Müharibədən hərbi jurnalistikaya: silahını qələmə çevirən jurnalist – Müsahibə

13

Şöhrət Eyvazov: “27 il əvvəlki kimi topçu zabit olaraq xidmətə davam edə bilərəm” 

Herbiand.az saytı istinadla Şöhrət Eyvazovun müsahibəsini təqdim edir. “Rupor” jurnalistlərin doğum günlərini təbrik etmək ənənəsinə sadiq qalaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti İnformasiya departamentinin böyük redaktoru, “Hərbi And” qəzetinin müxbiri  Şöhrət Eyvazovdan müsahibə hazırlayıb.
Həmin müsahibəni təqdim edirik. 

– Heç vaxt unutmadığınız doğum günü hansı ilə təsadüf edir? 

–  Ən yadda qalan ad günüm 1993-cü ildə  olub.  Ağdərə istiqamətində yerləşən hərbi hissənin  artılleriya divizyonunda leytenant rütbəsində   idaretmə tağım komandiri – “korrektirovşik”  idim. İyulun 10-u  axşamçağı  dedilər ki, səni komandir divizyon çağığır, nə gizlədim sevindim, sevindim ki, yəqin sabah ad günüm olduğunu biliblər, deyəcəklər get bir-iki günlük evə. O vaxt  məzuniyyət nəydi bilinmirdi axı – müharibə hara, məzuniyyət hara.  “Sabah   Həsənqayada olan KNP-yə qalxarsan”   – dedilər.  Mən də getdim 22 yaşımı orda keçirdim.  Əvvləcə azca təəcübləndim, sonrasa adiləşdi. 2001-ci ilə qədər ad günümlərimin hamısı cəbhə xətttində keçdi,  döyüş bölgəsində  xidmətin 1 günü 3 gün sayıldığından deməli mən 27 ad günümü ön cəbhədə keçirmişəm.

– Bəs jurnalistikaya gəlişiniz necə oldu?
 
–  Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra cəbhəyə getdim. İnstitutu təzə bitirdiyimə baxmayaraq, artıq Azərbaycan Milli Bankında  işləyirdim.  Lakin başa düşdüm ki, heç nə olmayıbmış  kimi yaşaya bilmərəm  və qəlbimin səsinə qulaq asdım – cəbhəyə yollandım.
Hərbi jurnaistikaya marağım  da könüllü olaraq bir zabit kimi Qarabağ döyüşlərinə qatıldığım ilk günlərdən başlayıb. Əsgərlərimin arasında məndən yaşda böyük olanlar çox idi.  İmkan olanda onlardan da, zabit yoldaşlarımdan da xatirə olaraq müsahibələr alırdım. Bir müddət hərbi əməliyyatlar haqqında gündəlik də yazdım. Cəbhə xəttində döyüş yoldaşlarımızla keçiridyimiz bayramlardan xatirə qalan video çəkilişlər var.
Orada zabit və əsgərlərin arzularını öyrənməyə çalışırdım. Jurnalistikaya olan həvəsim özünü göstərirdi.  Türkiyə Cumhuriyyətində hərbi təhsil alarkən də  onların vətənpərvərlik mövzusunda verilişlərini və yazılarını maraqla izləyirdim.
2001-ci ildə ordudan tərxis olundum . Azərbaycan Ordusunun Qazax istiqamətində ön xəttə olan hərbi hissəsində bir yerdə xidmət etdiyimiz Emin Həsənli 2002-ci ildə “Hərbi And” qəzetini təsis etdi. Jurnalist kimi fəaliyyətim o günlərdən başlayır.  Hazırda da nəşr olunan qəzetimiz 16 səhifə idi və onun ilk buraxılışının 10 səhifəsində yazılarım getdi. “Komando hazırlığı” barədə araşdırmadan başlamıış  Dərələyəzdən valideyinlərimin deportasiyasına qədər müxtəlif mövzularda yazmışdım.
2005-ci ildə isə İctimai Televiziya hərbi-vətənpərvərlik proqramı olan “Salam Əsgər” verilişində fəaliyyətə başladım, həbsxanalardan hazırladığımz “Gözlə məni” verilişininə də  aparıcılq etdım.

– Bəs Qarabağ bölgəsinə jurnalist kimi nə vaxt getdiniz?
 
– 2007-ci ilin avqustuydu, mənə Qarabağ bölgə müxbiri vəzifəsini təklif etdilər. Çox həvəslə gəldim. 1993-cü ildə ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak üçün gəlmişdim. İndi isə silahı qələmlə əvəz etdim. Missiya eyniydi, Vətənə xidmət. 2018-ci ilin sonunda isə etimad göstərərək, İctimai Televizyanın İnformasiya departamentinə böyük redaktor təyin etdilər.

– Döyüş əməlyyatları başlasa, müharibədə hərbçi, yoxsa jurnalist kimi iştirak edərsiniz?

– Tərtər-Ağdərə döyüşlərində artilleriya kəşfiyyat bölmələrinin   tərkibində iştirak etmişəm. Son hərbi vəzifəm isə taborun  81 mm-lik minaatan batareyasının  komandiri olub.  Cəbhə bölgəsndə hərbi xidmətim dövründə sağlamlığımı itirmişəm, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından bunu təsdiq edən müvafiq sənədlər olsa da, əlillik statusu almamışam.
Lakin, cəbhə xəttindən materiallar hazırlayarkən şahidi olduqlarım əminliklə deməyə imkan verir ki, Azərbaycan Ordusu çox güclənib. Şükürlər olsun ki, zabitlərimizin hamısı peşəkardırlar. Hesab edirəm ki, mən bu gün hərbi jurnalist kimi daha çox fayda verə bilərəm, amma ehtiyac duyularsa,   27 il əvvəlki kimi yenidən topçu zabit olaraq xidmətə davam edə bilərəm.

–  Hansı xəbəriniz yadınızda çox qalıb?
 
– “Hərbi And” qəzetində “Mən əsgər olanda” rubrikasında hazırladığımız xəbərlər mənim üçün maraqlı idi. Qeyd edim ki, qəzetdə çıxan və əsasən publisistik janrda olan yazılarım əsasında görkəmli filoloq alim Leyla Gərayzadə ilə birlikdə  2005-ci ildə “Qərbi Azərbaycan salnamələri” kitabını çap etdirdik.
Jurnalist kimi mənim üçün əsas olan Qarabağ həqiqətlərinin təbliğiylə, cəbhə bölgəsində yaşayışla, atəşkəs pozulmaları ilə  bağlı informasiyaları tez və dəqiq çatdırmaqdır. 2014-cü il Avqust və 2016-cı ilin Aprel döyüşlərindədə də yaddaqalan xəbərlər hazırlamağa çalışdıq- tək biz yox Qarabağda fəaliyyət göstərən bütün media nümayəndələri.

–  İnformasiya müharibəsində cəbhə bölgəsindən xəbərlərin, xüsusi ilə hərbi məlumatların çatdırılmasının mühüm rolu var. Bu baxımdan təklifləriniz nədir? 

– Cəbhə bölgəsində çalışmaq istəyən jurnalistin müəyyən səviyyədə hərbi bilkləri və təcrübəsi olmalıdır. Hər şeydən əvvəl dövlətinin informasiya siyasətindən irəli gələn prinsiplərə əməl olunmalıdır.
Bugünkü informasiya bolluğunda və ələçatımlığında verilən məlumatlar hərbi sirr və məxfilk rejimini pozmamalıdır. Unutmaq olmaz ki, çəkilən materialları təmas xəttinin qarşı tərəfində diqqətlə izləyirlər. Birinci Qarabağ müharibəsində telekanalların birində cəbhə xəttindən reoprtajda kənd adı çəkdilər və bildirdilər ki, buranı iki döyüşçü qorusa da sakinlər onlara güvənir və kəndi tərk etmirlər. Sabahı gün məlum oldu ki, erməni daşnakları qüvvənin azlığına əmin olub, həmin kəndə hücum edərək işğal ediblər.
Buna görə də ölkəmizə qarşı aparılan informasiya müharibəsində, o cümlədən döyüş əməliyytaları şəraitində və digər hallarda “media gücü” “hərbi gücü” dəstəkləməlidir.
Adi adam ona xoş olanı eşitmək istəyir. Məsələn, Aprel döyüşləri vaxtı dəfələrlə Ağdamın azad olunması xəbəri yayılırdı. Yüzlərlə zəng gəlirdi bizə, bu xəbəri dəqiqləşdirmək üçün. Pisi budur ki, şayiyəyə qarşı mübarizə aparanda şayiyə olan “məlumat” yenidən tirajlanmış olur.
Medianın, o cümlədən bölgə müxbirlərinin də əsas məqsədlərindən biri yüngül sensasiya dalınca qaçmaq yox, dolgun məlumatı çatdırmaq olmalıdır. Misal çəkmək istəyirəm, bir neçə il əvvəl Ağdam istiqamətində çəkilişdəydim, başqa televiziyanın bölgə müxbiri zəng vurub hal-əhval tutdu. Mən də dedim ki, bir şəhidimiz var ad-soyadın tapmağa çalışıram. 5-6 dəqiqə sonra İTV-nin İnformasiya departamentindən zəng gəldi ki, Ağdam istiqamətində şəhidimiz var, niyə xəbərin yoxdur. Mən dedim ki, bilirəm, amma ad-soyadın dəqiqləşdirib sonra verək. Çünki, “Ağdam istiqamətində hərbi qulluqçumuz şəhid olub” anonsu bəlkə də minlərlə seyriçini bu kanalı izləməyə məcbur edəcək, amma o istiqamətdə xidmət edən əsgər və zabitlərin valideyinlərinin, yaxınlarının hansı həyəcan keçirəcəyini niyə düşünməyək? Buna görə də, şəhidimizin kimliyi bilinməyincə bizim televziyamızda bu xəbər verilmədi.
Və yaxud “Salam Əsgər” verilişində çalışanda bir yüksək çinli hərbiçi söhbət əsnasında geleyləndi ki, “erməni kəşfiyyatçısının tutulması” xəbərinin tələsik televiziya kanallarınn birində getməsi digərlərinin sağ-salamat geri qayıtmasına səbəb olub.
Düzü, bu dediklərimin əsasən keçmiş dövrə aiddir və informasiya müharibəsinin reallıqları indi daha çox nəzərə alınır.

– Qarabağ bölgəsindən olan xəbərin özəllikləri hansılardır?
 
– Kütləvi İnformasiya Vasitələrinin əksəriyyətinin mediadan, xəbər mənbəyindən daha çox  “qeydiyyatçı”ya çevrilməsi qlobal xarakter daşıyır. Belə görsənir ki, onlayn media siyasi, iqtisadi, hərbi motivlərdə media funksiyalarını daha parlaq   və geniş miqyasda həyata keçirir. Xəbər geniş mənada auditoriyaya əvvəl məlum olmayan hadisə və ya məlumatdır. Vladimir Dalın lüğətində “xəbər” “yeni olan hər şeyə məxsus keyfiyyət” və ya “nəsə haqqında ilk məlumat” kimi göstərilir.
“Qaynar xəbər” üzrə materialları 4 bloka aid etmək olar:

– Ekstern materiallar (hadisə baş verən ilk saatlarda yayılanlar)
– Ekspert və şahidlərin rəyləri ilə verilənlər
– Görülən tədbirlər, psixolji yardım və sairə haqqında olanlar.
– Nəticə və gələcək faəliyyət haqqında

Qarabağ bölgəsindən verilən xəbərlər ən çox ilk qrupa aid olalanrdır.  İmkan olduqda, bunların bir yerdə olması xəbəri daha canlı edir. Məsələn, Ağdamın Mirəşellli kənd qəbirstanlığının Ermənistan Ordusunun atəşə tutması nəticəsində ziyarətə gələn dinc sakinin yaralanması xəbərini ilk variantda təkcə yaralıdan müsahibə ilə çatdırdıq. Sonrakı buraxılışda isə  yerli icra nümayəndəsi  və kənd sakinlərinin müsahibə alıb göndərdik. İstənilən halda, təqdimatlar “çevrilmiş piramida” şəklindədir, yəni hadisənin necə başlamasından yox, hadisənin əsas elementindən, mahiyyətindən başlayır. Müxtəlif vasitələrə, faktoloji informasiyaya baxmayaraq, çoxlu klişelərdən,terminlərdən, neytral leksikadan, şahidlər və mütəxəsssilərdən sitatlardan da istifadə olunur. Xəbərin əhəmiyyətinin artırılması metodlarının biri statik verilənlərdən istifadədir. Dediyimiz halda, bu istiqamətdə atəşkəs pozulmalarıyla bağlı nə qədər insan yaralanmasıyla bağlı məlumatları informasiyanı dolğunlaşdırdı.

– Cəbhə bölgəsindən xəbərdə daxili senzura olmalıdırmı və varsa sizin üçün bu nədir?
 
– MDB məkanında ilk olaraq senzura Azərbaycanda ləğv olunub. Amma fikrimcə hərbi xəbərlərdə ən azından daxili bir senzura olmalıdır. Başqasını bilmirəm, mən həmişə özümdə bu senzuranı hiss etmişəm. Bəlkə də  ön xəttə  hərbi xidmətim məndə bu  vərdişi formalaşdırıb, bəlkə də informasiya müharibəsi mövzusunu az-çox araşdırdığıma görədir, bilmirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantıyam və “İKT-nin inkişafının ictimai təhlükəsizliyə təsiri. Fəlsəfi aspekt” movzusunda elmi tədqiqat aparıram. Siz verdiyiniz suala elmi cəhətdən də aydınlıq gətirməyə çalışıram.

– Hər xəbər tarixin hansısa məqamını təqdim edir. Jurnalist kimi hansı tarixin yazılmasında rolunuz olub?

– Deyirlər ki, siyasətçilər gələcəkdən, tarixçilər keçmişdən, jurnalistlər bu gündən danışır. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri haqqında xəbərim yaxşı alınmışdı deyəsən. 2016-ci ilin Aprel döyüşlərində Erməni Ordusunun mülki əhalini atəşə tutmasıyla bağlı xəbərlər yadımda daha çox qalıb. O zaman Gürcüstanın Rustavi kanalından gələn media qrupuna da Tərtərin Qarağacı kəndində dağıdılmış evlər barədə xəbər hazırlamağa kömək elədik. Həmkarlarımıza Qarabağ həqiqətləri barəsində ətraflı məlumatlar və müsahibə verdik.  Fəxr edirəm ki, ordu quruculuğunda yaxından iştirak etmişəm. Arzum və ümidim odur ki, həmin ordunun qələbələriylə bağlı xəbərləri çatdıram.

– Ekstremal şəraitdə xidmət edən müxtəlif peşə sahibləri  – məsələn hərbiçilər üçün müəyyən güzəştlər və ya üstünlüklər var. Cəbhə bölgəsində çalışan media nümayəndələri üçün hər hansı bir güzəşt və ya imtiyaz olmalıdırmı?

– Cəbhə bölgəsində xidmət edən jurnalistin konkret iş saatı yoxdur və həyatı üçün təhlükəli olan risklərlə üz-üzədir. Son 10 ili xatırlasaq, 3-cü sinif şagirdi Fariz Bədəlovu, 2 yaşı tamam olmamış Zəhra Quliyevanı qətlə yetirməkdən çəkinməyən düşmən hərbiçisinin ön xəttə çəkiliş aparan media əməkdaşlarına atəş açmayacağı zəmanəti yoxur. 2014-cü il Avqust və 2016-ci ilin Aprel döyüşlərində bir neçə dəfə elə oldu ki, çəkiliş apardığımız yerlər ya həmın vaxtı, ya da sonradan müxtəif çaplı silahlardan atəşə tutuldu. Bundan başqa, ekstremal şəraitdə işləyənlər öz həyatlarına risk etməklə yanaşı, başqaların da psixoloji gərginlikləriylə tez-tez üzləşirlər
Düzdür, əməyimiz dəyərləndirilir. 2015-ci ildə Azərbaycan Respublikası Prezdenti, cənab İlham Əliyevin sərənacamıyla “Tərəqqi” medalıyla, eləcə də müxtəlif yubiley medallarıyla təltif olunmuşam.  Lakin, açığını desək, bəzən məsələn,  mənzil şəraitinin yaxşılaşdırılması kimi  məsələlərdə bölgə jurnalistikası arxa planda qalır. Ümid edirik ki, bu məsələ ilə bağlı müəyyən işləri davam etdirərlər.

– Çəkmək istədiyiniz və çəkə bilmədiyiniz nələr var?
 
– Bilirsiniz ki, qəzet üçün xəbər yazanda “bu barədə nə yazacam?” sualına cavab vermək lazımdır. Radio jurnalisti “bu barədə nə deyəcəm?” deyə düşünür. Telereportyor isə nə deyəcəyini və nə göstərəcəyini bilməlidir. Mənim də həvəslə dediklərim və göstərməyə çalışdıqlarım Qarabağın tarixiylə bağlı olan araşdırmalar və qalib Ordumuzun döyüş hazırlığının gücünü göstərən süjetlərlərdir. Avtoqəzaları, kriminaln xəbərlər verməkdən xoşum gəlmir.

– Başınıza gələn maraqlı hadisələrdən birini danışarsınızmı?

– 2007-ci idə, Qarabağ bölgəsinə müxbir kimi təzə gəlmişdim. Cəbhə xəttinə yaxın yaşayış məntəqəsindən çəkilişdən qayıdanda bir qoca kişini götürdüm maşına. Harda işlədiyimi soruşdu. İctimai Televiziyada işlədiyimi biləndə həmsöhbətim israr etdi ki, televizorumuz xarab olub, gedək düzəlt. Nə qədər çalışdım, inandıra bilmədim ki, mən televiziyada işləyirəm, televizor ustası deyiləm. Dedi, “sən necə televiziya işçisisən ki, bir televizoru düzəldə bilmirsən?!” Dayı sağollaşıb düşəndə bildim ki, televizorunu düzəltmədiyimə görə məndən inciyib.

Şərh yaz