Gənclər sabahın qurucularıdır

0

Vətəni sevməyən insan olmaz,

Olsa o şəxsdə vicdan olmaz!  (Abbas Səhhət)

Şair necə gözəl deyib. Hər bir insan vətənini, yurdunu sevməlidir. Vətən sevgisini uşaqlara, yeniyetmə və gənclərə düzgün aşılamaq lazımdır. Düzdür, əlbəttə ki, bu, eyni zamanda insanın öz canında da olmalıdır, amma burada mühitin və tərbiyənin də rolu danılmazdır. Gənclər vətənpərvər yetişdirilməlidirlər, çünki onlar bizim gələcəyimiz, sabahımızdır. Çox zaman söhbət gənclikdən, gənclərimizdən düşəndə gözümüzün önündə gələcək canlanır. Biz gənclər Vətənimizin sabahının, gələcəyinin qurucularıyıq. Vətənin sabahının işıqlı, gələcəyinin parlaq olması bu gün ölkədə fıziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri qavraya bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli gənclərin yetişməsindən çox asılıdır.

Müstəqil Azərbaycan gənclər ölkəsi hesab olunur. Respublikamızın əhalisinin yarıdan çoxunu gənclər, yeniyetmələr və uşaqlar təşkil edir. Buna görə də ölkəmizdə böyüməkdə olan nəsil hər cür qayğı ilə əhatə olunub, dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkilinə, fiziki və peşə hazırlığına, mədəni səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

İstənilən hadisəyə istər müsbət, istərsə də mənfi tərəfdən yanaşmaq mümkündür. Bəzi insanlar həyatlarını başqalarının həyatı ilə müqayisə edib öz həyatlarında olan əksiklikləri dilə gətirir və narazılıq edir, bəziləri isə daha nikbin yanaşır, müqayisənin nəticəsi olaraq öz həyatının üstün cəhətlərini tapır və bundan razılıq edir. Bu, hər məsələdə belədir. Eləcə də gənclərimizlə bağlı müxtəlif insanların düşüncələrini də buna nümunə olaraq göstərmək olar. Bu, dünyanın hər yerində belədir, çünki dünyada düşüncələrinin müxtəlifliyinə görə fərqlənən milyonlarla insan var. Mən gənclərimizə, onların tərbiyəsinə, mədəniyyətinə, vətənə olan sevgilərinə müsbət fikirlərlə yanaşıram. Bizim kifayət qədər mərd, qorxmaz, vətənini və millətini sevən gənclərimiz var ki, lazım gəlsə, vətən üçün canlarını qurban verməyə hər an hazırdırlar. Bunun ən bariz nümunəsi isə elə son dövrün zəfər savaşı hesab olunan aprel döyüşləridir. 2016-cı ilin aprel ayında nəinki gənclər, bizim bütün vətənpərvər insanlarımız birləşdi. Bu döyüş bizim xalqımızın zəfər bayrağını dalğalandırdı.

Mən düşünürəm ki, bizim xalqımız lap qədim zamanlarda da vətənpərvər olub, indi də belədir. Bizim qanımızda, ruhumuzda var mərdlik və istənilən situasiyada lazım gələrsə, bu, özünü yenidən biruzə verəcək. Amma yenə də bununla kifayətlənməmək lazımdır, yenə də bizim borcumuzdur ki, əlimizdən gəldiyi qədər bu istiqamətdə müəyyən addımlar ataq. Bəli, bu, bizim vətəndaşlıq borcumuzdur. Özümüzdən yaşca kiçik uşaqlara, yeniyetmə və gənclərə daim vətənpərvərliyi aşılamaq, onlarla bu istiqamətdə diskussiyalar etmək, vətənpərvərlik mövzusunda tədbirlər, dəyirmi masalar keçirmək və s. onlarda vətənpərvərlik hislərini daha da gücləndirəcək və onların milli mənlik şüuru müsbət istiqamətdə formalaşacaq.

Vətənin qorunması və müdafiəsinin təşkili o ölkədə yaşayan cəmiyyətin milli birliyindən və sahib olduğu maddi sərvətlərin qorunmasından hədsiz asılıdır. Vətənpərvər insan kimdir? Bu məfhumun kökündə duran amillər ən əsası bir insanın yaşadığı və ruzi qazandığı, əcdadlarının qəbri olan, nəslinin isə yüz illər sonra da yaşayacağı torpağı müdafiə etmək qayğısıdır. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir. Özünü vətənpərvər hesab edən hər bir gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.

Bir az tarixə nəzər yetirsək, görə bilərik ki, biz hətta rus imperiyasının tərkibində olanda belə öz dilimizi, adət-ənənələrimizi qoruyub saxlamağı bacarmışıq. Daha sonra yenidən müstəqillik əldə edəndə bu imkanı daha çox dəyərləndirmişik. 1994-cü ildə ölkəmizdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradıldı, bununla da gənclər siyasəti dövlət siyasəti səviyyəsinə yüksəldildi. Gənclər siyasətini həyata keçirən belə bir nazirliyin yaradılması respublikamızda böyük qüvvə olan gənclərin təşkilatlanmasında, onların potensialından müstəqil Azərbaycanın mənafeyi naminə səmərəli istifadə olunmasında mühüm amilə çevrildi. Nazirliyin xətti ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin ideya tərbiyəsinin möhkəmləndirilməsi, onların xalqımızın ən yaxşı ənənələri ruhunda formalaşmaları, müasir bəşəri dəyərlərə yiyələnmələri üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq, ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Dövlətimizin ölkədə təhsil sisteminin yeniləşməsinə göstərdiyi qayğı barədə ayrıca söhbət açmaq olar. Mütəfəkkir insanlar təhsilsiz cəmiyyəti qaranlıq tunelə bənzədiblər. Son illərdə ölkəmizdə məktəb tikintisinin vüsət alması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, dərsliklərin uşaqlara pulsuz paylanması və başqa belə tədbirlər təhsilə dövlət qayğısının ifadəsidir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanılmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir.

Ölkədə gənclərlə işin mühüm bir istiqamətini hərbi-vətənpərvərlik mövzusunun geniş surətdə təbliğ olunması təşkil edir. Bu da respublikamızın qonşu Ermənistanla müharibə şəraitində olması, torpaqlarımızın 20 faizinin işğal altında qalması, bir milyon soydaşımızın dədə-baba torpaqlarından qaçqın düşməsi ilə bağlıdır. Gənclərin devizi belədir. Biz gec-tez torpaqlarımızı düşmən tapdağından azad etməliyik! Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etmək məqsədilə hər il məktəblilər arasında “Şahin”, “Marş, irəli”, “Vətənin müdafıəsinə hazıram”, “Cəsurlar” kimi hərbi-idman oyunları təşkil edilir.

Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Belə ki, bu gün Azərbaycan gəncləri müxtəlif dövlət orqanlarında, icra strukturlannda geniş təmsil olunur, özəl bölmədə uğurlar qazanır, mükəmməl təhsil almağa böyük maraq göstərirlər. Müstəqil respublikamızın ordu quruculuğunda gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduya xidmətə gedir, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına və gənclərimizə nikbin baxmağa əsas verir.

Aytən NAZİMQIZI

Şərh yaz