Lələtəpə yüksəkliyinə sancılan o üçrəngli bayrağımızı, o bayrağı ora sancan igidlərimizi allah qorusun

2

Gənclərin sağlam olması gələcəyin uğurlu olması deməkdir. Əbəs yerə deyil ki, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi, fiziki cəhətdən sağlam və vətənpərvər olması ən önəmli məsələlərdən biridir. Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mayor, “Azərbaycan Bayrağı” ordenli Aydın Abdullayev fikirlərini bizimlə bölüşəcək.

Aydın müəllim, zəhmət olmasa oxucularımıza özünüz haqda məlumat verin.

Mən 1959-cu ildə Balakən rayonunda anadan olmuşam. 8 illik internat məktəbində oxumuşam. Sonra ali təhsil almaq arzusu ilə Bakıya getsəm də, müsabiqədən keçməmişəm. 1978-ci ildə Balakən rayon Hərbi Komissarlıqdan həqiqi hərbi xidmətə çağrılmışam. Amursk Oblastında xidmət etmişəm.1980-cı ildə isə əsgərliyimi başa vuraraq vətənə qayıtmışam. Qayıtdıqdan bir müddət sonra Sxinvaliyə üç aylıq hərbi təlim keçmək üçün gedərək kiçik leytenant rütbəsi almışam. 1984-1990-cı illərdə Xarkov Dəmiryol Nəqliyyatı İnstitutunun mühəndis-mexanik fakültəsində qiyabi təhsil almışam. 1992-ci ilin yayında isə könüllü olaraq Qarabağ torpaqlarının müdafiəsinə getmişəm. 1994-cü ildə əlil kimi ailəmin yanına döndüm. 1996-cı ildə göndərişlə Hərbi Akademiyada müəllim kimi fəaliyyətə başladım, 1999-cu ildə isə səhhətimlə əlaqədar olaraq təqaüdə çıxdım.

Hərbi xidmətiniz barədə geniş məlumat verərdiniz.

1992-ci ildə rayonumuza 7 şəhid birdən gətirildi. Mən buna tab gətirə bilmədim. Azərbaycanın dar günündə Balakən rayon Hərbi Komissarlığa gedərək könüllü olaraq cəbhəyə göndərilməyimi xahiş etdim. Axı mən vətənimə dar günündə lazım idim. Onun köməyinə çatmalı idim. Beləliklə, Hərbi Komissarlıqdan Bakıya göndərildim. Mühəndis Qoşunlarında 3 ay xidmət etdim. Sonra 16 nəfər istehkamçı dəstə ilə birlikdə Qubadlı-Laçın koridorunun minalardan təmizlənməsi üçün yola düşdük. Gəldiyimiz andan döyüş tapşırıqlarını yerinə yetirməyə başladıq.

Mən ilk dəfə top-tüfəng səslərini orada eşitdim. Müharibənin nə olduğunu orada gördüm. Döyüş yoldaşlarım çox idi. Biz bir yerdə döyüş əməliyyatlarını yerinə yetirir, birlikdə düşmənlərə sinə gərməyə çalışırdıq. Mən döyüşün sirlərini, döyüş taktikalarını orada, elə onlardan öyrəndim. Onlardan Mühəndis Qoşunlarının rəisi, Polkovnik Cümşüd Qasımovu, Ariz Məmmədovu, Mehdi Mehdiyevi, çox yaxşı tanıyıram. Onların mənim peşəkar hərbçi kimi yetişdirilməyimdə böyük rolu olub. Onlarla birlikdə çoxlu sayda düşmən məhv etmişik. Döyüşlərdə çoxlu şəhidlər vermişik. Çoxlu qanların axıdıldığını görmüşük. Ən ağır günləri birlikdə yaşamışıq. Boş vaxtlarımızda da əsgərlərə təlimlər keçərək onlara daha da möhkəm olmağı, sıx birləşməyi, vətəni sevməyi öyrədirdik.

Biz ölməyi heç düşünmürdük. Fikrimizdə yalnız irəliləmək, torpaqları azad etmək idi. 1993-cü ildə Ağdam rayonunun Çəmənli kəndinin ərazisində gedən döyüşlərdə hər iki ayağımdan güllə yarası aldım. Rayona qayıtdım. Müalicələrdən sonra yenidən döyüş bölgəsinə yollandım. Anam Həvva xanım mənə “daha getmə, axı sənin yaraların hələ tam sağalmayıb” demək istəsə də, mənim getmək niyyətim olduğunu görəndə xeyir-dua ilə yola salmağa məcbur olub. Ana xeyir-duasını heç nə əvəz edə bilməz. Həyat yoldaşım da dua edərək məni yenidən cəbhəyə yola saldı. Beləcə, yenidən döyüş yoldaşlarımın yanına qayıtdım. Cəbhədə olduğum müddətdə mükafatlar, pul mükafatları, fəxri fərmanlar almışam. Mayor rütbəsinə qədər yüksəlmişəm. Ən böyük mükafatım, ulu öndərimiz Heydər Əliyevin şəxsən mənə təqdim etdiyi “Azərbaycan Bayrağı” ordenidir. Bu orden mənə torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdiyim igidliklərə görə verilmişdi. Buna görə mən yuxarıda adları çəkilən döyüş yoldaşlarıma borcluyam.

Hazırda nə işlə məşğulsunuz?

Hazırda işləmirəm. Rayonda fəaliyyət göstərən QHT-də fəalam. O cümlədən Ehtiyyatda Olan Zabitlər Birliyinin sədriyəm.

Gənclərdə vətənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?

Gənclər üçün hərbi sahədə maarifləndirici tədbirlər keçmək lazımdır. Məsələn, orta məktəbin yuxarı sinif şagirdlərinə avtomatı necə tutub atmaqla bağlı təlimlər.

Bəs uşaqların, yeniyetmələrin vətənpərvərlik hislərinin formalaşmasında ailə nə dərəcədə önəmli rol oynayır?

Düz vurğuladınız. Həyat, bilik, savad, elm, tərbiyə öncə ailədən başlayır. Uşaqları öncə ailədə tərbiyə verib savadlandırmaq lazımdır, həyatı, ananı, vətəni, torpağı, milləti sevdirmək lazımdır.

KİV bu istiqamətdə nə kimi tədbirlər görməlidir?

KİV-lərin bu sahədə, əlbətdə, rolu böyükdür. Hər zaman gənclərin fəallıqlarını, onların uğurlarını, müəyyən formalarda keçirilən tədbirlərini işıqlandırır və əlavə olaraq gənclərə bir nümunə toplusu göstərirlər. Gənclərdə vətəni sevməyə, torpaqları qorumağa həvəsi artırırlar.

2016-cı ilin Aprel zəfəri haqqında nə deyə bilərsiniz?

Aprel döyüşlərində nə qədər itgi versək də, nə qədər qanlar axıtsaq da, zəfərimiz uğurlu oldu. Lələtəpə yüksəkliyinə sancılan o üçrəngli bayrağımızı, o bayrağı ora sancan igidlərimizi allah qorusun. İnşallah o bayrağımız az bir zaman ərzində Şuşada, Laçında, Ağdamda ən yüksək təpələrdə dalğalanacaq və öz sözünü tam şəkildə deyəcəkdir.

Ordumuzun inkişafında nə kimi irəliləyişlər nəzərə çarpır?

Müharibənin ən qızğın vaxtlarında əlimizdə yetərincə top-tüfəngimiz, silahımız yox idi. Buna baxmayaraq biz yenə də döyüşürdük, əl çəkmirdik. Lakin indi ordumuz çox güclüdür. İndi ölkəmizə müasir silahlar, texnikalar gətirilib. Ali Baş Komandanımızın bir əmrini gözləyirik ki, gücümüzü düşmənlərə göstərək. Onsuz da düşmən tərəfi bizim igidlərimizdən, ölkəmizdən qorxurlar, lakin bunu onlara zamanı gəldiyi zaman daha da açıq şəkildə göstərə biləcəyik.

Azərbaycan gəncinin bu günkü imkanlarından danışa bilərsiniz?

Əlbətdə, danışa bilərəm. Bu gün Azərbaycan gəncinin çox geniş imkanları var. Onların savadı, elmi, texnikaları var, bundan başqa, ali təhsil ocaqlarımız, Hərbi məktəblərimiz var, bu gün gənclərimizin xaricdə təhsil almaq imkanları daha çoxdur. Gərək gənclərimiz də bu imkanlardan layiqincə istifadə edə bilsinlər.

Gənclərimiz beynəlxalq aləmdə ölkəmizi necə təmsil edir?

Bu gün cəmiyyətimizdə elə gənclər yetişir ki, sadalamaqla, deməklə bitmir. Elə götürək yaşadığım rayonda doğulub boya-başa çatmış Rəsul Çunayevi. O, güləş zamanı üç saniyə ərzində erməni güləşçisinin dizini yerə qoydu. Bundan başqa, güləş üzrə idmançılarımız az deyil. İstənilən sahədə gənclərimiz ölkəmizin gücünü, qüvvəsini hər yerdə göstərə bilir. Milli Qəhramanlarımızdan Fərid Əhmədov, Mübariz İbrahimov, Ramil Səfərov kimi gənclərimiz var. Vətəni, torpağı sevən və qoruyan gənclərimiz var.

Gələcək planlarınız nələrdən ibarətdir?

Hazırda işləməsəm də, işləmək istəyirəm. Hərbi yönlü vəzifələr daha çox xoşuma gəlir. Gənclərə dəstək olmaq, onlara hərbi dərslər keçmək, fikrimdə onlarla birlikdə vətəni qorumaq var.

“Hərbi And” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?

“Hərbi And” qəzeti oxunaqlı qəzetdir. Mən həmin qəzetin, demək olar ki, bütün saylarını böyük həvəslə oxuyuram. Onu oxuyan hər bir kəs özünə yetərincə pay götürə bilər. “Hərbi And” qəzeti gənclərimizi vətənpərvərliyə, fəal olmağa səsləyir, vətən sevgisinin, torpaq sevgisinin, xalq sevgisinin necə müqəddəs olduğunu izah edir. Rəngarən yazıları, gözəl dəyərli fikirləri ilə oxucuları cəlb edir, o cümlədən də məni. Arzu edirəm ki, bu dəyərli qəzet hər zaman oxucu kütləsinin əllərində, nəzərlərində olsun.

Əlavə etmək istədiyiniz başqa nəsə qaldı?

Mən əlavə olaraq onu demək istəyirəm ki, özümün keçdiyim hərbi və həyat yolumu az da olsa sizlərin diqqətinə çatdıra bildim. İlham Əliyev cənablarının mərdliyi, uzaqgörənliyi, səmimiyyəti və xalqa olan sevgisi nəticəsində zəfər bayrağını qaldıracaq, qələbə himnini çalacaq, azadlıq cəngini səsləndirəcəyik, üçrəngli bayrağımızı azad olmuş torpaqlarımızda dalğalandıracağıq. Buna inanıram. Sizin qəzetin kollektivinə də öz dərin təşəkkürümü bildirirəm. Allah sizlərin canınızı sağ eləsin. Sizlərin də qələminiz iti, sözləriniz kəsərli olsun deyirəm.

Təşəkkür edirik!

Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz