Milli Qurtuluşumuzun zəfər yürüşü

109

1993-cü ilin iyun ayında ölkədə çox ağır bir vəziyyət yaranmışdı. Həmin gərgin günlərdə xalıqımız tökülən qanlar bahasına əldə etdiyi dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Gözlənilməz hadisələr çox sürətlə, həm də dramatik və gərgin xətt üzrə inkişaf edirdi. Müstəqilliyini yenicə qazanmış respublikamız parçalanmanın bir addımlığında idi. Bu günlərdə xalq bütün ümidini Naxçıvana – böyük şəxsiyyət Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərəfəsində xalqımız dahi şəxsiyyət, böyük dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi.

Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlərlə qarşıladı. Bununla da, Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda inamlı və uğurlu dönüş yarandı. Həmin gərgin günlərdə baş vermiş hadisləri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı.

Ümummilli liderin qətiyyəti, möhkəm iradəsi xalqa böyük ruh yüksəkliyi gətirdi. İtirilmiş inamlar xalqa qaytarıldı. Qısa müddət ərzində ölkədə sabitlik hökm sürməyə başladı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə irəli gedərək böyük, yaddaqalan uğurlar qazanmışdır. Bu nailiyyətləri saymaqla, yazmaqla qurtaran deyil. Sonrakı hadisələr və quruculuq işləri bir daha sübut etdi ki, 1993-cü il iyun hadisləri zamanı xalq ulu öndərimizi hakimiyyətə dəvət etməkdə yanılmayıb. Vaxtında və çox düzgün addım atıb. Nadir tarixi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən, arxalanan dahi siyasətçi kimi Azərbaycanın dövlət müstəqilliyini əbədi, əzəli və dönməz etmişdir. Xalqımız ulu öndərimizin bu xidmətlərini heç vaxt unutmayacaq. Çünki dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yarandı, əmin-amanlığa və siyasi sabitliyə nail olundu.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən ümummilli lider bununla xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu.

Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının təməlində dayanaraq gələcək inkişafın əsasını qoyub. Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başladı. Bir sözlə, Ümummilli lider Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxardı. Bu gün, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu getdikcə daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu.

Dahi rəhbərin başqa sahələrdə oldu kimi, təhsil işçilərinin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramıdır. Ulu öndər Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri konsepsiyası son dərəcə qiymətli olub, çağdaş dövrdə də, gələcək yüz illərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən ulu öndər Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdi. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci hakimiyyət illərində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşıb və daim qayğı göstərib. Respublikamızda ümumi orta, texniki peşə, orta ixtisas və ali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi təhsil sahəsəində də uğurlu islahatlar həyata keçirilir. Ölkə ərazisində müasir tələblərə cavab verən yeni-yeni məktəblər tikilərək şagirdlərin ixtiyarına verilir. Bütün bunlar isə təhsilin, elmin inkişafına təkan verən amillərdəndir.

Ötən il sentyabr ayının 27-də ermənilərin təxribatı nəticəsində  İkinci Qarabağ müharibəsi başlandı. Güclü, qüdrətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular. Zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. İyirmi səkkiz illik erməni işğalına son qoyuldu. Torpaqlarımız erməni qəsbkarlarından azad olundu. Məhz buna görə də 15 İyun – Qurtuluş Gününü böyük ürəkaçıqlığı ilə, qələbə və zəfər ovqatı ilə qeyd edirik.

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. Ulu öndərin dövlət quruculuğu, təhsil sahəsindəki islahatlar,  milli şüurun dirçəlişi, ideologiyamızın inkişafı və formalaşması, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi bu gün cəmiyyətdə dərindən öyrənilir və təbliğ olunur. 20-ci əsrin ən böyük dühalarından olan görkəmli dövlət xadimi, nadir şəxsiyyət, xalqın xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir, nümunə məktəbidir.

 

Kamal Təhməzov

Masallı rayon Xırmandalı kənd

Xıdır Məmmədov adına tam orta məktəbin direktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

Şərh yaz