EANA-nın Baş katibi jurnalistlərin təhlükəsizliyi məsələsinin aktual olmasını vurğulayıb

5

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Aleksandr Giboi iki azərbaycanlı jurnalistin – Məhərrəm İbrahimov və Sirac Abışovun, həmçinin Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması ilə əlaqədar təəssüfləndiyini bildirib.

Aleksandr Giboi AZƏRTAC-a müsahibəsində deyib ki, reportyorların təhlükəsizliyi mövzusu müasir dünya jurnalistikasının gündəliyində qalmaqdadır. O xatırladıb ki, xəbər agentliklərinin 2016-cı ilin noyabr ayında Bakıda keçirilmiş V Ümumdünya Konqresinin panel iclaslarından biri məhz bu mövzuya həsr edilmişdi.

“Azərbaycanın işğaldan azad edilmiş rayonlarının birində bu günlərdə baş vermiş faciə nəticəsində bizim azərbaycanlı həmkarlarımızın həlak olması çox kədərli indikatordur. Təəssüflə deməliyəm ki, bu mövzu hələ uzun müddət peşəkar gündəliyimizdə əsas mövzulardan biri kimi qalacaq”, – deyən EANA-nın baş katibi həmin konqresdə AZƏRTAC-dan olan panel iştirakçısının öz çıxışında bu mövzuya toxunmasını xatırladıb.

A.Giboi həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verərək qeyd edib ki, belə hadisələrin sayını azaltmaq üçün beynəlxalq humanitar hüquq normalarına riayət edilməsi, o cümlədən minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycan tərəfinə verilməsi zəruridir.

Şərh yaz