Azərbaycançılıq ideologiyası gəncliyimizin gələcək dinamikasını milliləşdirən düsturdur

2

Hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx bağlıdır. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən isə azərbaycançılıqdır. “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, araşdırmaçı-yazar Anar Turanla söhbətimizi də bu mövzuda apardıq:

– Azərbaycançılıq ideologiyasının bəlli birləşdirici prinsipləri var. Bəs azərbaycanlılar bu ideologiyadan necə səmərəli istifadə edə bilər ki, hətta digər ölkələr belə bunun faydasını görsünlər ?

– Azərbaycançılıq ideologiyasının mahiyyəti çox böyükdür. Bütün qədim mənbələrdə Azərbaycan adı çəkilir. Bu coğrafiyanın, bu ərazinin məhz Azərbaycan olduğu bildirilir. Və bu coğrafiyada yaşayan xalqın bir əsas dili var. Türk dillərinin bir qolu olan Azərbaycan dili. Yəni milli və ərazi baxımdan kiçik göstəricilərə malik deyilik. Bu isə bizə gələcəyə doğru böyük hədəflərimizə çatmaqda çox böyük şanslar yaradır.  Lakin ən böyük problem budur ki, biz tarixi torpaqlarımızın bəlkə də səksən faizini itirmiş, onun iyirmi faizində dövlət qurmuş xalqıq. Bizim tarixi torpaqlarımız nüxtəlif qonşularımızın hakimiyyəti altındadır. Lakin buna da sevinmək lazımdır ki, bu gün bizim müstəqil dövlətimiz var. Əlbəttə ərazicə sahib olduqlarının az bir qismində yerləşsə də, nəticədə müstəqildir. Bu çox böyük nəticədir. Təkcə bu amil digər ölkələrdə və qonşu dövlətlərin tərkibində yaşayan azərbaycanlılar üçün əsl stimuldur. Bu, onlar üçün qürur mənbəyidir. Çünki, onların dövləti var. Onları qoruyan dövlət var. Bax belə məqamda dövlətçiliyin nə demək olduğunu anlayırsan. Bayrağın, gerbin, himnin, milli ordunun nə olduğunu anlayırsan. Çünki bu varlıqlar səni təmsil edir. Sən onlara söykənirsən, onlar isə sənə dayaq olur. Şübhəsiz belə məqamda milli dəyərlərimizi, milli bütünlüyümüzü qorumaq, təmin etmək üçün azərbaycançılıq ideologiyası bizə çox böyük dəstək olur. Bu ideologiyanın sayəsində biz özümüzü qürbətdə, əcnəbi ölkələrdə də layiqincə təmsil edirik. Birləşirik, sözümüzü deyirik, təşkilatlanırıq, həqiqətlərimizi, acılarımızı bərabər bölüşürük. Bu isə bizim gücümüzü müəyyənləşdirir. Azərbaycançılıq ideologiyası xalqımızın gücünü müəyyənləşdirir. Əlbəttə bunun faydasını görmək üçün ilk öncə təşkilatlanmaq və bunun üçün lazım olan addımları atmaq gərəklidir. Təşkilatlanmaq yalnız sözdə deyil, əməldə, iş birliyində konkret olaraq birimizin digərinə dəstəyində hiss olunmalıdır. Üstəlik tariximizi, dəyərlərimizi öyrənməliyik, təbliğ etməliyik ki, indiki qloballaşan dünyada bizə məxsus olanları itirməyək.

– Gənclərin bu prosesə nə dərəcədə təsiri ola bilər?

– Gənclər böyük qüvvədir. Gənclik bütün zamanların ən böyük təbii silahı olmuşdur. Bütün müharibələr tarixən gənclərin üzərində qurulub və onların iştirakı ilə yekunlaşıb. Fiziki göstəricilər, intellekt, innovasiyalardan istifadə bacarığı bütün zamanlarda gənclərin daha çox payına düşmüşdür. Bu baxımdan şübhə yoxdur ki, təşkilatlanma işində də gənclər daha geniş müstəvidə hərəkət edə bilər. Azərbaycançılıq ideologiyası gəncliyimizin gələcək dinamikasını milliləşdirən düsturdur desəm, yanılmaram. Təsəvvür edin ki, biz müstəmləkə şəraitində yaşayırıq əvvəlki kimi. Orada hansısa gənc uzaqbaşı hansısa vəzifəyə yiyələnmək üçün, yaxud da ənənəvi sovet yazıçılarından fərqlənməyən bir ada sahib olmaq üçün çalışır. Sizcə bu böyük bir millətin gənci üçün məqsədyönlü olmağın səbəbi ola bilərmi ? Məncə yox! İndi gənclərimiz əmindirlər ki, onlar nə etsələr, müstəqil dövlətimiz üçün edirlər, bu yolda onlar yüksəlsələr də faydanı başqa bir millət deyil, məhz öz millətimiz, dövlətimiz götürəcəkdir. Bu mənada azərbaycançılıq ideologiyasının təbliğində gənclərimizin rolunu yüksək görmək zəruridir. Həm bu ideologiyanı onlara təbliğ etmək, həm də onlar vasitəsilə azərbaycançılıq məfkurəsini daha da yaymaq. Bu gün minlərlə gəncimiz xarici ölkələrin universitetlərində təhsil alır, Azərbaycanın adını təmsil edirlər. Əlbəttə, onlar nə qədər bu ideologiyanı yaxşı bilsələr, bir o qədər daha sanballı fəaliyyətlə, millətimizin adına ucalıq gətirən əməllərlə fərqlənəcəklər.

– Bəs azərbaycançılıq ideologiyası hansı zərurətdən yarandı və bu günki cəmiyyətimiz bu ideoloji düsturdan kifayət qədər maariflənə bilirmi?

– Azərbaycançılıq ideologiyasının təməl prinsipi müstəqil Azərbaycanın varlığıdır. Bu isə XX əsrdə biz Şərqdə öz müstəqilliyimizi elan etdikdən sonra rəsmi səviyyəyə qaldırılaraq elan olundu. Əlbəttə qaraguruhun, cəhalətin tüğyan etdiyi Şərq ölkələrində ilk demokratik dövlət yaratmaq əvəzolunmaz bir nailiyyətdir. Hətta biz bir sıra Qərb ölkələrindən daha tez bu sistemə keçmişik, demokratik, insan haqlarına önəm verən qanunları qəbul etmişik. O dövrün böyük ziyalıları başda Həsən bəy Zərdabi olmaqla Seyid Əzim, Sabir, Mirzə Cəlil, Haqverdiyev, Məhəmməd Hadi, Ə.Ağaoğlu, Əli bəy Hüseyzadə, M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və başqaları müqəddəs missiya hesab olunan maarif və dövlət yaratma məsuliyyətini öz üzərilərinə götürdülər. Cümhuriyyət az da olsa xalqımıza müstəqilliyi dadızdıra bildi. Doğrudur, sovet işğalı nəticəsində cümhuriyyət az yaşadı. Müstəmləkə vəziyyətinə düşdük. Lakin 1991-ci ildə biz yenidən öz müstəqillyimizi bərpa etdik. Və azərbaycançılıq ideologiyasının təşəkkülünə yenidən ehtiyac yarandı. Hazırda da sürətlə inkişaf edən ölkəyə çevrilmişik. Şübhəsiz ki, bu inkişafın təmin olunmasında, azərbaycançılıq ideologiyasının ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan müstəqilliyini möhkəmləndirmək, onun siyasi və iqtisadi əsaslarını yaratmaq, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılığın irəli sürülməsi əsas şərtə çevrilmişdir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. O deyirdi ki: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana vətəni unutmayasan”.  Bax budur azərbaycançılıq. Azərbaycançılıq, eyni zamanda Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə  “Azərbaycançılıq ideologiyası” əsərində haqlı olaraq qeyd edir ki, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.

– Tarixi şəxsiyyətlərin qoyduğu bu kimi ənənələr necə qorunmalıdır?

– Yalnız təhsil və  tərbiyə vasitəsilə. Təhsilin, media təbliğatının bu işdə rolu əvəzsizdir. Valideynlər azərbaycançılıq məfkurəsini bilməlidirlər ki,övladlarına da bunu tərbiyə edə bilsinlər. KİV-də çalışanlar bu ideologiyanın təməl prinsiplərini, mahiyyətini anlamalıdırlar ki, informasiyanı ötürərkən, cəmiyyəti maarifləndirərkən məsuliyyətli olsunlar. Və ən əsası bu məsələ də konstitusiyada təsbit olunmuş qanunlar var ki, xalqımız üçün dəyər bilinən prinsiplərə hörmətsizlik göstərildiyi təqdirdə bunun üçün hüquqi məsuliyyət qoyur. Yəni istər yerli, istərsə də əcnəbi vətəndaş azərbaycançılıq və ona aid olan dəyərlərə hörmət etməlidir. Bundan əlavə tarixi şəxsiyyətlərin özləri də vaxtaşırı təbliğ olunmalıdır ki, yeniləşən nəsil onları yaxından tanısın, onların irsinə bələd olsun.

– Son vaxtlar başqa ölkələrin ideologiyalarını Azərbaycanda təbliğ etməyə cəhd göstərən kifayət qədər anti-milli ünsürlər meydana çıxıb. Necə etmək lazımdır ki, bu kimi hallara son qoyulsun.?

– Əlbəttə, bu kimi hallara son qoyulmasının bir daha deyirəm ki, hüquqi məsuliyyəti var. Və güc strukturları bu məsələdə nə qədər ayıq olsalar, bir o qədər faydalı olar. Amma bu məsələdə cəmiyyətimizin özündən də çox şey asılıdır. Əgər bu gün cəmiyyətin, gənclərin ictimai qınaq səviyyəsi aşağıdırsa, bu kimi problemlərin olması labüddür. Çünki cəmiyyət daxildən ideoloji cəhətdən möhkəm təməllərə söykənərsə, heç bir radikal təmayüllü ideoloji cərəyan Azərbaycanda “düşərgə” sala bilməz. Yəni bir sözlə, meydanı boş buraxmamaq lazımdır. Meydanda yad ideologiya daşıyıcılarına deyil, milli ideologiya mənsublarına yer vermək lazımdır. Belə olan təqdirdə azərbaycançılıq ideologiyasının ideya və prinsipləri gənclər arasında möhkəm dayaqlara malik ola bilər. Və gənclər heç bir yad təfəkkür sahibinin təsiri altına düşməz. Bu baxımdan  milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyinə söykənir.Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir. Belə olan təqdirdə dövlət quruculuğu prosesi sürətlə gedir və dövlətçilik istənilən çətin vəziyyətə baxmayaraq, mövcudluğunu saxlayır. Bütün bunlar da nəticədə anti-milli qrupların planlarını alt-üst edir.

Ramilə QARDAŞXANQIZI

Şərh yaz