Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

5

İyulun 22-də Milli Mətbuatımızın 145 illiyi və Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

HərbiAnd.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Xatırladaq ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. İyulun 22-də Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Bütün ömrünü insanların maarifləndirilməsinə həsr edən Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Böyük mütəfəkkirin bu arzusu artıq reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyev mətbuatın inkişafına və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim yüksək diqqət və qayğı göstərir.

Şərh yaz