Rusiya-Azərbaycan: qarşılıqlı fəaliyyət tarixin ən mürəkkəb məqamlarında təzahür edir

5

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev  Rusiya ilə Azərbaycanın tərəfdaşlığının strateji xarakter daşımasını vurğulayaraq qeyd edib ki, qarşılıqlı fəaliyyət tarixin ən mürəkkəb məqamlarında daha parlaq şəkildə təzahür edir. Herbiand.az AZƏRTAC-a istinadla  müsahibəni təqdim edir.

-Dmitri İvanoviç, strategiya məsələləri barədə danışmazdan əvvəl bir sual vermək istərdim: koronavirus pandemiyası Rusiya ilə Azərbaycanın münasibətlərinin dinamikasına təsir göstəribmi?

-Bir sıra dövlətlərin epidemioloji baryerlərlə bir-birindən ayrıldığı bugünkü şəraitdə çoxillik tərəfdaşlıq əlaqələrinin möhkəmliyi sınağa çəkilir. İndi belə bir ifadə dəbdədir: dünya daha heç vaxt əvvəlki kimi olmayacaq. Lakin bu ifadəni Rusiya ilə Azərbaycanın tərəfdaşlığına tətbiq etmək düzgün olmazdı, çünki bizim xalqlarımız belə mürəkkəb dövrdə bütün dünyaya dostluq və qardaşcasına qarşılıqlı kömək nümunəsi göstərir. Məsələn, koronavirusun səmərəli aşkar edilməsi üçün Rusiya Azərbaycana 12 min tədqiqat üçün nəzərdə tutulan test sistemi göndərib. Əməkdaşlığın ən aktual istiqamətlərindən biri ölkələrimizin vətəndaşlarının öz evlərinə qayıtmasıdır. Sərhədlərin açılmasını gözləyən çoxsaylı azərbaycanlılar Dağıstan ərazisinə gedib, orada onların yerləşməsi üçün çadır şəhərciyi yaradılıb, səhra hospitalları işləyir. Martın ortalarından bəri 7500-dən çox azərbaycanlı öz vətəninə qayıdıb. Hazırda ölkələrimiz arasında sərhədlər bağlıdır, lakin bu fakt sərhədaşırı yükdaşımaların intensivliyinə əsla təsir göstərməyib.

-Siz Rusiya-Azərbaycan tərəfdaşlığını necə səciyyələndirərdiniz?

-Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində yarım milyard ton neft hasil edib və bu böyük sərvət infrastruktur dəyişikliklərinə, insan kapitalının inkişafına yönəldilib. Bu gün respublika öz iqtisadi və sosial göstəricilərinə görə çox uğurlu və sürətlə inkişaf edən ölkədir. Hazırda Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: 2019-cu ildə əmtəə dövriyyəsinin həcmi 2018-ci il üçün müvafiq göstəriciləri 27,4 faiz üstələyərək 3,2 milyard dollara bərabər olub, qarşılıqlı investisiyaların həcmi isə 6 milyard dollara çatıb. İki ölkənin iqtisadi maraqları “yol xəritələri”nin reallaşması çərçivəsində qarşılıqlı bağlıdır, yeni, altıncı “yol xəritəsi” isə ən mühüm sənədlərdən biridir. Burada innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sferasından söhbət gedir, çünki həm Rusiyada, həm də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə kəskin ehtiyac duyulur. Regionlararası səviyyədə əlaqələr səmərəlidir: Rusiyanın 71 regionu Azərbaycana öz məhsullarını göndərir, Rusiyanın 17 subyektində Azərbaycan ilə əməkdaşlıq haqqında sazişlər qüvvədədir. Pandemiya ilə bağlı baryerlər, məsələn, ikinci beynəlxalq “Azərbaycan-Tümen” onlayn-forumunun keçirilməsinə mane olmayıb. Bu forum çərçivəsində biznesmenlər neft hasilatı, kənd təsərrüfatı və turizm sahələrində təcrübə mübadiləsi aparmaqla bərabər, müştərək müəssisələr yaradılmasının müxtəlif variantlarını müzakirə ediblər. Ən ciddi və genişmiqyaslı strateji layihələrin həyata keçirilməsi ölkələrimiz arasında proqnozlaşdırıla bilən şəffaf münasibətlərin nəticəsidir. Rusiya və Azərbaycan prezidentlərinin səmimi şəxsi münasibətləri bu əlaqələrə əlavə impuls verir.

-Lakin strateji tərəfdaşlıq anlayışı təkcə iqtisadiyyat sferası ilə məhdudlaşmır?

-Həqiqətən, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan bəri ən müxtəlif əməkdaşlıq sahələrində 300-ə yaxın ikitərəfli sənəd imzalanıb. Bu sənədlər siyasətdən və iqtisadiyyatdan başlamış yüksək texnologiyalar və mədəniyyət sahəsinə qədər ən müxtəlif məsələləri əhatə edir. Bizim bir dövlət çərçivəsində mövcud olduğumuz ortaq tarixi dövrdən miras qalmış, müstəqillik illərində daha da inkişaf etmək üçün əlavə imkanlar qazanmış ortaq dil, təhsil və mədəniyyət məkanı buna çox kömək edir. Bu gün Azərbaycanda rus dilinə tələbat çoxdur. Respublikada Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir, bizim mütəxəssislər rus dili müəllimlərinin hazırlanmasının və təkmilləşdirilməsinin təşkilində azərbaycanlı həmkarlarına kömək edirlər. Rusiyada təhsil alan 11 mindən çox azərbaycanlı tələbə ölkələrimizin gələcək sıx əməkdaşlığının təməlidir. Rusiyalı artistlər Azərbaycan tamaşaçıları arasında çox populyardırlar. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri bunu bir daha təsdiq etdi, bu il isə Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Günəşli, səxavətli Azərbaycan rusiyalı səyahətçilər üçün cəlbedici mərkəzə çevrilib. Azərbaycan bizim turistlərin ən çox səfər etdiyi ölkələrdəndir. 2019-cu ildə Rusiyadan Odlar Diyarına 1 milyona yaxın turist səfər edib. Doğrudur, pandemiya turizm sahəsinin inkişafına ciddi təsir göstərib, lakin mən əminəm ki, tezliklə vəziyyət qaydasına düşəcək, çünki Azərbaycana valeh olmamaq mümkün deyil.

-Strateji tərəfdaşlıq haqqında müsahibə çərçivəsində Azərbaycan üçün çox mühüm olan Qarabağ problemindən yan keçmək olmaz. Bu münaqişənin dinc vasitələrlə həlli barədə Rusiyanın mövqeyi uzunmüddətli perspektivdə də indiki kimi prinsipial olacaqmı?

-Bizim ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi qətiyyətlə və ardıcıl olaraq bunun tərəfdarıdır ki, Qarabağ problemi siyasi yolla, beynəlxalq hüququn prinsipləri əsasında nizamlanmalıdır. Bu il aprel ayında Rusiya XİN-in rəhbəri Sergey Lavrov “Kazan formulası”nı reallaşdırmağın zəruri olmasını növbəti dəfə bəyan etdi. Bu variantın birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməyib, çünki Azərbaycan o ölkədir ki, Rusiya onunla strateji tərəfdaşlıqda Qafqaz regionunda sülhü və təhlükəsizliyi təmin edir. Şəxsən mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş əraziləri hər hansı əlavə şərtlər irəli sürülmədən ən qısa müddətdə azad edilməlidir. Münaqişənin bu həlli həm Azərbaycan torpağına çoxdan gözlənilən sülh gətirəcək, həm də Ermənistan xalqının çoxdan gözlədiyi iqtisadi problemlərin çoxunu həll edəcək.

Şərh yaz