Uca öndərimiz Heydər Əliyev ordumuzun qalibiyyət rəmzidir

5

İbrahim Məsimoğlu:Azərbaycan əsgəri öz döyüş qüdrətinə görə həmişə hörmətə layiqdir. Çünki o, lap döyüş təminatı kəsirli olsa da, verilən əmr və tapşırıqları mərdanə yerinə yetirmək iqtidarındadır

Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə hərbi yazıçı-jurnalist İbrahim Məsimoğlu fikirlərini bizimlə bölüşəcək.

Oxucularımız üçün şəxsi həyatınız haqda məlumata ehtiyac duyuruq.

Mən 1960-cı il fevral ayının 25-də Gəncə şəhərində dünyaya gəlmişəm. Uğurlarımın başlıca səbəbi ondan ibarətdir ki, zəhmətkeş bir ailədə doğulmuşam. Atam dəmiryolçu, anam isə adi əmək adamı olub. Ailəmizin sonbeşiyi sayılıram. Beş qardaş və üç bacıdan ibarət olan ailəmizin yarısı qloballaşan murdar erməni bəlası üzündən didərgin həyat yaşayıb. Belə ki, onların dördü uludan ulu sayılan Qərbi Azərbaycan torpağında dünyaya göz açıb. Biz əslən Zəngibasar diyarındanıq. 1948-ci ildən etibarən dədə-baba yurdumuzdan – Uluxanlıdan deportasiya olunaraq bir müddət Şirvanda yeraltı qazma şəraitində yaşadıqdan sonra atamın əmioğlularının himayəsi altında Gəncəyə gəlmişik. Mən Gəncə şəhər Şıxəli Qurbanov adına 37 saylı orta məktəbin məzunuyam. Yaşadığım mədəni və müasir Gəncə mühiti mənəvi sərvətlərin dərk edilməsində, ümumiyyətlə, hərtərəfli inkişaf prosesində məni çox qabağa çəkib. Hər dəfə Gəncəyə gedəndə sanki yenidən doğuluram. Yaxşı xatırlayıram ki, 1-ci sinfə getdiyim vaxtlardan başlayaraq bilik cığırında bir qədər yol gedər-getməz məndə jurnalist sənətinə böyük maraq və həvəs yaranıb. Bu arzuya yetişmək üçün bütün varlığımla çalışaraq məktəbin əlaçı şagirdi olmuşam. Qərəz,  ilk yazım 14 yaşımda “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzetində dərc olunub. Ali məktəbə qəbul imtahanlarına qədər bu doğma qəzetin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişəm, müxtəlif janrlarda 214 yaradıcılq məhsulum çap edilib. İlk sınaqda istənilən nəticəni əldə edə bilmədim. İmtahanlardan topladığım bal keçərli olsa da, müsabiqədə stajlı abituriyentlər üstünlük qazandılar. Heç bir halda ruhdan düşmədim. Qaynar həyatda daha fəal mövqe tutmağa can atdım. Müsabiqənin nəticələri ürəkaçan olmasa da, mənə çox dəyərli bir ömür – əsgərlik şansı bəxş etdi. Sovet ordu sisteminin bəzi müsbət cəhətləri yenicə alışan yaradıcılığımın fərəh doğuran səhifələrini açdı. Polşa Xalq Respublikasında Sovet Qoşunlarının Şimali Qoşun Qrupu daxilində öz müqəddəs hərbi borcumu ödəməklə yanaşı, “Znamya pobeda” qəzetində əsgər həyatı ilə bağlı yazılarla çıxış etdim. Söz yox ki, bu qısa ikiillik tarix gələcəkdə öz müstəqil məmləkətimizin doğma ordusunda hərbi jurnalist fəaliyyətim üçün bir mayak rolunu oynadı.

Heç yadımdan çıxmır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul zamanı yazılı müsabiqədə “Nə üçün jurnalist olmaq istəyirsən?” mövzusunda hazırladığım sərbəst yazını çox səmimi bir etirafla tamamlamışdım. Yazmışdım ki, “jurnalist olmaq geniş ensiklopedik bilik, analitik təfəkkür, yüksək bacarıq, bütün elmlərə və peşələrə lazımi qədər bələdlilik tələb edir. Qəbul imtahanları ilə bağlı zəruri tələbləri ödəmək məndən ötrü çətin sayılmır. Lakin bu yaşa qədər şəxsi həyatım axarında sənətkar qardaşlarımın dəstəyi ilə bir neçə inşaat peşəsinin sirlərinə bələd olsam da, hələ bilmədiyim sahələr, mənə qaranlıq gələn elmlər də var və bu səbəbə görə özümü jurnalist olmağa tam hazır hesab etmirəm”. Müsabiqədə mənim yazımı qiymətləndirmək vəzifəsi ulu tanrıdan ruhuna daim rəhmət dilədiyim böyük ədəbi tənqidçi və mahir pedaqoq Qulu Xəlilova həvalə edilmişdi. Həmkarlarıma yaxşı bəllidir. Qulu müəllim zarafatı çox sevirdi. O, sərbəst yazını oxuduqdan sonra ciddi bir görkəm alaraq dedi ki, “əgər özünü jurnalist olmağa tam hazır hesab etmirsənsə, nə üçün qəbula gəlmisən?”. Sözün düzü, mən bu an çox mütəəssir oldum və müəllimə irad tutmağı özümə ar bilərək susdum. Amma Qulu müəllim qəlbimdən keçənləri tez oxudu. Dedi ki, “ay oğul, narahat olma, mən zarafat edirəm, əslində bu haqlı etirafına görə sənə sorğu-sualsız “məqbul” yazıram. Heç vaxt ruhdan düşmə, sənətə sevgin varsa, jurnalist şəxsiyyətinin böyük ictimai məna kəsb etdiyini, yüksək nüfuz daşıdığını yazdığın qədər anlayırsansa, demək, ağır zəhmət hesabına olsa da, sən əsl jurnalist kimi yetişə bilərsən”. Qulu müəllimin daim ruhu şad olsun, onun dediyi kimi bütün arzularım öz vədəsində çiçək açdı.

Doğma ixtisasım üzrə ali təhsilimi uğurla başa vurduqdan sonra 1985-ci ilin avqust ayından etibarən verilmiş təyinata əsasən Oğuz rayon qəzetində peşəkar jurnalist fəaliyyətinə başlamışam. Burada müxbir kimi fəaliyyət göstərdiyim dörd il dörd ayın hər bir günü dəyərli ömrümün itirilməyən tarixinə daxildir. Bu qəzetdə mənim üçün yeni olan kənd təsərrüfatı sahələri üzrə zəruri biliklərə yiyələnmə fürsəti üzümə yeni üfüqlər açıb və yaradıcılıq dairəmi xeyli genişləndirib. Daha sonra doğma şəhərə qayıdaraq “Gəncənin səsi” redaksiyasında irəliyə doğru addımlar atıb, yaradıcılıq imkanları baxımından kifayət qədər püxtələşmişəm. Müharibə həyatına daxil olmazdan əvvəl təxminən yarım il  “Millət” qəzetinin Gəncəbasar bölgə müxbiri işləmişəm.

Mənim fikrimcə, qarşınızda hərbi jurnalistikaya açılan cığır  yaradıcılığınızın ən yüksək cığırı hesab edilir…

Yox, mən belə düşünmürəm. Səngər həyatı mənim yaradıcılığıma güclü qürur hissi verib, çox cəsur və qəhrəman dostlar bəxş edib. Səngər müqəddəs bir dünyadır. Bu mənada yalnız vətənin müdafiəsi uğrunda iştirak etdiyim savaşın acılı-şirinli, həm də çox məşəqqətli güzəranı həyatımın dik cığırı hesab edilə bilər. Mən milli hərbi quruculuğumuzun əvvəlində döyüş təcrübəsinə görə üstün sayılan “N” saylı motoatıcı briqadada xidmət etmişəm. Ordumuzun ilk təməl daşını qoyan cəsur və yüksək  döyüşkən ruhlu bir briqadanın zabiti olmağımla çox şərəf duyuram. Mən erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda bir zabit kimi üzərimə düşən vəzifəni, qəfil verilən əmr və tapşırıqları can-başla yerinə yetirməklə yanaşı ordumuzun uğurlu döyüşlərini isti-isti qələmə almışam, əzəli torpaqlarımıza haramlıq qatmış xain düşmənə tutarlı döyüş dərsi, hücum tənbehi, həmlə cəzası verən igid döyüşçü yoldaşlarımızın qəhrəmanlıq nümunələri barədə operativ repotajlar, publisistik məqalələr, zarisovkalar hazırlamışam. Yəni qəlbimin hökmü ilə apardığım səngər yaradıcılığı hərbi hissə komandanlığı tərəfindən mənə həvalə edilən işlərə daxil deyildi.

Cənab polkovnik-leytenant, söhbətimizin bu məqamında bir müharibə veteranı, səngər jurnalisti kimi Azərbaycan əsgəri barədə şəxsi fikirlərinizi açıqlamaq yerinə düşər.

Öncə unudulmaz sənətkarımız Vaqif Səmədoğlunun Azərbaycan əsgəri ilə bağlı çox təsirli sözlərini xatırlatmaq istəyirəm. O, publisistik çıxışlarından birində qeyd etmişdi ki, “mən o günü çox gözləyirəm, o gün haqqında hətta yuxularımda düşünürəm. Arzulayıram, elə bir gün gəlsin ki, əsgər girən məclisdə Vaqif Səmədoğlu ayağa qalxsın”. Əlbəttə, bu fikirdə daha çox qalib əsgərə göstəriləcək ehtiram önə çəkilir. Ehtimal ki, dəyərli şairimiz nəticəsiz sülh danışıqları ilə uzanan Dağlıq Qarabağ problemindən dərdli-dərdli danışan zaman belə qənaətə gəlib və söz yox ki, biz tezliklə onun ruhunu həmişəlik şad edəcəyik. Amma mən müharibənin canlı iştirakçısı kimi real faktlara, gerçək əməllərə istinadən onu deyə bilərəm ki, Azərbaycan əsgəri öz döyüş qüdrətinə görə həmişə hörmətə layiqdir. Çünki o, lap döyüş təminatı kəsirli olsa da, verilən əmr və tapşırıqları mərdanə yerinə yetirmək iqtidarındadır. Bu günkü ordumuzda əsgərimizin mövcud səngər güzəranı mən deyən həqiqətləri açıq-aydın əks etdirməkdədir. Azərbaycan əsgərinin döyüş qəhrəmanlığı, onun yüksək əxlaqi və mənəvi idealları, hərtərəfli hərbi tərbiyəsi, mənəvi inkişafı, əxlaqi döyüş mətinliyi mənə yaxşı bəllidir. Daim milli əsgər mənliyini qorumağa çalışmalıyıq. Unutmaq olmaz ki, Azərbaycan əsgəri millətimizin qəhrəmanlıq imzasıdır.

2016-cı ilin aprel zəfəri haqqında nə deyə bilərsiniz?

Təbii ki, aprel zəfəri qəhrəman döyüşçülərimizin erməni faşistləri üzərində çox parlaq qələbəsi kimi bizi hədsiz dərəcədə sevindirib. Bu zəfərin beynəlxalq tarixi əhəmiyyəti ondan ibarətdir ki, bizi istəməyən qüvvələrin dili kəsildi, düşmən öz səhvini dərindən-dərinə qanmağa başladı. Erməni xalqının içində hələ faşistləşməyən bir qisim qüvvələrin haqlı mövqeyi önə çıxarıldı və Ermənistanın quldur niyyətli siyasi hakimiyyətinin qarşısında işğalçı siyasətə son qoymaq tələbi qoyuldu. Aprel zəfəri sübut etdi ki, dilənçilik yolu ilə öz arsenalını ala-yarımçıq yaradan Ermənistan Ordusu öz dədə-baba yurdu naminə şirin canından keçməyə daim hazır olan Azərbaycan əsgəri üçün çox kiçik və fərsiz bir qüvvədir.

Dövlət müstəqilliyimizin ötən tarixi yaxşı şahiddir ki, ordumuzun indiki yüksək durumu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müharibə iştirakçısı kimi bu həqiqəti Siz daha yaxşı bilirsiniz.

Uca öndərimiz Heydər Əliyev həqiqətən ordumuzun qalibiyyət rəmzidir. Fenomenal Heydər Əliyev idarəçiliyinin bizə bəxş etdiyi ən böyük yadigar müstəqil Azərbaycan dövlətidirsə, bu yadigarın təməl daşı Azərbaycan Ordusudur. İldən-ilə püxtələşərək daha müasir silah və texnikalara sahib çıxmış indiki ordumuz müzəffər sərkərdəmizin gerçəkləşən heyrətamiz arzusu, qüdrətli bir əsəri sayılır.

Müsahibəyə sözardı olaraq açıqlayırıq ki,  polkovnik-leytenant İbrahim Məsim oğlu  İsgəndərov 2013-cü il iyun ayının 16-dan etibarən ordu sıralarından ehtiyata buraxılıb. İki zabit atasıdır. Dəyərli səngər yazılarına görə Azərbaycan Respublikası Mətbuat Fondunun “Dan ulduzu” ali mükafatına layiq görülüb. “İlk briqadanın ibrətli döyüş dərsləri” kitabına görə Azərbaycan Mətbuat Şurasının diplomu verilib. Dövri mətbuatda tanınmış qələm sahibi və cəsarətli jurnalist olduğuna, həmçinin vətən yolunda Qarabağ veteranı adını şərəflə daşıdığına görə “Qafqaz – Media” İctimai Birliyinin təsis etdiyi “Ustad jurnalist” və “Cəsur döyüşçü” diplomları ilə təltif edilib. Ölkədə hərbi vətənpərvərlik ideyalarının təbliğində fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “General Həzi Aslanov” və “General Səməd ağa Mehmandarov” medalları verilib. Ulu öndərimiz H.Əliyevə həsr edilmiş çoxseriyalı televiziya filminin yaradıcı heyətinin fəal üzvü kimi ona təşəkkür elan edilib.

 

                                                                                        Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz