Qaradağ rayonunda könüllü qanvermə aksiyası keçirilib

0

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan Qaradağ rayon ictimaiyyəti, idarə və müəssisə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 80 nəfərə yaxın rayon sakini təmənnasız olaraq qan verib.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün əksepidemik tədbirlər görülüb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qeyd edək ki, 2005-ci ildən ölkəmizdə təsdiq edilən “Talassemiyasız həyat naminə” proqramı bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırır.

Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcəkdir.

Şərh yaz