Cəbhəboyu zonada yeni tikilən hərbi hissələrin açılışı və tikintisi davam etdirilən obyektlərə baxış keçirilib

1

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilmiş hərbi hissələrin açılışında iştirak edib və inşası davam etdirilən obyektlərə baxış keçirib.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, mərasim iştirakçıları istifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclarda yaradılan şəraitlə maraqlanıblar.

Bildirilib ki, IP mühafizə və IP videomüşahidə sistemləri, yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.

Ərazidə inşa olunan yataqxana binaları da mebel və inventarlarla təmin edilib. Burada iş, məişət və digər xidməti otaqlar istifadəyə verilib. Binada yanğından mühafizə və daxili rabitə sistemləri quraşdırılıb. Hərbi hissənin ərazisindəki tibb məntəqələri müasir standartlara cavab verən tibbi avadanlıqla təmin olunub.

Şəxsi heyətin rahat və keyfiyyətli qidalanmasının təşkili məqsədilə geniş yeməkxanalar lazımi avadanlıqlarla təchiz edilib. Ərzaq anbarlarında soyuducu kamera və digər ərzaq saxlama otaqları, əşya anbarında isə əmlak saxlama otaqları mövcuddur. Ərazidə yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, yollara asfalt salınıb, qaz və yüksək gərginlikli elektrik xətləri çəkilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sərəncamında olan hərbi obyektlərdə tikinti, yenidənqurma, təmir işlərinin 90 faizi artıq başa çatdırılıb və növbəti illərdə bu işlərin tam yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulan yataqxanaların tikintisi davam etdirilir və Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətdə işlər bundan sonra da həyata keçiriləcək.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Şərh yaz