“Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb

0

İyunun 11-də Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilib.
Bu barədə Herbiand-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, cari il aprelin 22-də Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərindən 24 nəfər tərəfindən keçirilən yığıncağda “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq, hüquqi ünvanı müəyyən edilib.
Aprelin 30-da dövlət qeydiyyatına alınan İctimai Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir.
Baş Prokurorluqda keçirilən tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Baş prokuror hazırkı dövrədək prokurorluq orqanlarından 18-i qadın olmaqla 381 nəfərin yaşa görə təqaüdə çıxdığını qeyd edib.
Kamran Əliyev prokurorluğun zəngin təcrübəyə malik veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşmələrinin vacibliyini vurğulayıb.
Tədbirdə veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə Baş Prokurorluğun rəhbərliyi tərəfindən daimi diqqətin prioritet məsələlərdən biri olduğu qeyd edilib. Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunub.
Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə edib, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Şərh yaz