Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın böyük uğurudur

3

COVID-19 pandemiyası dünyanı cənginə aldığı gündən etibarən Azərbaycan dövlətinin, xüsusən Prezident İlham Əliyevin xəstəliklə mübarizə istiqamətində nümayiş etdirdiyi həmrəylik, qlobal əməkdaşlığa verdiyi töhfə yüksək səviyyədə qarşılanır. Azərbaycan liderinin regional və qlobal səciyyə daşıyan və əməli addımlara söykənən fəaliyyəti ölkəmizin nüfuzunu göstərir.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Deputat qeyd edib ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi Azərbaycanın böyük uğurudur: “Koronavirus təkcə yoluxucu, qorxulu, ölümcül xəstəlik deyil, eyni zamanda, son dərəcə sarsıdıcı, ağır, humanitar təhlükələr yaradan, dövlətlərin məcburi özünütəcridinə yol açan pandemiyadır. Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderin və ya liderlərin təşəbbüslərinə, həmrəylik çağırışlarına böyük ehtiyac duyulur. Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, forsmajor durumlarda, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, hörmətlə qarşılanır, dəstək qazanır. Təsəvvür edin ki, koronavirusu dünya müharibəsi ilə müqayisə edirlər. Vəziyyət kirtikdir. Hamının başı özünə qarışıb. Amma Planetdə çox nadir dövlətlər var ki, onlar, sadəcə, özlərini düşünmürlər, paralel fonda həm də bütünlükdə bəşəriyyəti qorumaq üçün fikir, ideya istehsal edirlər. Azərbaycan məhz Prezident İlham Əliyevin sayəsində həmin səviyyəyə yüksəlib”.

E.Musayev COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və daha irihəcmli, radiuslu baxışa ehtiyac olduğunu vurğulayıb. Dünyamızın bu günlərdə əməli addımlara daha çox ehtiyac duyduğunu qeyd edən müsahibimiz bildirib ki, biz indi BMT-nin xüsusi sessiyasının keçirilməsini müzakirə edirik. Məsələ burasındadır ki, məlum kontekstdə ilk təşəbbüs də məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Koronavirusla mübarizə istiqamətində ilk qlobal və beynəlxalq tədbir də dövlətimizin başçısının təşəbbüsü və dövlət və hökumət başçıları səviyyəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının vəsiləsi ilə keçirilib. Ayrıca, bu tədbir həm də ilk beynəlxalq tədbir kimi tarixə düşüb. Daha sonra eyniadlı mövzuda Qoşulmama Hərəkatının Təmas Qrupu formatında fövqəladə Zirvə görüşü təşkil edilib və yenə də Azərbaycan tərəfinin təşəbbüsü ilə. Həmin tədbirdə hərəkata üzv olan 120 ölkə təmsil olunurdu. Dünyanın ən böyük təşkilatı olan BMT-nin isə 130-a yaxın üzvü var. Təşəbbüskar yenə də Azərbaycan tərəfidir, Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir.

“BMT-nin 130-dək üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsünə dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın əyani göstəricisidir. Dövlətimizi belə xoş və faydalı təşəbbüslərin yaradıcısı, öncülü olaraq görmək qürurvericidir. Heç şübhəsiz, zaman gələcək, pandemiya dövrü bitəcək. Fəqət, Azərbaycanın və cənab Prezidentin məlum təşəbbüsləri dünya tarixinin salnamələrində daim qalacaq və həmin tarixə qızıl hərflərlə həkk olunacaq”, – deyə Elşən Musayev fikirlərini yekunlaşdırıb.

Şərh yaz