“Mənəvi hazırlığın kökündə ədəbiyyat dayanır”

0

“Mənəvi hazırlığın kökündə ədəbiyyat dayanır”

“Düzgün tərbiyə olunmuş gənclər cəmiyyəti formalaşdırır və gələcəyə ötürür”

Azərbaycan ədəbiyyatı, söz sənəti hər zaman zəngin olub.Bu zənginliyin içərisində gənclərin mənəvi inkişafı istiqamətində olan mövzular öz əhəmiyyətilə daha çox seçilib.Bəzən gənclər məhz əsərdə təsvir olunan qəhrəmanlardan örnək götürüb, özünü ona oxşatmağa çalışıb.Bəs bu gün necə, gənclərin mənəvi tərbiyəsinə hazırlıqda ədəbiyyat mühüm rol oynayırmı?Yazarlarımızla olan söhbəti də elə bu istiqamətdə apardıq.

Yazar Narıngül Nadirqızı qeyd edir ki,insan ümumiyyətlə, özünü dərk etdiyi andan müəyyən təsirlərin  üzərində formalaşır: “Yəni ətrafdakı insanların davranışı, cəmiyyətdə baş verən dəyişikliklər, mövcud olan dəyərlər, insanın zövqünü formalaşdıran incəsənət əsərləri, ədəbiyyat – bütün bunların hamısı insanın yetişməsində mühüm rolu olan amillərdir. Bu sahədə ədəbiyyatın rolunu xüsusilə vurğulamaq lazımdır.Təsadüfi deyil ki, birinci sinfə gedən şagirdlərə ilk olaraq vətən və ana haqqında olan şeirləri  öyrədirlər. Heç bir ideologiyaya xidmət etməyən əsər belə müəyyən təsir gücünə malikdir. Yəni hər bir əsər ən azından insan psixologiyasının öyrənilməsi, cəmiyyətin hansı səviyyədə olması, sosial durumun vəziyyəti və s. amillər  baxımından insana nələrisə əxz edir. Eləcə də insanın özünü və dünyanı dərk etməsi, dünyagörüşünün formalaşması üçün ədəbiyyatın rolu çox böyükdür. Ədəbiyyat insana hər gün təmasında olduğu real həyatı daha rəngarəng və cəlbedici çalarlarla təlqin edir. Hansısa bir nəsihəti eşitməyən yeniyetmə bədii əsər vasitəsilə özü də hiss etmədən həmin nəsihəti daha həvəslə qavrayır. Əlbəttə ki, təsir vasitəsindən söz açarkan didaktik ədəbiyyatı nəzərdə tutmuram. Əsərin mətni bütövlükdə insanın formalaşmasına, cəmiyyət üçün xeyirli insan olmasına təsir etməlidir. İkinci DünyaMüharibəsi dövründə müharibə mövzusunda yazılmış əsərlər nə qədər böyük effekt verirdi. Bu haqda kifayət qədər məlumatlar var. Eləcə də bu gün Qarabağ mövzusunda yazılan əsərlərin vətənpərvərlik baxımından xeyli təsir gücü var.  Məlumdur ki, hər bir oxucu əsəri oxuyarkan daha çox oradakı müsbət qəhrəmanlara bənzəmək istəyir. Onu özünə ideal götürür. Təsadüfi deyil ki,“Ədəbiyyat həyatı dəyişməyə qadirdirmi” mövzusu uzun müddətdir ən çox müzakirə edilən mövzulardandır. Şəxsiyyətini ədəbiyyatla tərbiyə etmək  istəyənlər, əlbəttə çətin ki, məqsədlərinə nail ola bilsinlər. Çünki reallıq tamam başqadır. İnsan ədəbiyyatda gördüklərini bəzən real həyatda axtarır. Bu da çox vaxt  xəyal qırıqlığına gətirib çıxarır. Həm də indi ədəbiyyatın təsir gücü də dəyişib. Sovet dönəmində ədəbiyyat daha çox maarifləndirmə ideologiyasına xidmət edirdi. Bu gün isə ədəbiyyat bir qədər aqressivdir”.

Yazıçı, “Yazı” dərgisinin baş redaktoru Azad Qaradərəlinin fikrincə, məktəblər, universitetlər olmayan əski çağlarda ədəbiyyat şifahi şəkildə olsa da olub:“Söz sənətinin insan üçün etdiyini heç nəylə müqayisə etmək olmaz.  Məsələn, Güney Azərbaycanda məktəbimiz yoxdur, amma orada ədəbiyyatımız bu işi boynuna çəkib. Ən azı ana dilinin inkişafına, uşaqların milli ruhda tərbiyəsinə ədəbiyyat böyük töhfə verib. Ədəbiyyatı heç nəylə əvəz edə bilməzsən. Ədəbiyyat bütün sənətlərin fövqündə dayanır”.

Azad müəllim deyir ki, mənəvi hazırlığın kökündə ədəbiyyat dayanır: “Tarixdən məlumdur ki, “Polad necə bərkidi”ni oxuyan məşhur oğru uzun müddət gizləndiyi yerdən çıxaraq polisə könüllü təslim olub. Ona görə də mən hamıya, övlad yetişdirən valideynlərə, tələbə qarşısında mühazirə oxuyan müəllimlərə, bağçada tərbiyəçilərə də tövsiyə edərdim ki, tərbiyə zamanı mütləq ədəbiyyatdan istifadə etsinlər. Bu, lap əzəldən də belə olub, yenicə eşqə düşən gənclər də qarşı tərəfin könlünü poeziyayla, ədəbiyyatla yumşaltmağa can atırdı. Bütün codları yalnız ədəbiyyatın həlim ahəngi, bəzən isə sərt məqamları yumşaldıb. Ədəbiyyat bu baxımdan əvəzsizdir. Bəzi hallarda da ədəbiyyat  adamı tərbiyə etmir, yenidən yaradır”.

Narıngül xanımın fikrincə isə,mənəvi hazırlığın kökündə gəncləri kreativliyə yönəldən amillər dayanmalıdır:“Yəni hələ kiçik yaşlarından uşaqlarda yaratmaq, oxuduqlarını dərk etmək, elmə həvəs yaranmalıdır. Eyni zamanda  mənəvi hazırlığın kökündə vətəni sevmək, valideynlərə, milli dəyərlərə hörmət, dürüstlük və s. amillər olmalıdır. İstər məktəblərdə, istərsə də ailədə tərbiyə ilk gündən düzgün qoyulmalıdır”.

Narıngül xanım deyir ki, mənəvi tərbiyə əldə etmək üçün xüsusi cəhd etməyə lüzum yoxdur. Mənəvi tərbiyəni daha çox qavramaq və dərk etmək gərəkdir: “Yəni örnək olacaq insanlardan, daha dürüst, sağlam, əqidəli, ağıllı insanlardan  öyrənmək olar. Belə bir misal var ki, övladını tərbiyə etmək istəyirsənsə, ona nəsihət etmə, sadəcə özün dürüst ol, yetər. Onsuz da uşaq sənin etdiyin  hərəkətləri təkrar edəcək. Bu baxımdan valideynlər, eləcə də cəmiyyətin aparıcı simaları olan ziyalılar elə hərəkətlər etməlidirlər ki, onların arxasınca gələn gənclər  də düzgün yol ilə irəliləyə bilsinlər. Və şübhəsiz ki, gənc özünə ideal sandığı insanlarla təmasda olarsa, daha çox qazana bilər. Hər bir kəsin yaşam forması, kamilləşməsi onun ətrafındakı insanlardan asılıdır. Həm də bu bir estafetdir. Düzgün tərbiyə olunmuş gənclər cəmiyyəti formalaşdırır və gələcəyə ötürür. Ölkəmiz müharibə şəraitində olduğundan bu gün  müharibə mövzusunda yazılmış əsərlərin əhəmiyyəti daha böyükdür”.

Bu gün gəncliyimizin mənəviyyatı elə tərbiyə edilməlidir ki, onların dünyaya və milli dəyərlərə baxışı qarışmasın. Azad müəllim deyir ki, burda ədəbiyyatın da özünəməxsus rolu var: “MənParisdə olmamışam. Amma buşəhəri  “Səfillər”dən tanıyıram. Murakami ilə bütünYaponiyanı gəzdim. Kundera Praqanı qarış-qarış tanıdıb mənə.Yəni, ədəbiyyatın verdiyi bilginin, həzzin, gücün, alternativi yoxdur. Ona görə də sadəcə mütaliəni sevmək, gündəlik yaşamında ədəbiyyata yervermək lazımdır ki, mənəviyyatımız günü-gündən güclənsin, püxtələşsin, zənginliyi ilə qarşı tərəflərin heyranlığını fəth etsin”.

Narıngül xanım qeyd edir ki, milli dəyərlərə hörmət hər bir kəsin ümdə vəzifəsi olmalıdır:“Yəni bu cəmiyyətin yazılmamış qanunları sırasına daxildir. Heç bir qadağa, qayda-qanun olmadan hər kəs öz kökündən gələn adətlərə əməl etməlidir. Bu adətlərə əməl edən vətənini də, valideynini də sevəcək. Bunlar bir-birilə bağlı olan genetik kodlardır. Buna görə də yaxşı olanların dəyərini bilmək, özündən əvvəlki yaxşı olanları öyrənmək lazımdır”.

Narıngül xanım sonda gənclərə daha çox mütaliə etməyi tövsiyə etdi: “İnsan nə qədər çox oxusa, bir o qədər kamil olar, düzgün analiz etməyi bacarar, hadisələrə obyektiv yanaşar. Təkcə müasir yazarları yox, klassikləri də çox oxusunlar. Alman filosofu Kantın bir kəlamı var:“Təfəkkür təəccübdən başlayır”. Gənclər hər zaman həm yaşlı nəsli, həm də özlərindən sonra gələnləri təəccübləndirməyi bacarmalıdırlar”.

Azad müəllim gənclərə zövqlərini formalaşdırmağı tövsiyə etdi: “Ədəbi qəhrəmanlardan öyrənərək, söz və bilik bazalarını yaratsınlar – burada da ədəbiyyatın müəyyən rolu ola bilər, öz milli kimliklərini tanısınlar – bu, birbaşa ədəbiyyata aiddir, dünyanın  sivil ölkələrinin gələnəklərini mənimsəsinlər, yenə ədəbiyyat kömək edə bilər”.

Ramilə Qardaşxanqızı

Şərh yaz