ƏZMİN GÜCÜNDƏN ZƏFƏR DOĞAR

29

ƏZMİN GÜCÜNDƏN ZƏFƏR DOĞAR

Bir diyar var tarix boyu ürəyinə dağ basılıb,
Qalıb yağı əllərində sanki ruhundan asılıb…
Tarixi qədimdən qədim, kökü dərindən dərin Azərbaycan. Adı tarixin hər səhifəsinə iz salan bu diyar hər zaman mənfur düşmənin işğalına məruz qalıb. Qeyrətli vətən oğullarının qəlbindəki vətən sevgisi vətənə doğan Günəş olub. Qərinələrin sınağından çıxan bu diyarın cadar tutan torpağının susuzluğunu illərdi ki, şəhid qanları yatırır. Azadlığına, gözəlliyinə, birliyinə göz, dikilən bu vətən hər zaman hiylələrə məruz qalıb. Əslində bu vətənin hər qarış torpağına, dağına, daşına göz dikənlər bu vətənin yetirdiyi qəhrəmanların varlığından qorxuya düşüblər. Bunun sübutu olan Aprel döyüşlərində Ordumuzun hansı gücə sahib olduğunu nəyinki düşmən bütün dünya gördü. Həmin döyüşlərdə böyük şücaət göstərənlərdən biri general Polad Həşimov idi. Polad Həşimovun şərəfli ömür yoluna nəzər salaq.
Həşimov Polad İsrayıl oğlu 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. Həyat yolları onu Sumqayıt şəhərinə gətirib. Orta təhsilini Sumqayıt şəhərində alan qəhrəmanın vətən sevgisi onun Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirməsi ilə nəticələnib. Ömrünün hər gününü vətən üçün yaşayan mayor Polad Həşimov 2003-cü ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2009-cu ildə isə polkovnik-leytenant kimi “Vətən uğrunda” medalı ilə təltif edilib. 2014-cü ilin iyununda “Vətənə xidmətə görə” III dərəcəli medalı ilə təltif edilən qəhrəmanın qazandığı bütün bu uğurlar ordumuzun qazandığı səriştəli bir hərbiçi demək idi. Hərbin dərinliyini öyrənən, öhdəliyində olan hərbiçilərə də bu sirləri öyrənməkdə köməkçi olan bu insan Azərbaycanın hərb tarixində silinməz izlər qoyub. Ən böyük və unudulmaz qalibiyyəti isə 2016-cı ildə “Dörd günlük müharibə” adı ilə dünyanı lərzəyə gətirən Aprel döyüşlərində qazandı. İllərdən sonra düşmən tapdağından azad olunan Lələtəpə və Talış yüksəkliklərinin zəfər sədasını eşitdirənlərdən biri idi bu qəhrəman. Həmin döyüşlərdə Talış yüksəkliklərində azad olunan yeddi postdan birinə “Polad postu” adı verilib. O döyüşlərin canlı qəhrəmanı tarix yazan qəhrəmanlardan biri olmuşdu. Polad Aprel döyüşlərində 1-ci Ordu Korpusunun qərərgah rəisi idi. Onun qazanılan həmin zəfərdə əvəzsiz rolu oldu. Bu zəfərdən sonra göstərdiyi xidmətlərə görə ölkə başçısı tərəfindən qiymətləndirilən bu insan ona verilən mənzili bir şəhid ailəsinə bağışlayıb. Əzmi və insanlığı ilə böyük sevgi qazanan qəhrəmana 2019-cu il iyunun 25-də general-mayor ali rütbəsi verilib. Onunsa ən böyük arzusu bu dünyanın ən uca məqamı olan şəhidlik məqamına ucalmaq idi. Əslində hər bir hərbiçinin ən böyük arzusu olan şəhidlik məqamına Polad da ucaldı.
2020-ci il iyulun ilk günlərindən düşmənin yenidə “atəşkəs” adı altında gizlənib Tovuz rayonu istiqamətindən torpaqlarımıza atəş açıb atəşkəsi pozmaları yenidən vətən qeyrəti çəkən oğulların yarasına duz basdı. Gündən-günə şiddətlənən döyüşlərin cavabı olaraq düşmən cavab atəşi ilə susdurulurdu. Özünü vətənə sipər edən oğullardan 4-ü baş-leytenant Mahmudov Rəşad Rəşid oğlu, gizir Sadıqov Vüqar Lətif oğlu, əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu 12 iyul torpaqlarımızın azadlığı uğrunda şəhid oldular. Bəli, bu ordumuzun “İyul döyüşlərində” verdiyi ilk şəhidlər oldu. Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun qərərgah rəisi olan general Həşimov Polad İsrayıl oğlu ön cəbhədə hadisələri nəzarətdə saxlayır lazımi addımlar atırdı. Hər zaman səngərdə əsgərləri ilə çiyin-çiyinə dayanan Polad Haşımov bu dəfə də alov saçan döyüşün ortasında idi. Hər zəfərə birgə imza atdığı silahdaşı polkovnik Mirzəyev İlqar Anzor oğlu bu dəfə də Poladla eyni döyüşdə idi. İlqar Mirzəyev də Aprel döyüşlərində böyük şücaət göstərərək ordumuzun qazandığı zəfərə öz adını yazan qəhrəmanlardan biri idi.
Rütbələrindən asılı olmayaraq özlərini vətənin əsgəri sanan bu qəhrəmanların tək amalı vətəndən pay verməmək, canı vətənə sipər etmək idi. Bu düşüncədə olanlar tək bu iki qəhrəman deyildi. Onlarla bərabər mayor Novruzov Anar Gülverdi oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, gizir Babayev Yaşar Vasif oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu və MAXE Mustafayev Elçin Arif oğlu iyulun 14-də qanları və canları ilə vətənə sipər oldular.Ertəsi gün yenə şəhid xəbəri gəldi. Bu dəfə isə MAXE İsmayılov Nazim Əfqan oğlu şəhadət yolçusu oldu. Bir ölüb min dirilən qəhrəmanlar əmanət olan vətən torpağına sahib çıxdılar. Yenə də Azərbaycanın dörd bir yanına şəhid xəbəri yayıldı. Xalq öz şəhidlərini izdihamla qarşıladı. Hər biri bir qəhrəmantək tarixə həkk olunan bu şəhidlərin cismi vətən torpağına tapşırılsada, onların ruhu vətən səmasına ucaldı. Bizlər bu şəhidlərin ruhlarını şad etmək üçün çalışmalıyıq. Onlar Qarabağı azad etmək üçün ömürlərini vətənə fəda etdilər. Gözləri ilə o azadlığı görməyən bu qəhrəmanların ruhları azad olan Qarabağda dolaşmalıdır. Bizlər xalq olaraq şəhidlərimizin qisasını almalı və azadlıq müjdəsini onların məzarı önündə onlara çatdırmalıyıq.
Hələ də Tovuz rayonu düşmənin ardı-arası kəsiləməyən atəşinə məruz qalır. Düşmənin mövqelərimizə açdığı atəşin qarşısı hər vəchlə alınır. Tovuza və bütün Azərbaycan torpaqlarına əsgərlər öz canları ilə canlı sədd çəkiblər. Xalq da öz ordusunun yanında olduğunu açıq-aşkar nümayiş etdirir. Bu birliyin bəhrəsi zəfər olacaq. Çünki əzmin gücündən zəfər doğar.
Manya Səxavətqızı

İNTİQAM ZAMANIDIR

Haray çək vətən oğlu,
İntiqam zamanıdır.
İllərlə gözlənilən,
Həmin qisas anıdır.

Dünyanın gözlərindən,
Pərdələr söküləcək.
Vətənin azadlığın,
Hər kəs bayram edəcək.

Sil gözünün yaşını,
Şəhid verən vətənim.
Bu gün matəmin deyil,
Zəfər günündür sənin.

Adını ucaldacaq,
Tökülən şəhid qanı.
Vətəninə can olar,
Şəhidin gedən canı.
Müəllif :MANYA SƏXAVƏTQIZI

Şərh yaz