşlərin canlı şahidi olmuş insanların yeniyetmə və gənclərlə görüşməsi, onlarla söhbət etməsi də təbii olaraq onların vətənpərvərlik hislərinin formalaşmasında çox önəmli və müsbət rol oynayır.
Dəyərlərlə böyüyən, dəyərlərlə nəfəs alan, dəyərləri özünə rəhbər tutan, dəyərləri yaşayan və yaşatmaq arzusunda olan gənc yaradıcı nəslin yetişməsi, bütün cəmiyyətin üzərinə düşən prioritet məsələdir. Buna görə də biz bu gün həm ailədə və həm də cəmiyyətdə, təlim, tərbiyə və təhsil ocaqlarında, iş yerində, ətrafımızda gənc nəsli necə tərbiyə ediriksə, onlara necə nümunə oluruqsa, gənclərə alternativ düşüncə, nümunəvi şəxsiyyətlərin həyat və yaradıcılğını hansı istiqamətdə göstəririksə, gəncliyimiz də bizə və cəmiyyətə o şəkildə münasibət bildirir, fikir irəli sürür və formalaşır.
Bu gün gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Aytən NAZİMQIZI

Şərh yaz