Əbədiyyətdəki əziz ünvanlarımız – Şəhidlər ölməz, Vətən bölünməz!

38

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana – əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də… Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. “525-ci qəzet” olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

shahane.mushfiq@gmail.com

Əfəndiyev Nurlan Mürvət oğlu 8 oktyabr 1995-ci ildə Oğuz rayon Xalxal-qışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxal-qışlaq kənd məktəbinin 1-ci sinfinə gedib. 2012-ci ildə İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. 2014-2015-ci illərdə Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alıb, yaxşı xidmət etdiyinə görə iki dəfə məzuniyyətə buraxılıb.

Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsidir. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyüyüb.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın işğalçılardan azad olunmasında iştirak etmək üçün cəbhəyə yollanıb. Oktyabrın 6-da Murovdağ döyüşlərində şəhid olub, oktyabrın 7-də Xalxal-qışlaq kəndində dəfn edilib.

Nurlan Əfəndiyev şəhadətindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

***

 

Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda doğulub. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlayıb və orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirib. Həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak edərək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlayıb. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlib və həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olublar.

2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildən YAP İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, bir sıra ictimai tədbirlərin təşkilatçısı olub.

Famil 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə Tərtərin Talış kəndi və Suqovuşan qəsəbəsinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 3 noyabrda əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək dəfn edilib.

Ailəli olan şəhidimizin bir oğul övladı Vətənə əmanət qalıb.

Famil Əhmədzadə şəhadətindən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

***

 

Paşayev Məhəbbət Vaqif oğlu 5 avqust 1999-cu ildə Şəkinin Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinfə gedib. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçüb və Məhəbbət təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2016-cı ildə məktəb-liseyi bitirib.

Məhəbbət Paşayev 26 aprel 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirib. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirərək hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülüb. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurub. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləyib. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan M.Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, sentyabrın 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Məhəbbət Paşayev şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

***

 

Ağaqardaş İlham oğlu Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub.

Ağaqardaş Abbasov şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Fərrux Bayram oğlu Bayramlı 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində alıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov hələ 2016-cı il aprel döyüşləri zamanından orduya yazılmışdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, neçə-neçə döyüş yoldaşının həyatını xilas edib. Özü isə oktyabrın 12-də Ağdərə istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Məmmədabad kəndində torpağa tapşırılıb.

Altı illik ailəli olan şəhidimizdən Vətənə əmanət Əsmər adlı üç yaşlı qızı, Fəxri adlı 2 yaşlı oğlu qalıb.

Fərrux Bayramov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

***

 

Məmmədov Tural Arif oğlu 1 may 1995-ci ildə Oğuzun Sincan kəndində anadan olub. 2001-2012-ci illərdə Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində  təhsil alıb. 2013-cü ildə hərbi xidmətə gedib. Hərbi xidmətini başa vursa da, Azərbaycan Ordusunda xidmətini davam etdirib. Tankçı idi. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Hərbi vəzifəsi tank komandiri olan hərbçi 2020-ci ilin sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.  Gizir T.Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanıb, həkimdən icazəsi olmasına baxmayaraq, yenidən döyüşlərə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. 29 oktyabr 2020-ci ildə Oğuz rayon Sincan kəndində dəfn edilib.

Tural Məmmədov şəhadətindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

***

 

Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. İkinci sinifdə oxuyanda musiqi məktəbinə qəbul olub və orada tar sinfini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradan fəxri fərmanlar alıb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü qoşulub.

Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı şəhid olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Rəvan da oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Rəvan Əliyev şəhadətindən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Zaməddinov Fərid İmran oğlu 1986-cı il mayın 11-də Oğuz şəhərində doğulub. 1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli orta məktəbdə  təhsil alıb. Həmin il ordu  sıralarına çağırılıb. 2003-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif sahələrdə işləyib. 2012-ci ilin aprel ayından Azərbaycan Ordusunda hərbi xidmətini gizir kimi davam etdirib. 2016-cı ilin Aprel  döyüşlərinin iştirakçısı olub.

Gizir Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin, Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Noyabrın 10-da Talış istiqamətindəki döyüşlərdə şəhid olub. Noyabrın  16-da Oğuz şəhərindəki  Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimizin üç övlad yadigarı qalıb.

Hərbi xidmət dövründə 2018-ci il iyunun 26-da  “Azərbaycan Ordusunun 100 illiyi”, 2020-ci il iyunun 26-da “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarına layiq görülən gizir Fərid Zaməddinov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

***

 

Bilal Xanlar oğlu Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.

Şəhidimizdən yadigar bir qız övladı qalıb.

Bilal Qənbərov şəhadətindən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Cavanşir Əhmədov Elxan oğlu 2001-ci il mayın 6-sı Xırdalan şəhərində doğulub. 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məktəbində təhsil almağa başlayıb. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib: ağır atletika ilə məşğul olub və uğurlar qazanıb. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində yerləşən “Odlar Yurdu” Kollecinə daxil olub.

Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanıb. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başlayır və Cavanşir cəbhənin müxtəlif istiqamətlərində döyüşlərə qatılıb. Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin 4 noyabr tarixində Laçının Səfiyan kəndində vuruşub, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüşə davam edib. Yaralı olduğu halda, döyüş yoldaşına kömək etmək istəyərkən, güllə böyrək nahiyyəsinə tuş gəlib və Cavanşir Əhmədov şəhid olub. Onun nəşi 26 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilib və Bərdənin Alpoud kəndində dəfn edilib.

Cavanşir Əhmədov şəhadətindən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

***

 

Dmitri Aleksandr oğlu Solnsev 1995-ci il aprelin 15-də Bakıda anadan olub. Milliyyətcə rus idi. Uşaq yaşlarında həm anasını, həm də atasını itirib. Bir bacısı var. 2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb.

Dmitri Solnsev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.

Azərbaycan Ordusunun əsgəri olan Dmitri 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Dmitri Solnsev şəhadətindən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Elgin Ağayar oğlu Abbaslı 16 may 1991-ci ildə Laçının Dəyhan kəndində doğulub. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçüb, Sarıqaya qəsəbəsində məskunlaşıblar. Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanıb. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirib. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət edib.

MAHHXHQ əsgər Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edərək Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub, yaralıları döyüş meydanından çıxarıb. Noyabr aylarının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgin 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Elgin Abbaslı şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən “N” saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli olan şəhidimizin bir qızı yadigar qaldı.

Elnur Hacıyev şəhadətindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

 

Elməddin Məhəmməd oğlu Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda doğulub. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbə daxil olub. Orta təhsilini bu məktəbdə bitirdikdən sonra 2017-ci ildə Qəbələ rayonunda yerləşən Peşə Məktəbinə qəbul olub. Peşə məktəbini aşpazlıq ixtisası üzrə bitirərək 5 iyul 2019-cu ildə hərbi xidmətə yollanıb. Xidmətini Füzuli rayonunda davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Elməddin Mustafayev şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Zabil Azər oğlu Ağayev 1994-cü il martın 1-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində alıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Zabil Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Saatlı rayonu Məmmədabad kəndində dəfn edilib.

Zabil Ağayev şəhadətindən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

***

 

Zaur Vaqif oğlu Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ailəli olan şəhidimizin bir qız övladı vətənə əmanət qalıb.

Zaur Hüseynov şəhadətindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Xaspolad Fikrət oğlu Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanıb. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Ailəli olan şəhidimizin bir oğul övladı yadigar qalıb.

Xaspolad Qasımov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şahanə MÜŞFİQ

(525.az)

Şərh yaz