Şəhadətin mübarək, qəhrəman döyüşçü!

5

Tarixin hansı səhifəsini vərəqləsək, orada mütləq yurdumuzun igid oğullarının qəhrəmanlıq yollarının izini görə bilərik. Çünki Azərbaycan xalqı ta qədimdən qeyrəti, cəsurluğu, igidliyi, qəhrəmanlığı ilə hamıya örnək olub. Sadaladığım bu keyfiyyətləri səciyyələndirən əsas amil isə vətənpərvərlikdir. Əslində vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Vətənpərvərlik insanın daxilində olan ən ülvi hissdir. Olduqca geniş mənanı özündə birləşdirən vətənpərvərlik yalnız vətəni sevmək deyil. Vətənpərvərlik – vətən naminə çalışmaq, uğrunda qəhrəmanlıq göstərərək doğma yurdunu hər an qorumağa hazır olmaqdır. Əgər bu ülvi hiss insanın daxilində yaranmayıbsa, o nə vətənini, nə torpağını sevə bilməz. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Vətəninə, onun hər qarışına, torpağına bağlı olan insan sözdə deyil, əməlində, fəaliyyətində, gördüyü işlərdə bunu sübut etməlidir. Vətənpərvəlik anlayışında vətənə, millətə sevgi hissi və bu sevginin fonunda vətənə, xalqına xidmət etmək var, bunların zirvəsində isə vətən naminə ölümə hazır olmaq dayanır. Bu isə vətənpərvərliyin ən uca və ali formasıdır. Vətənimizin bütövlüyü, azadlığı, xoşbəxtliyi naminə onun qəhrəman övladları canından, qanından keçərək doğma yurdunu müdafiə etməyi bacarmalıdır. Xalq şairi Bəxtiyar Vahabzadə “Vətəndaş” şeirində qeyd etdiyi kimi:

Vətəndaş! Nə gözəl səslənir bu söz,

Yəni – bir iqlimdə böyümüşük biz.

Səni də, məni də böyüdən Vətən,

Sənə də anadır, mənə də ana.

Sən də cavabdehsən, mən də hər zaman

Vahid anamızın xoşbaxtlığına.

Bir vətəndaş olaraq vətənini, elini, obasını, millətini sevən oğullarımız sayəsində bu gün bizə tarixin ən parlaq qələbə sevincini yaşamaq nəsib oldu. Onlar ana vətənin bütövlüyü naminə qorxmadan, cəsarətlə düşmənlə üz-üzə dayanıb onu məğlubiyyətə uğratdılar. 8 Noyabr zəfərininin xoşbəxtliyini xalqına, elinə, obasına qanları, canları bahasına yaşatdılar. Bu yolda qazi oldular. Bu yolda qanları ilə böyük tarixi qələbə yazaraq şəhadətə ucaldılar.

Nadir Elçin oğlu Abbasquliyev də milli-mənəvi dəyərlərimizi, tariximizi qiymətləndirməyi, böyük sərkərdələrimizdən örnək götürməyi bacaran, torpaqlarımız uğrunda son damla qanınadək vuruşub ölməyi seçən qəhrəmanlarımızdandır. Onun ən böyük arzusu Şuşanı görmək idi. Elə Şuşanı gördükdən sonra da şəhadətə yüksəldi qəhrəmanımız.

Nadir Qafqazın ən böyük parkı olan Gəncədəki Heydər Əliyev parkının mühafizə xidmətində işləyirdi. İş yoldaşları deyir ki, arzusu Qarabağda, Şuşada belə bir parkın olması idi. Heç şübhəsiz ki, igidimizin ölmədən öncə dilədiyi arzusu yerinə yetəcək. Qarabağda saysız-hesabsız parklar salınacaq. İş yoldaşı Vahid Nağıyev deyir ki, Nadirlə 2015-ci ildən tanışdılar. Baxmayaraq ki, qısa müddət keçib, qəhrəmanımızı yaxşı tanıyırdı: “Xidmətdə olduğu müddətdə özünü çox intizamlı göstərmişdi. Çox fəal işçi idi. Hər zaman torpaqlarımızın işğalı ilə bağlı danışarkən çox qəzəblənirdi. Deyirdi, müharibə başlayarsa, mütləq gedəcəm. Dediyinə də əməl etdi. Könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldu. İşində intizamlı olduğu kimi döyüş bölgəsində də komandanlığın bütün tapşırıqlarını əzmlə yerinə yetirib”.

Atası Elçin Abbasquliyevə oğlu ilə bağlı xatirələrindən söhbət açmaq çox çətin idi. Övladının ölümü ilə barışa bilməsə də, tək təsəllisi torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşərək ən uca zirvəyə yüksəlməsidir: “Bu gün oğlumla fəxr edirəm. Bir ata kimi onun yoxluğuna dözə bilməsəm də, yeganə təsəllim oğlumun özündən sonra qalan vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları, onun haqqında döyüş yoldaşlarının qürurla danışmalarıdır”.

Elçin Abbasquliyev deyir ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə müharibə iştirakçılarına medalların verilməsi ilə əlaqədar siyahıda Nadirin də adı qeyd olunarkən oğlumla qürur duydum. Fəxr edirəm ki, Nadir həyatda olmasa da adı həmişə yaşayacaq.

Anası Aygün Abbasquliyevanın da tək təsəllisi övladının igidliyi, cəsarətidir. Aygün xanım deyir ki, qohum, qonşu, dost, hamı Nadirlə fəxr edir: “Nadir heç kimi incitməyib, heç kimin xətrinə dəyməyib. Çox gülərüz, zəhmətkeş insan idi. Hamı onu çox istəyirdi. Böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Aygün xanım oğlu ilə bağlı xatirələrdən danışdıqca kövrəlir, bəzən xoş xatirələrin işığında qəmli simasında təbəssüm yaranırdı. Amma bu təbəssüm bir anın içində oğul itkisinin təsirindən yoxa çıxırdı. Müharibənin dəhşəti, odu-alovu bir ananın da sevincini, gülüşünü əlindən alıb qəmi, kədəri ona yoldaş edibdir.

Şəhidlik elə bir zirvədir ki, ora yalnız layiq olanlar yüksələ bilir. Qəhrəmanım da şəhidliyi qəlbən arzulayanlardan idi. Anası deyir ki, hər zəngində Nadir bizə tapşırırdı ki, qapımızı təmiz saxlayın. Çünki o bilirdi. Bir gün böyüyüb boya başa çatdığı evə ən ali zirvəyə yüksələrək qayıdacaq.

Dayısı Vüsal Şabanov deyir ki, bir gün Nadir ona zəng edir. Gördüyü yuxunu ona danışır: “Mənə dedi: “Dayı, yuxuda gördüm, dəvə karvanı ilə Şuşaya gedirik. Şuşaya çatanda dəvələr dönüb fil olur. O nə deməkdir?” Sonra öyrəndik ki, dəvə ruzi-bərəkətdir. Fil də cəsarət mənasını verir. Çox cəsarətli, vətənpərvər, vətənə bağlı oğul idi Nadir. Uşaqlıqdan bu ruhda böyümüşdü”.

Əmisi Ceyhun Abbasquliyevlə söhbət zamanı Nadirin Qarabağa olan sevgisindən danışdı: “Qarabağın işğalı ona çox pis təsir edirdi. Hər dəfə bu barədə söhbət düşəndə düşmənə olan nifrəti daha da artırdı. Deyirdi, müharibə başlasa, mütləq gedəcəm. O yerləri görməyi o qədər arzulayırdı. Sonuncu dəfə mənimlə danışanda dedi ki, əmi, narahat olma. Şanlı zəfərimizə az qalıb. Deyirdi, bura elə gözəl yerdir ki, Allah qoysa, bir yerdə Qarabağa gəzməyə gələrik”.

Nənəsi ilə böyüyən uşaqlar daha istəkli, hər zaman bir-birinə bağlı olurlar. Ağbirçəyimiz ona oğul qədər əziz olan ilk nəvəsini itirməyinə baxmayaraq, qürurlu və mətindir. Elmira nənə deyir ki, özümüzü təmkinli aparmalıyıq, başımızı dik tutmalıyıq: “Boynu bükük durmaq bizə yaraşmaz. Bizim balamız vətən uğrunda ən uca zirvəyə yüksəlib. Onun ölümü nə qədər acı olsa da, ən uca zirvədə olması hər birimizin fəxri, qürurudur”.

Döyüş yoldaşı Nəsimi Hətəmi müharibənin dəhşətindən danışaraq deyir ki, Nadirlə ilk döyüş yolumuz Füzulidən başlayıb: “Əvvəlcə Füzulidə arxa cəbhədə bir neçə gün qaldıq. Ordakı kənd məktəblərinin birində yerləşmişdik. Daha sonra bizi Füzuli ilə Xocavənd sərhəddində bir kəndə apardılar. Həmin ərazi alınmışdı, sadəcə olaraq, artilleriya atəşi altında qalırdı”. Daha sonra qəhrəmanlarımızın Şuşa istiqamətində döyüş əmri gəlir: “Bizi noyabrın 5-i Şuşada Topxana meşəsi ətrafına yönləndirdilər. Maşınla ora gəldikdən sonra piyada Topxana meşəsinin içindən keçərək Daşaltı kəndinə doğru irəlilədik. Biz ora çatdıqda Daşaltı kəndi alınmışdı, ora da  tam düşməndən təmizlənməmişdi. Və biz Daşaltı kəndinin solu ilə dağlara qalxaraq təxminən 6-7 saat yol qət edib Şuşa-Laçın yoluna gəldik. Bu yoldan Şuşa istiqamətində hərəkət edərkən orada bir sıra döyüşlərimiz oldu. Həmin günün səhərisi noyabrın 8-də Şuşadan Xankəndi istiqamətində hücuma keçdik. Xankəndi istiqamətində hücuma keçərkən Xankəndinin girəcəyində düşmənin artilleriya atəşinə məruz qaldıq”.

Ağır artilleriya atəşinə məruz qalan döyüşçülərimiz son anadək rəşadətlə döyüşüblər. Lakin təəssüflər olsun ki, bu döyüşdə Nadir düşmənlə üz-üzə qəhrəmanlıqla mübarizə apararaq şəhid olur.

Nadirin göstərdiyi şücaət Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün qəhrəmanımız cənab Prezidentin 15 dekabr sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir.

Dekabrın 18-də cənab Prezidentin daha bir sərəncamı ilə Nadir Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilir.

Prezident İlham Əliyevin 29 dekabr sərəncamı ilə isə Nadir Abbasquliyev Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilir.

Qarabağ Azərbaycandır! – ifadəsini qanları ilə reallaşdıran bütün şəhidlərimiz bizim fəxrimiz, qürur mənbəyimizdir. Biz bu gün məhz vətənpərvər oğulların sayəsində füsunkar gözəlliyə malik Şuşamızda bir daha Alim Qasımovun xoş avazında “Qarabağ Şikəstəsi”ni səsləndirə bildik. Kənanın ifasında “Bayatı-Şiraz” dağlara səs saldı. Artıq mədəniyyət beşiyimiz Şuşamızda silah səsləri deyil, əsgərlərimizin gülüş səsləri, Azərbaycanın valeh edici musiqi sədaları dağlara səs salır. Bu xoşbəxtliyi siz bizə nəsib etdiniz qəhrəman oğullarımız, şəhid qardaşlarımız.

Doğma torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək ən ali zirvəyə yüksələn igid qardaşlarımız, şəhadətiniz mübarək olsun.

Elnurə İSAXAN

Şərh yaz