Milli Məclisin növbəti iclası keçirilib

6

İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Herbiand.az AZƏRTAC-a istinadla  xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib. Bildirilib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, komitə sədrləri Səməd Seyidov, Hicran Hüseynova, Tahir Rzayev, Qənirə Paşayeva, Sadiq Qurbanov, deputatlardan Fazil Mustafa, Soltan Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Şahin İsmayılov, Tural Gəncəliyev, Sahib Alıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ramin Həsən, Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı ölkə gündəmindəki önəmli məsələlərdən söz açıblar. Çıxışlarda aqrar sahədə vəziyyət, kənd təsərrüfatının inkişafına dəstəyin artırılması, suvarma sistemlərinin yenilənməsi, qanunların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlər səsləndirilib.

Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsinə başlanılıb. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.

Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirib, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verib. Bildirilib ki, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı deputatların verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğulayıb ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, dövlətimizin başçısının ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

İclasda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə də (üçüncü oxunuş) baxılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirib ki, sənədin əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı deputat tərəfindən heç bir yeni təklif qeydə alınmayıb. Bu sənəd də səsvermə yolu ilə qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırıb.

Şərh yaz