Azərbaycançılıq Azərbaycanın müstəqilliyini qoruyan və onu gücləndirən ideoloji sistemdir

0

Yəqin qəzetimizin daimi oxucuları “azərbaycançılıq ideologiyası” mövzusunda yayımladığımız müsahibələrdən xəbərdardı. Qeyd edim ki, bu gün məhz bu mövzuda, ümumilikdə azərbaycançılıq ideyası barədə öz fikirlərimi bölüşmək qərarına gəldim. Əslində bu sayımız üçün də müsahibə nəzərdə tutulmuşdu, ancaq yaranan şəraitdən istifadə edərək mən də öz fikirlərimi bölüşmək istədim.

Müsahib axtarışına çıxaraq üz tutdum tədris müəssisələrindən birinə və elə qapının ağzındaca kifayət qədər yaşı, müəllimlik stajı olan xanımla qarşılaşdım. “Hərbi and” qəzetinin müxbiri olduğumu, azərbaycançılıq ideologiyası mövzusu ətrafında müsahib gərəkliliyini və həmsöhbətimin məhz orta məktəb müəllimi olmasına dair fikrimi bildirərək özümü təqdim etdim. Xanım “azərbaycançılıq ideologiyası” terminini eşidəndə qapının ağzındaca donub qaldı. Handan-hana:- “Bu termin də təzə yarandı? Biz türkük, türkçülük ideologiyası var, azərbaycançılıq yox” deyəndə isə, əlavə sözün gərəksizliyini düşünərək birbaşa geri qayıtmaq istədim, ancaq anidən düşündüm ki, ən azından bu xanıma azərbaycançılıq ideologiyasının nəinki təzə termin olmadığını, hətta Şah İsmayıl Xətai dövründən üzü o yana və bu yana olan tarixindən, ideyanın formalaşmasında ulu öndərimiz Heydər Əliyevin rolundan qısa vaxt çərçivəsində bildiyim və bəhs edə bildiyim qədər açıqlama verim. Qarşılaşdığım acınacaqlı durumda bu mənim bacardığım qədər də olsa, ödənəcək vətəndaşlıq borcum idi. Xanıma izahatımı verib oradan ayrıldım. Amma bu mövzuda məqalə yazmaq fikrimdə idi.

Bu səbəbdəndir ki, qəzetimizin bu sayında azərbaycançılıq ideologiyasının yaranma tarixindən və formalaşma dövründən bacardığım qədər bəhs etmək istəyirəm.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Heydər Əliyev

Bəzi dırnaqarası ziyalılar bilməsə də, artıq özünü tanıyan hər kəs bilir ki, azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. Məhz Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. Heydər Əliyevin neft strategiyası – əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə – bütün bunlar məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi. Heydər Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Bu səbəbdən mahiyyət etibarı ilə “azərbaycançılıq” Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin, ənənələrinin, konfessiyalarının vəhdətidir. Azərbaycançılıq bütün bu millətlərin nümayəndələrini bir ölkənin daxilində birləşdirən bir ideya, bir məfkurədir. Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideyası olmaqla yanaşı, ölkədəki bütün konfessiya və etnosların həmrəyliyi və birgə yaşayışının tarixi təcrübəsidir. Azərbaycançılıq Azərbaycanın müstəqilliyini qoruyan və onu gücləndirən ideoloji sistemdir. Bundan əlavə, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Əgər bu gün Azərbaycanda azərbaycançılıq ideologiyası termini formalaşmasaydı, gərək burda yaşayan gürcülər, kürdlər, ləzgilər, talışlar, ruslar, tatarlar, hətta ermənilər və s. xalqların nümayəndələri də öz ideologiyalarını yaradaraq irəli çəkmək cəhdində bulunacaqdılar. Azərbaycançılıq məfkurəsi bizi bu kimi problemlərdən uzaq tutaraq bir bayraq altında birləşmək, qardaşlaşmaq anlayışına sahib edir.

Tarix…

Görkəmli şərqşünas, mərhum professor M.Mahmudov “Xətib Təbrizi” (1972) monoqrafiyasında X.Təbrizinin dilindən yazır: “İki il idi ki, onun (yəni böyük filosof Əbu-l-Əla əl – Məərrinin (N.Ş.) yanında idim və ölkəmin adamlarından heç kimi görməmişdim, qəflətən təbrizli qonşularımdan bir nəfər namaz qılmaq üçün məscidə daxil oldu. Mən onu görüb tanıdım və sevincimdən halım dəyişdi. Əbu-l-Əla mənə dedi: “Sənə nə olmuşdur?” Mən ona cavab verdim ki, ölkəmin adamlarından iki il idi heç kəsi görmürdüm, indi bir qonşumu gördüm. Dedi: “Dur onunla danış”… Mən durdum və onunla Azərbaycan dilində çoxlu danışdım və istədiklərimin hamısı haqqında ondan soruşdum. Mən qayıdıb onun (Əbu-l-Əlanın) yanında oturduqda məndən soruşdu: “Bu hansı dildir?” Dedim: “Bu Azərbaycan əhalisinin dilidir”. Dedi: “Mən bu dili bilmirəm və başa düşmürəm, lakin sizin danışdıqlarınızın hamısını əzbərlədim. Sonra o, qonşumla mənim danışdıqlarımızın hamısını artırıb əksiltmədən olduğu kimi təkrar etdi. Mən onun başa düşmədiyi bir şeyi necə əzbərlədiyinə son dərəcə təəccüb etdim”.

Qeyd etdiyim bu hadisə XI əsrdə baş verib. Əgər Azərbaycan dili hələ o vaxtdan məhşur və kamil idisə, deməli dilimizin işlənmə tarixi XI əsrdən daha əvvəllərə təsadüf edir. Hansı ki, bu da birbaşa azərbaycançılıq ideologiyasının yaranma tarixindən xəbər verən amillərdən biri kimi qəbul oluna bilər.

Bu baxımdan bu gün cəmiyyətin maariflənməsi, ideologiyamızın yaranma tarixindən, keçmiş və bu günündən düzgün şəkildə məlumatlanmaq üçün kifayət qədər yazılı materiallar, dəyərli əsərlər mövcuddur. Bu əsərlərin yenidən çapı, silsilə şəklində davamı olunmalı və ölkədaxili bütün tədris müəsisələrində yayımlanmalıdır. Hətta həmin əsərləri ixtisarla, “uşaq kitabxanası” seriyası üçün nəzərdə tutub da çap etdirmək olar ki, azərbaycançılıq ideologiyası barədə məktəbyaşlı uşaqlar arasında da fikir formalaşması mümkün olsun. Hətta bukletlər, proşurlar, reklam çarxları, tele-radio proqramları işlənib hazırlanmalıdır. Bundan başqa düşünürəm ki, azərbaycançılıq ideologiyasının təbliğini birinci məktəb müəllimləri arasında aparmaq lazımdır. Yoxsa qarşıma çıxan o “müəllimə” bundan sonra da öz fikrində qalacaq və arxasınca uçuruma sürüklədiyi fərdlərin sayı çoxaldıqca da bütün xalqın ideologiyasında çoküş yaranacaq.

Azərbaycançılıq ideologiyasını tərənnüm edənlər…

Ramiz Mehdiyevin “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrdə milli dövlətçilik”, “Azərbaycanda siyasət: dünən, bu gün, sabah”, Nizaməddin Şəmsizadənin “Azərbaycançılıq ideologiyası”, “Azərbaycançılıq”, Anarın “Azərbaycançılıq haqqında düşüncələr”, Yaşar Qarayevin “Milli “mən” şüuru və etnik yaddaş – azərbaycançılıq”, Azad Nəbiyevin “Azərbaycançılıq-estetik dəyərdən milli ideologiyaya”, Nizami Cəfərovun “Azərbaycanşünaslığa giriş”, Yadigar Türkelin “Azərbaycan və azərbaycançılıq”, Əlikram Tağıyevin “Milli ideya və milli ideologiya”, Asif Atanın “Azərbaycançılıq – türkçülük birliyi”, Akif Hüseynovun “Ədəbiyyat və ideologiya”, Rəhim Əliyevin “Azərbaycançılıq: dünən, bu gün, sabah”, İsa Həbibbəylinin “Azərbaycançılıq məfkurəsi yollarında”, “Möhtəşəm azərbaycançılıq dərsliyi”, Nazif Ələkbərlinin “Türkçülük, yoxsa azərbaycançılıq?!”, Səlahəddin Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Lider. Dövlət. Cəmiyyət”, Sona Vəliyevanın “Azərbaycançılıq: milli ideologiya və ədəbi-estetik təlim kimi” və “Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideyası”, Canpolad Musayevin “Azərbaycan dövlətçiliyi ideologiyası”, Mübariz Yusifovun “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Azərbaycançılıq”, Hacı Xanəli Babayevin “Azərbaycançılıq elmi-dini maarifçilik, mənəvi özünüdərk nümunəsi” və digər bu mövzunu müxtəlif aspektlərdən izah edən dəyərli əsərlər çap olunub. Qalır bu nəşrlərlə sadəcə universitet kitabxanalarında rastlaşmamaq üçün kənara çıxarılması və təbliğ edilməsi, bütün respublika kitabxanalarına, kitab evlərinə və mağazalara paylanılması. Gərəkirsə, daha doğrusu, mütləq şəkildə lazımdır ki, vətəndaşları qrup şəklində bir araya toplayıb, ödənişsiz tədris kursları vasitəsilə mühazirələr oxunsun. Milli, tarixi kimliyimizdən bu günəqədər və bu günkü müstəqilliyimizin tarixindən, atributlarımızdan və digər marifləndirmə tədbirləri aparılmalıdır. Cəmiyyətin elmə, kütlənin maariflənməyə ehtiyacı var.

Ramilə QARDAŞXANQIZI

Şərh yaz