Cəsurluğu, xoşrəftarı, igidliyilə özünü hamıya sevdirən döyüşçü

1

Vətənpərvərlik, vətəni, torpağı böyük məhəbbətlə sevmək hər bir insanla bərabər dünyaya göz açır. Bu duyğu, amal insanın yol, məslək yoldaşı olur, onunla birgə addımlayır. Vətənpərvərlik insanda doğulan andan canına, qanına hopur, beynində özünə əbədi məskən salır. Əsl vətənpərvər insan vətənə məhəbbətini yalnız sözdə deyil, gördüyü işdə, əməlində, fəaliyyətində nümayiş etdirir. Məhz bu baxımdan da vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Azərbaycan xalqı ta qədimlərdən vətənpərvər xalq olaraq dünyada tanınıb. Xalqımızın igid oğulları vətəninə bağlılığı, vətənpərvərliyi, qəhrəmanlığı, mərdliyi, qeyrəti, cəsarəti ilə zaman-zaman dünyada ad çıxarıb, düşmənə savaş meydanında öz yerini bildirib. Belə qəhrəman oğullarımız bu gün də öz igidliyi, cəsurluğu ilə hamıya örnəkdir.

Bu gün ölkəmizdə vətən hamı üçün müqəddəsdir və onun uğrunda mübarizəyə qalxıb canından keçən oğullarımız çoxdur. Azərbaycan xalqı heç bir zaman qəhrəman oğullarını unutmayıb. Bu indi də belədir. İgid oğullarımız hər zaman qəlbimizdə əbədi yer qazanaraq yaşadılıb, şərəf və qeyrət simvolu kimi xatırlanıb, özündən sonra gələn gənc nəslə nümunə kimi təqdim edilib. Elə bu yazımda da belə cəsur oğullardan biri haqqında söhbət açacam.

İkinci Qarabağ savaşının qəhrəman oğullarından biri də Əliyev Mehrab Şikar oğludur. Mehrab 1979-cu il martın 8-də Goranboy rayon Baxçakürd kəndində dünyaya göz açıb. Qəhrəmanım zəhmətkeş ailənin yeganə övladı idi. Körpə ikən ata qayğısından məhrum olur. Bir müddət anası tək böyüdür onu. Lakin səhhətində yaranan problemlər ona övladını saxlamaqda çətinlik yaradır. Bundan sonra 5 yaşından Mehrab dayısının himayəsində böyüyür.  Uşaqlıq illəri çox ağır keçir. Qarşısına çıxan bütün çəkinliklərin arasında Mehrab böyüyür. Əsl vətənpərvər, qorxmaz bir igid kimi o da qarşısına bir çox məqsədlər qoyur. Bu məqsədlərə çatmaq üçün isə öncə davranışlarında diqqətli olur. Zəhmətkeş, tərbiyəli bir övlad olaraq anasının onunla bağlı arzularını yerinə yetirmək üçün öz üzərində çalışır. Mehrab tərbiyəsi, böyüklərə xoş münasibəti ilə hamının hörmətini qazanır. Orta məktəbi bitirdikdən sonra 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmətdə olur. Hərbi xidmətdən qayıtdıqdan sonra əlinin zəhməti ilə həyatını qurmağa çalışır. Fəhləliklə əmək fəaliyyətinə başlayan Mehrab 2010-cu ildə Gəncə Alüminium zavodunda işləyir. Lakin Mehrabın arzuları başqa idi. Onda uşaqlıqdan hərbiyə böyük maraq var idi. Bu da onun vətənpərvər bir oğul kimi böyüməsindən irəli gəlirdi. Mehrab vətəninə çox bağlı idi. Onun azadlığı naminə savaşa hər an hazır idi. Erməni mənfurlarının torpaqlarımızı işğal etməsi ilə barışa bilmirdi. Vətən onun üçün hər şeydən uca idi. Hər bir hərəkətində, əməlində çalışırdı ki, vətəninə layiq oğul kimi davransın. Ordu sıralarında xidmət etmək, doğma torpaqları düşməndən azad etmək, bir hərbçi kimi daim onun keşiyində dayanmaq Mehrabın ən böyük arzusu idi. Elə bu arzu ilə də cəsur qardaşımız  2013-cü ildə ordu sıralarında müddətsiz hərbi xidmətə başlayır. Mehrab hərbi xidmətdə də vətənpərvərliyi, qəhrəmanlığı, qətiyyətli olmağı, cəsurluğu ilə hamının hörmətini qazanır. Nümunəvi hərbçi öz peşəsinə daim məsuliyyətlə yanaşıb. Qəhrəman doğma torpaqlarımız uğrunda savaşa qoşulub düşməni məhv edəcəkləri günü səbirsizliklə gözləyirdi.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri, həmçinin yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə düşmən təxribatının qarşısını alır. Və bu, tarixə aprel döyüşləri kimi yazılır. O zaman Mehrab da həmin döyüşlərdə iştirak edərək qəhrəmanlıqla vuruşur.

Sentyabrın 27-də Vətən Müharibəsi başlayanda kiçik çavuş olan Mehrab Əliyev yenidən döyüşlərə qatılır. Vətəncanlı bir insan olan Mehrab torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur. Daim ön sıralarda gedərək düşmənə ağır zərbələr endirir. Cəsur qardaşımızın göstərdiyi qəhrəmanlıq komandanlıq tərəfindən yüksək qiymətləndirilir.

Həyat yoldaşı Nuridə Əhmədova Mehrab Əliyevin son dərəcə elinə, torpağına, vətəninə bağlı olduğunu deyir: “Heç kim onu bu yoldan döndərə bilməzdi. Məhz vətənə olan sonsuz sevgisi onun hərbidə xidmət etməyinə səbəb oldu. Çox vətənpərvər, mərd, cəsarətli insan idi. Həyatı heç də yaxşı keçməyib. Amma buna baxmayaraq, həyatın ən çətin sınaqlarından qeyrətlə çıxmağı bacarıb. Dostlarının, yaxınlarının yanında böyük hörməti var idi. Qısa müddətə məzuniyyətə gələndə silahdaşları darıxırdı. O da hərbçi dostlarından ayrı qala bilmirdi”.

Mehrab Əliyev döyüşlərdə hər zaman öndə gedərdi. Komandir geri qayıtmağını desə də, yoldaşlarını darda qoyub geri çəkilməzdi. Yaralı yoldaşlarını qanlı döyüşlərin arasından çıxardardı. Bu, onun həyatı bahasına gəlsə belə.

Nuridə xanım deyir, Mehrab ailəcanlı insan idi. Özü ata nəvazişi görmədiyindən övladlarına daha çox qayğı göstərirdi: “Çalışırdı, ürəkləri istədiyi hər bir şeyi yerinə yetirsin. Sentyabrın 26-da evə gəldi. Təbiətən mülayim, xoşrəftar insan olan Mehrab həmin gün uşaqlarla bir yerdə daha çox vaxt keçirdi. Ondan əvvəl hər bazar günü evə gələrdi. Uşaqlar da bilirdi ki, həmin gün ataları gələcək. Qapıda dayanıb atalarını gözləyirdilər. Sonuncu dəfə evdən gedəndə üç dəfə geri qayıdıb uşaqlarla görüşdü. Elə bil ürəyinə danmış kimi onları son dəfə bərk-bərk qucaqladı. O zaman ürəyimdə çox böyük qorxu hissi keçirdim. Bu haqda heç nə demədim. Sadəcə dedim, özündən muğayat ol, özünü qoru”.

Bu, Mehrabın ailəsilə son görüşü olur. Mənfur düşmənin açdığı atəş nəticəsində Mehrabın idarə etdiyi tank alışır. Həmin an Mehrab da onlara atır. Qarşı-qarşıya dəyən atəş Mehrabın həyatına son qoyur. Komandiri onu tankdan çıxaranda güclə eşidiləcək bir səslə deyir: “Komandir, məni ölməyə qoyma, üç balam var”. Lakin çox təəssüflər ki, Mehrabı xəstəxanaya çatdırsalar da, bunun faydası olmur. Mehrabı öncə Sabirabadda yerləşən xəstəxanaya gətirirlər. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, Mehrabın vəziyyəti daha da ağırlaşır. Komaya düşən qəhrəmanımızı Bakıya aparırlar. Həkimlərin səyinə baxmayaraq, 15 gün komada qalan igid qardaşımızın həyatını xilas etmək mümkün olmur.

Mehrab sözün əsl mənasında qəhrəmalığı ilə doğma yurduna gərəkli övlad olmağı, vətənpərvərliyilə vətənə layiq oğul olmağı bacardı. Gördüyü hər bir işi ilə hamının hörmətini qazandı. Vətəni, doğma torpaqları uğrunda son damla qanınadək vuruşub şəhidlik zirvəsinə ucaldı…

Mehrab Əliyev qısa, lakin şərəfli ömür yolu keçib. Qeyrətlə, namusla yaşayıb ailəsini təmin etməyə çalışıb. Əsl vətənpərvərlik nümunəsi göstərərək vətəninə sadiq biri olub. Onun azadlığı naminə düşmənlə mübarizəsini sonadək aparıb.

Qısa ömür payında doğma yurduna, canından çox sevdiyi vətəninə ürəyində böyük məhəbbət gəzdirib Mehrab. Hər zaman düşmənə böyük nifrət hissi bəsləyən qəhrəmanım zaman gəldikdə ona layiqli cavab veriləcəyini düşünürdü. Və həmin gün gəldikdə cəsur döyüşçü yoldaşları ilə birgə erməni mənfurlarını doğma torpaqlarımızdan qovaraq onları geri çəkilməyə məcbur edir. İgid qardaşımız özü bu döyüşdə qəhrəmanlıq nümunəsi göstərək neçə-neçə düşməni məhv edir. İgidliyi, əzmkarlığı, qətiyyətliyi, cəsarəti ilə milyonlarla insanın qəlbində özünə əbədi olaraq məskən salır, şücaət və qəhrəmanlıq simvoluna çevrilir.

Bu gün nəinki ailəsi, bütün Azərbaycan xalqı öz igid oğlu ilə fəxr edir. Həyat yoldaşının ölümü ilə barışa bilməyən Nuridə xanıma Mehrabın yoxluğu çox ağır gəlir. Bundan sonra övladları ilə birgə həyatına təkbaşına davam edəcəyini düşündükcə qəlbi sızıldayır. Hər dəfə körpə balalarının hər bazar günü gəldikdə: “Ana, bazar günüdür, bəs atamız niyə gəlmədi” sualına lal baxışlarla cavab verməyin nə qədər əzablı olduğunu təsəvvür etmək özü belə çox çətindir.

Bəli, Mehrab çox vətənpərvər, xalqını, ölkəsini həddindən çox sevən bir insan idi. Öz doğmalarına, dostlarına hər zaman qayğı ilə yanaşıb. Cəsurluğu, xoşrəftarı, igidliyilə özünü hamıya sevdirmişdi. Bu səbəbdən idi ki, onun ölümü dostlarını, əzizlərini çox yandırdı. Nuridə xanım deyir, axırıncı dəfə zəng edəndə son sözü olaraq övladlarını ona əmanət edir: “Uşaqları mənə bərk-bərk tapşırdı. Dedi, vəziyyət çox ağırdır. Hər şeyə hazır ol. Mənə nəsə olsa, özünü itirmə. Uşaqları qəti diqqətdən kənar qoyma. Onları nəvazişlə, əsl vətənpərvər övlad kimi böyüt”.

Mehrab Əliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar cənab Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Mehrab Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İndi atalarının ölümünü dərk edə bilməyən bu körpələr gələcəkdə vətənpərvər qorxmaz, igid bir insanın övladları olması ilə qürur duyacaqlar. Tanrı sizi qorusun gözəl balalar…

Şəhidlər Ana yurdu tutdular candan baha,

Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha.

Şəhidlər gedən yolu tufanlar bağlamazlar,

Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Elnurə İSAXAN

Şərh yaz